Köhlən atlar bozqurdlara çevrilmişdi

Köhlən atlar bozqurdlara çevrilmişdi
YAZARLAR 28 Sentyabr 2017 / 20:11 5403
-  A +

Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Məmməd Araz


«Qarabağ»la «Roma» arasında möhtəşəm bir oyun oldu. Köhlən atlar bu dəfə bozqurdlar kimi
atılmışdılar meydana. Bəli, oyunu uduzduq. Amma «Qarabağ» qalib gəldi. Necə yəni, uduzduq və qalib gəldik? Darıxmayın.

Çox qəribədir, romalıların totemi qurddu. Bizim də totemimiz qurddu. Xahiş edirəm, qurdla canavarı qarışıq salmayasınız. Aralarında böyük fərq var. Birincisi, canavar adam yeyəndi, ona görə adı canavardı, yəni «cana varam». Qurdun adı isə qurddu, yəni «qurtulmaq, xilas olmaq, sona çatdırmaq». Yəni qurd adam yemir. Türklər qurda xilaskar kimi baxıblar. Yəni burda «Ergenekon dastanı» açmaq istəmirəm. Romalıların totemi dişi qurddu. Bizim totemimiz isə erkək qurddu.

Yəni dünən qurdların savaşı idi. Dişi qurdlar qalib gəldi.

Bəs, onda deyə bilərsiniz ki, niyə yazırsınız «Qarabağ» qalib gəldi? Bəli, «Qarabağ» bu oyundan qalibiyyətlə çıxdı. Nəyə qalib gəldi və ya kimə qalib gəldi?

Bizim bozqurdlar içlərindəki xofa qalib gəldilər, vahiməyə qalib gəldilər, inamsızlıqlarına qalib gəldilər. Önündəki dünyanın ən güclü klublarından birinin ruhuna qalib gəldilər. Son ana qədər çarpışdılar və dişi qurdları divara dirədilər.

İkinci hissədə «Roma» bizim qarşımızda «Neftçi»yə dönmüşdü, «Səbail»ə dönmüşdü. Nəinki oyunçular, məşqçilər də özlərini itirmişdi. Sanki önlərində yuxarıdan aşağı baxdıqları «Qarabağ» deyil, aşağıdan yuxarı baxdıqları «Barselona» idi. Bəxt də bizdən yana olmadı. Eybi yox.

Əsas odur ki, həmin gün bozqurdlar kimi çarpışan köhlən atlar qorxu sindromunu sındırdılar.

«Qarabağ»ın necə bir ağıllı və cəsarətli oyun sərgilədiyini bütün Avropaya sərgilədilər.

İtaliya çempionatı Avropanın ən ağır çempionatlarından biridi. Burda demək olar ki, komandaların yarısı çempionluq uğurunda yarışır. İkinci yer tutan komandanın məşqçisi istefa verir. Çünki onun qarşısında yüksək liqada qalmaq yox, çempion olmaq tələbi qoyulub. Yəni bizim komandalar kimi baş girləmirlər. İlin sonunda yüksək liqada qalmalarına sevinirlər. Hələ bəlkə buna görə mükafat da alırlar.
«Qarabağ», eləcə də «Qəbələ» hansı çempionatda oynayır, «Roma» hansı çempionatda: Avropanın meydanlarında at oynadan «Milan»ın, «Yuventus»un, «İnter»in, «Fiorentina»nın, «Napoli»nin… necədi sizin üçün?

Əgər «Qarabağ» doğma stadionu Tofiq Bəhramovda oynasaydı, oyun bəlkə başqa cür alınacaqdı. Bu mənim subyektiv fikrim və inamımdı.

Sosial şəbəkədə kimsə «Qarabağ»ın bir türkiyəli azarkeşinin statsunu paylaşmışdı. «Qarabağ»ın oyununu yüksək qiymətləndirən türk qardaşımız bir məsələyə təəssüf bildirmişdi. Təəssüflənirdi ki, «Qarabağ» o cür gözəl oyun göstərdi, heyf ki hələ Azərbaycanda futbol mədəniyyəti, daha dəqiq desək, azarkeş mədəniyyəti inkişaf etməyib. Azarkeşlər komandaya dəstək ola bilmirlər, 12-ci oyunçuya çevrilə bilmirlər, doğma klublarına ruh verə bilmirlər.

Türk qardaşımızın dedikləri həqiqətdi. Stadionda 60 min adam elə bil davalı kinoya baxırdılar. Bizim oyundan sonra «PSJ» ilə «Bavariya» oynayırdı. Stadion 90 dəqiqə susmadı, 60 mindən çox insan eyni mahnını oxuyurdu, eyni şüarları səsləndirirdi. Nəinki 12-ci oyunçu ey, hətta 13-cü oyunçuya da çevrilmişdilər. Çox qəribədi, Londonda «Çelsi» ilə oynayanda «Qarabağ» deyib hayqıran 150-200 fanatımızın səsi 70 minlik stadionda bütün oyun boyu eşidilirdi. Amma «Olimpiya» stadionunda bunun şahidi olmadıq.
«Qarabağ»ın Tofiq Bəhramov stadionunda pley-of oyununda aldığı dəstəyi «Olimpiya» stadionunda görmədik.

Kimisə suçlamaq fikrim yoxdu, sadəcə olaraq, vəziyyəti yazıram.

Bəli, «Roma» oyundan sonra gedib «Milan»la oynayacaq, bəs «Qarabağ» kimlə oynayacaq?! Dünən «Səbail»lə oynayan, sabah «Roma» ilə oynayır. Fərq.

Hər oyun yeni bir təcrübə qazanmaqdı. Eybi yox, uduza-uduza təcrübə qazanarıq, sonda qələbə bizimlə olar.

«Roma» ilə oyunu «Atletiko» ilə oyunda da göstərsələr, təkcə Avropa yox, elə bütün dünya «Qarabağ»dan yazacaq və danışacaq.

Uğurlar, «Qarabağ»!

Oyunun sonunda Dinonun kəllə ilə vurduğu top keçsəydi…

Aqil ABBAS, "Ədalət" qəzeti

P.S. Tamaşaçılarla bağlı fikrimi vəd etdiyim kimi, bir həftədən sonra yazacam, daha dəqiq desək, «Qarabağ»ın növbəti oyunundan sonra.

Daha çox

28.09.23

Son xəbərlər