“Tez-tez klub dəyişməyin ziyanını gördüm" - Rauf Əliyev

“Tez-tez klub dəyişməyin ziyanını gördüm" -  Rauf Əliyev
MÜSAHİBƏ 1 İyun 2017 / 14:05 6370
-  A +

Bakının "İnter" klubunun hücumçusu Rauf Əliyevin Qol.az saytına müsahibəsi

- Bu mövsüm komandaların istirahət üçün daha çox vaxtı oldu. Necə dincəldiniz?

- Çempionat tez başa çatdığından kifayət qədər istirahət etdik. Artıq məşqlərə başlamışıq. Yüngül qaçışlarla məşğuluq. Hər şey öz qaydasındadır. Komanda şəklində birləşmişik.

- Bir müddət əvvəl "İnter"in dağılmaq təhlükəsi vardı. Hazırda da klubun maddi durumu yaxşı deyil. Bu hal komandadakı ab-havaya necə təsir edir?

- Kluba yeni rəhbərlik gələndən sonra futbolçuların əhval-ruhiyəsində dəyişiklik olub. Bilirik ki, klubun rəhbəri, komandaya baxan var. Problemlərimiz tədricən həll olunur. İşlərimiz yaxşılığa doğru gedir. Klubumuza qoyulan transfer qadağasına görə müəyyən problemlərimiz ola bilər. Yəqin ki, gedən futbolçularımız da olacaq. Ancaq bu komanda çətinliklər qarşısında çox şey edib.

- "İnter"in durumu keçən il də yaxşı deyildi. Ancaq komandanız tarixində ilk dəfə Avropa Liqasında iki mərhələ keçdi. Bu il hansı nəticəyə ümid edirsən?

- Düzdür, keçən il vəziyyətimiz bundan da pis idi. Komanda cəmi bir həftə hazırlıq keçmişdi. Ancaq iki mərhələ adladıq. Bu gün isə komandamızda vəziyyət daha yaxşıdır. Yəni uğurlu nəticə qazanmaq şansımız daha çoxdur. Yenə hər şey öz əlimizdədir. Düzdür, qarşılaşacağımız rəqibdən da çox şey asılıdır. Əlimizdən gələni edəcəyik ki, ölkəmizi Avroliqada layiqincə təmsil edək. Belə bir turnirə vəsiqə qazanmışıqsa, gərək heç nəyə baxmadan mümkün qədər irəli gedək.

- Klubda maaşla bağlı çətinliklər davam edir?

- Artıq bu problem də həll olunur. Daha da yaxşı olacağına söz veriblər. Buna görə də futbolçular komandada qalmağa üstünlük verdi. Vəziyyət düzəlməsəydi, gedənlər çox olacaqdı. Biz də istəyirik hər şey qaydasında olsun ki, ancaq futbol haqda fikirləşək. 

- Bu mövsüm Topaz Premyer Liqada "Qəbələ"nin futbolçusu Filip Ozobiçlə birlikdə bombardir oldun. Yəqin ki, başqa klublardan təkliflər almısan.

- Bəli, təkliflər var idi. Ancaq əvvəldən demişdim ki, "İnter"də vəziyyət yaxşı olacağı halda komandada qalacam. Tez-tez klub dəyişməyin ziyanını gördüm. Futbolda bir ilimi itirdim. "İnter"də oyunum alındığına görə komandada qalmağı düşündüm. Yeni rəhbərlik gələndən sonra futbolçularla danışıq oldu. Bizə "İnter"də qalmağı təklif etdilər. Mən də komandanı tərk etmədim.

- Çoxları Şimali İrlandiya ilə oyun üçün milliyə dəvət alacağını gözləsə də, bu, baş vermədi. Millimizin baş məşqçisi Robert Prosineçkinin qərarına təəccübləndin?

- Düzdür, hamı milliyə dəvət almağımı gözləyirdi. Ancaq gördüyünüz kimi, futbolda hər şey olur. Əslində mənim üçün təəccüblü olmadı. Çünki belə hallarla dəfələrlə qarşılaşmışam. Artıq buna öyrəşmişəm. Buna görə də çox sıxılmıram. Millimizə də uğurlar arzılayıram.

- Şimali İrlandiya ilə oyunda millimizdən hansı nəticəni gözləyirsən?

- Millimizin üstün tərəfi odur ki, evdə oynayacaq. Biz öz meydanımızda daha yaxşı oyun göstəririk. Ancaq müəyyən problemlərimiz var. Çempionatımız artıq bir aydır ki, başa çatıb, amma milli komandamız yalnız məşqlərlə kifayətlənib. Futbolçularımız oyun təcrübəsindən əziyyət çəkə bilər. Rəqib isə tam fərqli bir mühitə gəlir. Bu sarıdan onların da çətinlikləri ola bilər. Sadaladıqlarımızı nəzərə alsaq, şansları bərabər hesab etmək olar.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər