Qara Qarayev: “Neftçi”yə keçsəm...”

Qara Qarayev: “Neftçi”yə keçsəm...”
MÜSAHİBƏ 23 Aprel 2017 / 20:58 14765
-  A +

Topaz Premyer Liqanın 27-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın xəbərinə görə, o, ilk olaraq çempionluq sevincini bölüşüb:

- Bu gün sevincliyik. Çox şeydən danışmaq istəmirəm. “Qarabağ” ailəsinin bu uğurlara layiq olduğunu düşünürəm. “Qarabağ”sevərləri təbrik edirəm. Məsuliyyətli bir iş gördük, çempion olduq. Öncəki illərdəki kimi bu il də çempionluğu qoruyub saxlamaq ağır, çətin oldu. Bizdən çox şey tələb olunacaq. İldən-ilə məsuliyyətimiz də artıb.

- “Qarabağ”ın bu il çempionluq uğrunda tək rəqibi “Qəbələ” idi. Bəs növbəti il nə düşünürsən, rəqibləriniz artacaq?

- Tam səmimi deyirəm ki, istərdim daha çox mübarizə, daha çox komanda olsun çempionatda. Amma bu, mənim həll edə biləcəyim məsələlər deyil. Əlimdən bir şey gəlmir. Nə qədər çox rəqabət olsa, bir o qədər yaxşıdır.

- Əgər çempionatda bütün klublar güclü deyilsə, mübarizə yoxdursa, komandalarımızın avrokuboklarda çıxışları da zəif olur.

- Əlbəttə, elədir. Avrokuboklarda mübarizə apardıqdan sonra Premyer Liqada oynamaq çətin olur. Düşünürəm ki, gələn il bu problemlər həllini tapar.

- Transferinlə bağlı yenilik varmı?

- Hələ ki, yeni bir şey yoxdur.

- “Neftçi”yə keçidinlə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Mən müsahibələrimdə də demişəm ki, əgər “Qarabağ”dan “Neftçi”yə keçsəm, bu transferdə klubumun razılığı olmalıdır. Mənim burda qalıb- qalmamağımı məşqçilərimiz təyin edəcək. Demişəm ki, Allah nəsib etsə, karyeramı “Qarabağ”da başa vurmaq istəyirəm. Amma qismət.. Çox istəyirəm. İstəməklə də hər şey olmur.

- Mayın 5-də Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsən?

- Açığı, qarşımızda bizə hirsli bir komanda var. “Qəbələ” çempionatdakı bütün uğursuzluqların heyfini bizdən çıxmaq istəyəcək. Bu oyunu revanş oyunu kimi düşünəcəklər.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"