Alınmadı, rəis...

Alınmadı, rəis...
YAZARLAR 13 Dekabr 2016 / 12:32 5812
-  A +

“Mən gələn kimi qərara gəldik ki, ilk növbədə cavan futbolçular yetişdirmək lazımdır. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandadada oynamırdı, indi doqquz nəfər oynayır”. Bu sözlər özünün dediyi kimi, “Azərbaycanın brendi” hesab edilən “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.

Yaxşı sözlərdir, deyilmi? Həmin vaxt dünya şöhrətli yazıçı onun futbola gəlişini birmənalı qarşılamayanlara gözəl və tutarlı cavab verərək demişdi ki, mən özüm futbol oynamayacağam ki? Çingiz müəllim həmin müsahibələrinin birində özü barədə belə bir fikir də söyləmişdi ki, o, hər yerdə birinci olmağı xoşlayır. Necə ki, bu gün dünyada ən çox oxunan yazıçı kimi birincilər sırasında gedir, onun rəhbərlıik etdiyi klub da birincilər sırasında olmalıdır. Həm də təkcə ölkə miqyasında yox! Çünki komanda uzun illərdir Azərbaycan futbolunun flaqmanı kimi tanınır. Yox, əgər klubu birincilər sırasına çıxara bilməsə, onda istefa verəcək.

Əlbəttə, detektiv janrda yazdığı romanlarla dünyaya səs salan həmyerlimizin bu sahədə əldə etdikləri qibtə hissi doğurmaya bilməz. İndiyədək onun 200-dən çox romanı işıq üzü görüb, kitablarının umumi tirajı 28 milyon nüsxəni ötüb. Yazıçının əsərləri dünyanın 30 dilinə tərcümə olunub, ssenarisi əsasında 10 film çəkilib,14 beynəlxalq mükafata layiq görülüb. Çingiz müəllimin uğurları  bunlarla bitmir. O, dörd dəfə Yazıçılar Birliyinin katibi seçilib – 28 ildir həmin vəzifədə çalışır. Çingiz Abdullayev 18 təşkilata rəhbərlik edir və ya onun həmsədridir. Belə məşhur bir ziyalının futbola gəlişi şübhəsiz ki, inkişafa və yeni bir mərhələyə qədəm qoymağa xidmət etməli idi.

Təəssüf ki, ötən üç ilin nəticələrini təhlil etdəndə hörmətli yazıçının ilk müsabibələrində dediyinin tam əksi olan mənzərə ilə üzləşərik. Çingiz müəllim Müşahidə Şurasına rəhbərlik etdiyi müddətdə Bakının “Neftçi” komandasında  bir-birinin ardınca 5 dəfə baş məşqçi dəyişilib.

Əvvəl Samir Əliyevi Əsgər Abdullayev əvəz edib...

Sonra Arif  Əsədov...

Daha sonra Vəli Qasımov:..

İndi də  Elxan Abdullayev ...

Karuselin sonu olacaqmı?!

Vəziyyət dəyişməyibsə, deməli, hələ gedib-gələnlər bir-birini əvəz edəcək. Komanda hazırda heç bir yeni oyun modeli, mübarizlik keyfiyyətləri ortaya qoya bilmir, məğlubiyyətləri sıralayır, azarkeşlər 8 iştirakçı arasında 7-ci olan sevimli klubundan üz çevirir, onsuz da boş olan tribunalar daha da boşalır...

“Neftçi”də Müşahidə Şurası yaranandan bəri komanda 59 oyunun təxminən 1/3-də, başqa sözlə, cəmi 18-də qələbə qazanıb, 14-də heç-heçəyə sevinib və... 17 məğlubiyyət! Kədərli statistikadır, deyilmi? Xüsusən də “Neftçi”yə yaraşmayan statistika...

Müstəqillik illəri bir yana, heç SSRİ çempionatında çıxış etdiyi vaxtlarda da “Neftçi”nin belə ağır duruma düşdüyünü xatırlamaq çətindir. Azərbaycan milli çempionatında həmişə mükafatlar, yüksək məqsədlər uğrunda mübarizə aparan, yarış cədvəlinin ön sıralarında görməyə adət etdiyimz komanda indi elitada qalmaq üçün mübarizə aparır. Müşahidə Şurası  sanki “Neftçi”nin turnir cədvəlinin “zirzəmisinə” yuvarlanmasını müşahidə etmək üçün yaradılıb.

Son 1 il 8 ayda baş verənlər “Neftçi”nin həyatında nikbinlik üçün əsaslı  heç nə baş vermədiyini göstərir!

Müşahidə Şurasının sədri Çingiz Abdullayev həmişə birinci olmağı arzulasa da...

Özü meydana çıxıb futbol oynamasa da...

Süleyman QARADAĞLI

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı