"Çempionluq haqda danışmaq çox tezdir" - "Neftçi"nin müdafiəçisi

"Çempionluq haqda danışmaq çox tezdir" - "Neftçi"nin müdafiəçisi
MÜSAHİBƏ 17 Noyabr 2018 / 14:54 2382
-  A +

"Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, zədədən sonrakı bərpa prosesi ilə bağlı danışan təcrübəli futbolçu komandanın çempionluq şansını da dəyərləndirib.

- Bərpa prosesi necə keçir?

- Normal keçir. Artıq fərdi məşğələlərə başlamışam, velosiped sürürəm, bəzi təmrinləri yerinə yetirirəm. Növbəti müayinədən sonra hər şey dəqiqləşəcək.

- Komandanı kənardan izləmək nə dərəcədə ağırdır?

- Yaşıl meydanlardan 2-3 ay müddətində kənarda qalmağı təsəvvürümə gətirə bilmirəm. 3 həftədir oynamıram, artıq mübarizəyə qoşulmaq istəyirəm. Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdır. Amma neyləmək olar?! Bu, futboldur.

- Sizcə, iki dövrənin yekununa görə komandanın turnir cədvəlində birinci yeri tutub, qış fasiləsinə lider kimi yollanmağı nə dərəcədə vacibdir?

- Çox vacibdir. Komandada qalib ruhu olacaq. Həm də fasiləyə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çempionatın sonunu da yüksək notlarda keçirmək önəmlidir. Çox istərdim ki, bu bizdə alınsın.

- Sizin yoxluğunuzda "Neftçi”nin çıxışını necə qiymətləndirirsiz?

- Əsas odur ki, komanda xallar qazanır. Bunun mənimlə və ya mənsiz olması önəmli deyil.

- Çempionluq şansı nə dərəcədə realdır?

- İndi bu haqda danışmaq üçün çox tezdir. Qarşıda hələ çox oyun var. Biz isə ən yaxın izləyicimizdən cəmi 3 xal öndəyik. Çempionluq haqda mövsümün sonuna 2-3 tur qalmış danışmaq olar.

- Mövsümün bu mərhələsində "Neftçi”nin lider olacağını gözləyirdiniz?

- Təbii ki, çempionluq uğrunda mübarizə aparacağımızı düşünürdüm. Ona görə də birinci yerdə olmağımız təəccüblü deyil. Turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirməliyik. Liderliyə yüksəlmək çətindir, onu qorumaq daha da çətindir. İlin sonunadək keçiriləcək 3 turdan 9 xal toplamaq lazımdır. İlk dəqiqədən sonadək oyuna köklənməliyik. Azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədə çata bilərik. Hamımıza – klub rəhbərliyinə, komandaya, doğmalara, yaxınlara və azarkeşlərə uğurlar! Arzu edirəm ki, bu mövsümü birinci pillədə bitirək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı