Katalizator, tiran - Katalin Tira
[27.10.2016]

Anar ŞABANOĞLU

Buna qədər Rumıniyadan kənarda, demək olar ki, heç kimin tanımadığı 22 yaşlı hücumçu artıq bir çox ölkəyə səs salıb. Təəssüf ki, futbolçu qabiliyyəti ilə yox, başqa məsələyə görə...
 
İndiyə kimi meydana çıxan azarkeşlərin stüardlarla "qaçdı-tutdu” oyununu dünyada çox görmüşük. Belə hallarda idmançılar azarkeşləri qucaqlayır, ən azı stüardları daha nəzakətli davranmağa çağırırlar. İndiyədək hansısa oyunçunun meydana girən azarkeşi vurduğu yadıma gəlmir. Amma bu hadisə Azərbaycan çempionatında baş verdi.
 
“Neftçi”nin rumıniyalı forvardı Katalin Tira "Qarabağ"a uduzduqları oyunun sonunda meydana çıxan azarkeşi yumruqladı. Maraqlıdı ki, yanında olan komanda yoldaşı Rəhman Hacıyev də onun qarşısını almağa çalışmadı. Gənc azarkeşi azğınlaşan rumının əlindən "Qarabağ"ın futbolçuları aldı. Nurlan adlı bu azarkeşi “Neftçi”sevərlər yaxşı tanıyırlar. Ötən mövsüm "İnter"lə görüş bitdikdən sonra onu Araz Abdullayevlə Rahil Məmmədov döyüb. Amma nə onda, nə də indi Nurlan futbolçuları vurmaq fikrində olub. Ötən il futbolçulara "bu formanın dəyərini verə bilmirsizsə, çıxın gedin" deyib. Bu dəfə isə nə dediyini bilmirəm. Əslində, heç deməyə macal da tapmadı. Meydana çıxan kimi, Tira yumruğu ilişdirdi...
 
Televiziyadan gördüyüm qədərilə o, heç nə demədi və ya Tiraya yaxınlaşıb hansısa aqressivlik etmədi. Nurlan sevimli komandasının uğursuzluğuna etirazını meydana çıxmaqla bildirirdi. Əlbəttə, bu düzgün iş deyil. Amma Tiranın fanatı niyə vurduğu hələ də hamıya qaranlıqdı. Rumın futbolçu oyundan sonra Nurlanın "Qarabağ" azarkeşi olduğunu zənn etdiyini və buna görə onu vurduğunu bildirir. Əlbəttə, tiranlıq edən Tira daşıdığı formanın və nömrənin vaxtilə Anatoli Banişevski kimi əfsanəyə məxsus olduğunu bilmir, aranı qatdıqdan sonra ağlına və ağzına gələni danışır. Komanda yoldaşına bəraət qazandıran Rəhman Hacıyev isə özü də azarkeşi vurmaq fikrində olduğunu deyir...
 
Qeyd etdiyim kimi, ötən il Araz Abdullayevlə Rahil Məmmədov da “Neftçi” azarkeşini döymüşdülər. Həmin vaxt futbolçular layiq olduqları cəzanı almadıqlarından özbaşınalıqlar davam edir. Düzdü, matçdan sonra baş məşqçi Elxan Abdullayev Tiranın komandadan qovulacağını bildirdi. Lakin dünən açıqlanan rəsmi bəyanatda rumın legionerin yalnız məşqlərdən kənarlaşdırıldığı bildirilir. Təkcə bu məqam komandada baş məşqçinin söz sahibi olmadığını göstərir. Əslində, bu, aldığı pulun qarşılığını verə bilməyən legionerlə müqaviləni birtərəfli qaydada pozmaq üçün əla fürsətdi. Tira çempionatda keçirdiyi 8 oyunda cəmi 1 qol vurub. Onu da "Kəpəz"in qapıçısı Tadas Simaitisin kobud səhvindən sonra boş qapıya. Bir vaxtlar "Udineze"nin yeniyetmə, "Latsio"nun gənclər komandasının şərəfini qoruyan, perspektivli sayılan forvard böyük futbola uygunlaşa bilmir. Təsadüfi deyil ki, çıxış etdiyi 3 mövsümdə cəmi 2 qol vura bilib. Bu da 2014-15 mövsümündə Rumıniya "Braşov"unda olub. Bundan əvvəl çıxış etdiyi Hollandiya "Den Haaq"ında və daha sonra vətənində şərəfini qoruduğu "Konkordiya" ilə Buxarest "Rapid"ində qol hesabını aça bilməyib.
 
Görəsən, belə "qolçunu" "Neftçi"yə hansı ağılla götürüblər?! Ziyanın yarısından qayıtmaq üçün indi gözəl şans yaransa da, başını itirən klub rəhbərliyi yenə də nə edəcəyini bilmir. Halbuki rumın legioneri nəinki klubdan qovmaq, hətta cinayət məsuliyyətinə cəlb etmək üçün də yetərincə hüquqi əsas var. Bu an "Neftçi" rəhbərliyi ya Tiranı göndərməli, ya da özü istefaya getməlidi! Daha real variant isə Katalinin katalizatorluğunun həm özünün, həm də klub rəhbərliyinin "Neftçi"dən qovulmasıyla nəticələnməsidi...


Anar ŞABANOĞLU

P.S. Tira Banişevskini tanımasa da, həmyerlisi Adrian Nyaqanı bəlkə tanıya. Nyaqa "Neftçi" tarixinin ən yaxşı legionerlərindən biri kimi azarkeşlərin ürəyində taxt qurub. Tira isə yadda qalsa-qalsa, bu rüsvayçı olaya görə qalacaq.

10849 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün