"Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
[07.10.2016]

Etibar Cəbrayıloğlu

Bizi həmişə şair xalq kimi tanıyıblar. Heç görmədim kimsə desin ki, Azərbaycan xalqı futbol oynayan xalqdı. Yəqin heç sizin də rastınıza çıxmayıb. Hətta Kamran Ağayevin Portuqaliya çempionatında penalti qaytarması da çətin ki, dünyanın bizə qarşı fikrini dəyişə.

O qədər şair xalqıq ki, tək günlər bəstəkar, cüt günlər müğənni olan Elza Seyidcahan da şeir yazır.

Bir əlim qabağımda,
Bir əlim dalımda...

Ötən gün Elza xanımın bu yeni şedevri ilə tanış olanda öskürmək məni necə tutdusa, az qaldılar üstümə “Təcili yardım" briqadası çağıralar. Şair xalqın yetirməsi kimi ömür sürməyin belə çətinlikləri olmaya da... Yoxsa bir para adamlar başlayıblar “xalq komandası", nə bilim, daha nələr... Ramil Diniyevin “Beloçka"dan qiymətli fitinə and olsun, adam tanıyıram ki, oğlu əmək təlimindən “4" alan gün axşam restoranda 70 nəfərlik qonaqlıq təşkil edir, məclisdə 84 nəfər bəs deyincə yeyib-içir. Amma necə olur ki, “Xalq komandası" futbol oynayanda stadionda 14 tamaşaçı gözə dəyir?

Cəmi 8 klubun top qovduğu çempionatda “Neftçi"nin işləri heç yaxşı getmir, komanda turnir cədvəlinin zirzəmisindən çıxmağa çalışır. Zirzəmidən aşağıda isə lap dərin zirzəmi - 1-ci divizion var. AFFA və PFL “Neftçi"nin həmin dərin zirzəmiyə düşməsini istəmirlər. Ağlınıza dərhal başqa fikir gəlməsin, “Neftçi" üçün ürəkləri yanmır e, sadəcə... 1-ci divizion dediyimiz yarışda SOCAR-ın o qədər komandası var ki, növbəti mövsümdən “Neftçi"də onlara qarışsa, basırıq olacaq. Lap aşağı divizion nöyüt iyi verəcək. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, indi hakimlərə də açıq-gizli tapşırıq verə bilmirlər. Zəmanə yaman xarab olub, hakimə bir şey pıçıldayan, göz-qaş atan kimi mətbuat aləmi qatır, referiləri bir həftə tənqid edirlər. Sonda nə olur?

Heç nə, onda da Hakimlər Komitəsinə başçılıq edən Xaqani Məmmədovun işçiləri nöyüt iyi verir.

Ona görə də futbolumuzun başbilənləri gecə-gündüz, şənbə-bazar bilmədən baş sındırılar, “Neftçi"ni bu durumdan xilas etmək üçün yollar arayırlar. Klubun idarəçiləri isə baş sındıra bilmirlər, çünki mövsümün siftəsindən başları ağrıyır. Müşahidə Şurasının hörmətli sədri Çingiz Abdullayev doğma ana dilimizdə tərtəmiz deyir ki, druzya, mən yazıçıyam, işim-peşəm mövzu axtarmaq, cümlə qurmaqdı. Baş məşqçi, futbolçu axtarmaq, problemlərdən çıxış yolu tapmaq mənlik deyil. Müşahidə Şurasının digər rəsmiləri də deyirlər ki, günah oyunçuların özlərindədi, əvvəllər yenə maşınla piyada vururdular, “Neftçi"nin adını belə hadisələrdə reklam edirdilər. İndi nə qol vura bilirlər, nə də adam...

“Kəpəz"i məğlub edəndən sonra görəsən klubda işlər qaydasında gedəcəkmi? Bu sualın cavabını tapmaq ölkə kubokuna sponsor tapmaq kimi xeyli çətin məsələdi. Çempionatda yaranan fasilədən sonra klub düzəlsə nə yaxşı, düzəlməsə...

Düzəlməsə, “Neftçi" öz əzəli rəqibinə çatacaq, “Xəzər Lənkəran" kimi dağılıb gedəcək. Klubun 14 azarkeşi də meyxana fikirləşməyə, şeir yazmağa məcbur olacaq.
“Xalq komandasının" tərəfdarları qoşulacaqlar şair xalqın sıralarına...

Etibar CƏBRAYILOĞLU
«Het-trik news» qəzeti

11618 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
16.09.2018  10:50 Bizi deyirlər...
15.11.2017  17:07 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
11.11.2015  13:08 Arayış
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!