Kamran Ağayevə... [03.10.2016] Aydın Bağırov 31 yaşı var. Karyerasının bəlkə də ən gözəl dövrü geridə qalıb. Amma irəlidə də ola bilər. Cəmi bir həftə əvvəl “Portu” ilə oyunda etdiyi bir kobud səhvə görə adama o söz qalmadı deməsinlər. Dünən bir penalti qaytardığı üçün tərifin uzunluğu az qala Bakıdan "Boavişta"nın təmsil etdiyi Portuya gedib çatıb. Nə isə. Biz belə dünyada yaşayırıq... İstəyəndə göyə qaldırırıq, istəyəndə ordan endiririk. *** Üstündən xeyli keçib. İndi nə deyəsən? Yenə Kamran oynayır. Onu futbolsuz qoyanlar hardadı, bilən yoxdu. *** “Bakı”, “Kayserispor”, “Karşıyaka”, “İnter”… Son illər uğursuz çıxış etdiyi klubların siyahısıdır. Görün, vəziyyət hansı həddə gəlib çatmışdı ki, cəmi iki ay əvvəl “Sumqayıt”la müqavilə bağlamaq məcburiyyətində qalmışdı. Tanrı üzünə güldü, bəlkə də rəhmi gəldi. Ondakı istedadın boş-boşuna məhv olub getməsinə qıymadı. Qəfil nə baş verdisə, birdən Portuqaliya klubuna keçdi. Kimin əziyyəti olubsa, “sağ ol” deyirik. Azərbaycanın futbol bataqlığından çıxarıb Avropanın ən güclü çempionatlarından birinə göndərdilər. Azərbaycanda heç bir futbolçu yatsa, yuxusunda da görə bilməzdi bunu. Böyük bir şans yaranıb. İşləri də hələ ki, pis getmir. Əsas odur meyxana mühitindən uzaqlaşıb. Əsas odur, gec də olsa, Azərbaycanın “futbol xəstəxanası”ndan çıxıb sağlam bir futbol ölkəsinə düşüb… Bir futbolçü üçün daha nə lazımdır ki? Bundan sonra ancaq oynamaq. Futbolla yaşamaq. Futbolla nəfəs almaq. Özünü sübut et, Kamran. Sən bacararsan! Aydın BAĞIROV 12950 dəfə baxılıb |