“CBC Sport”un 1 yaşına [30.09.2016] Aydın Bağırov İşçilərinin sayı nə qədərdi? Əllimi, altmışmı, yüzmü? Bəlkə də daha çoxdu.. Hə, kiçik də bir studiyaları var. Bir də təbii, şefin ayrıca otağı. Orda olmamışam, amma şübhə etmirəm ki, o da bir nəfər üçün kiçik bir otaqdı. Dəbdəbəli deyil yəni. Vəssalam! Amma biz televizorun qarşısında divanda rahat oturub çay, kofe, pivə içə-içə futbola baxanda elə sanırıq ki, yəqin bunların onlarla otağı, “Eurosport” qədər lüks şəraitləri var. Lap ən pis halda olsun, “İdman Azərbaycan”dakı qədər... Efirdi axı, aldanırıq. Amma ağlaşma qurub şikayət eləmirlər. Öz işlərini bilirsiniz necə sevirlər? Dəlicəsinəmi deyim, manyakcasınamı deyim, bilmirəm... O darısqal otağa yığışan insanlar əl-ələ, çiyin-çiyinə verib hər gün bizi keyfiyyətli futbol (həm də efir!) izləməyə çağırır, bacarıqları ilə artıq həm də məcbur edir... Və o insanlar olmayan şəraitləri ilə günbəgün, saatbasaat təkcə peşəkar bir idman kanalı yox, həm də bir ocaq yaradıblar. İdman telejurnalistikasının istedadlı nümayəndələrini öz ətrafına toplayan ocaq. Və o ocaq o qədər alovludu ki, onun istisinə hamımız qızışa bilirik. O ocaq bizimdi... O kanal bizimdi. Sənin, mənim, hamımızın... |