Bizim Rəşad
[16.09.2016]



Rəşad Sadıqov Azərbaycan tarixinin ən yaxşı futbolçusudur. Bilirəm, əks arqument gətirənlər çox olacaq. Nə bilim 4 qol  belə və ya hansısa medal əyarı qabardıla bilər.

O, bəlkə də daha uğurlu karyera qurub güclü çempionatlarda top qova bilərdi. Amma...

Eyni zamanda inandığı, dəyər verdiyi insan üçün ən çətin məqamda əlini daşın altına qoymaqdan çəkinməyəcək qədər də mərd biridi..

Bu insan karyerasında ağlagəlməz keşməkeşlərdən keçib. Çox erkən yaşında klubda və millidə kapitan olmaqla ağır məsuliyyətin altına girib. Ukrayna məğlubiyyətində pərdəarxası olaylarda günahlandırılıb. Bəziləri isə cəmiyyətdə onun barəsində başqa obraz formalaşdırmağa cəhdlər edil. Ardınca yenə də əsaslandırılmadan futboldan uzaqlaşdırılıb. Amma yenə də idmandan kənarlaşmayıb, həyatdan ümidini qırmayıb. Bəlkə də çoxlarının mənən sınacağı məqamda o xarakter nümayiş etdirərək hətta basketbolla məşğul olacaq qədər əqli emosiyaları aşıb, bəlkə də incə bir kəndirin üzərində hərəkət etdiyinin fərqinə varmayıb, amma yıxılmağı ağlından belə keçirməyib..

Karyerası boyunca on dəfəyədək (!) əməliyyat olunub. Amma yenə də dirəniş göstərib, hər dəfə, sözün hər anlamında, ayaqda qalmayıb bacarıb.

Uğursuzluqlara səbəbkar göstərildiyi zaman heç vaxt bəhanələr arxasında gizlənməyib, səhvlərini etiraf etmə səmimiyyətini (bəlkə də cəsarətini) göstərib. Haqlı-haqsız durumlarda belə təzyiqi öz üzərinə götürüb, həqiqətlərdən qaçmayıb.

Futbolu idman prinsipləriylə yaşayıb. Bir oyunda komandası qol vurduğu zaman “fair-play”ə uyğun olmadığı üçün hakimə qolu qeydə almamağı söyləyəcək, millinin qarşılaşmasında qapıçımız vaxtı uzatdığı zaman bunu əngəlləyəcək qədər futbola idman ruhu daşıyıb.

Etiqadı, dini inancları dəfələrlə müzakirə olunub, az qala etiqad banisi kimi göstərilib, başqalarının zehninə təsiredici biri kimi göstərilib,futboldan ön plana keçirilib. Amma komandasındakı istənilən zidd etiqadlı yoldaşı belə onun inancının təzyiqini əsla görməyib. Onunla ünsiyyətdə olan kimsə əsla bunu iddia edə bilməz..

Və onun performansının müzakirəsi... Neçə illərdi Rəşadın artıq futbolla vidalaşmasının vaxtının çatdığını söyləyənlər hər dəfə onun əzmkarlığını gördükdə... Sədəcə, susublar!

O qədər eşitmişəm ki... “Rəşad futbolu qurtarmalıdı” kimi replikaları.

Amma hər dəfə sübut edir ki, onu futboldan silməklə tələsirlər. Dünən “Slovan”la oyunda kapitan bunu bir daha təsdiqlədi... Öz peşəkarlığı, xarakteri ilə...

O, futbol tariximizin mübağiləsiz ən yaxşı müdafiəçisi olduğunu yenə sübuta yetirdi.

Özü də 34 yaşında!
 
34 yaş.. Bu yaşda Premyer Liqamızda bir azərbaycanlı futbolçu tapılmazkən o hələ də yeni zirvələrə cığır açır..

Zamanı gələndə, təbii ki, millidə 100-dən çox oyun keçirən (yuxarıda sadalananlara rəğmən) yeganə futbolçu Rəşad Sadıqov da butslarını mismardan asacaq. Və o zaman biz xarizmatik, əsl liderlik keyfiyyəti olan futbolçumuzu minnətdarlıqla xatırlayacağıq. Və onda, artıq əfsanə 14 nömrənin oyunlarını canlı izləmə şansımız olmayanda gedən qatarın taqqıltısı payız xəzanının üzüntüsünü gətirəcək...

Nurlan İBRAHİMOV

10622 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI