Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində gördüklərim
[30.08.2016]

Erkin İBRAHİMOV

“Dənizlispor” –azərbaycan azarkeşi üçün heç də yad olmayan bir klubdur. Son illər ərzində burada Rail Məlikov, Arif İsayev və Saşa Yunisoğlu kimi həmyerlilərimiz uğurla çıxış etmişdirlər. Bu yaxınlarda "Turan" klubunun keçmiş rəisi İman Həsənovla Dənizliyə birgə səfərim zamanı mən bu şəhəri klubunun mətbəxinə nəzər salmağa cəhd etdim və öz təəssüratlarımı bölüşməyi qərara aldım.

Bəri başdan deyim ki, Dənizliyə səfər azərbaycanlı futbolçuların transferi ilə əlaqədar deyildi. Əlbəttə, Ruslan Abışovun “Rubin” komandasına transfer olunması, futbolcularımızın Baltikyanı ölkələrə göndərilməsi ilə bağlı təcrübəmi nəzərə alsaq, bu cür imkan gələcək perspektivdə də mövcuddur. Təəssüflər olsun ki, ötən ildən futbolçularımız Türkiyənin birinci liqasında legioner hesab olunurlar. 2015-ci ilə kimi Azərbaycan və digər türkdilli dövlətlərindən olan futbolcular Türkiyənin birinci liqasında yerli oyuncu status altında çıxış edirdilər.

“Dənizlispor”u təmsil edən və adı xatırlanan üçlükdən savayı, Türkiyənin birinci liqasında Cavid Hüseynov, Rəhman Hacıyev, Kamran Ağayev, Mahir Şükurov, Amit Quluzadə, Cavid İmamverdiyev çıxış edirdi. Azərbaycan pasportundan istifadə edərək Türkiyədə yerli oyunçu statusu ilə Branimir Subaşiç, Usim Nduka, hətta AnatoliyPonomaryov oynamışdı. İndi isə “dükan” bağlanıb və hazırda birinci liqada Azərbaycandan bir oyuncu belə yoxdur. Düzdür, “Manisaspor”da Uğur Pamuku, həmin “Dənizlispor”da isə İlter Taşkın çıxış edirlər. Lakin bu oyunçular Azərbaycan futbolunun yetişdirdiyi idmançılar deyil və Türkiyədə yerli oyuncular kimi qeydiyyata alınıb. Bilmirəm, hüqüqi baxımdan bu nə dərəcədə düzgündür...

Türk klublarını da başa düşmək olar. Sırf idman baxımından braziliyalı və fransalı futbolcu almaq klub üçün daha cazibədardır. Axı uzun illər ərzində heç bir azərbaycanlı futbolçu birinci liqadan Superliqaya transfer olunmayıb. Halbuki birinci liqanı təmsil edən klublarının əksəriyyəti perpektivli legionerləri məhz gələcəkdə satmaq üçün alırlar.

Bu hələ demək deyil ki, yaxın illərdə Türkiyədə heç bir futbolcumuz oynamayacaq.




Dənizliyə səfər köhnə tanışım, holland futbolçu Leandro Kappelin transferilə bağlı idi. Son illər Yunanıstan Superliqasında çıxış edən Kappel oyun üslubuna görə bizə yaxşı tanış olan Leroy Corcu xatırlayır. Hər ikisi də əslən Surinamdandı, hər ikisi də cihan yarımmüdafiəçisidi. Əslində Kappeli Azərbaycan klublarına tövsiyə etmək istəyirdim. Amma bizimkilərin transfer siyasəti ya inhisardadı, ya da seçim apara bilməyən insanlara etibar olunduğundan Kappel indi bizi deyil, türkiyəli fanatları sevindirir.

Səfər zamanı azərbaycanlı futbolcular haqqında da diskussiyalarımız olurdu. Konkret ad istəyirsizsə, “Dənizlispor”da Amil Yunanov barədə yüksək fikirdədilər.  Klubun yeni baş məşqçisi isə Səlahəttin Dərvənddi. Bu ad da bizə çox tanışdı. Türk mütəxəssis bir ara “Turan”ın baş məşqçisi idi və Tovuz klubunun bərbad maliyyə durumlarına baxmayaraq, gözəl bir kollektiv yarada bildi. Dərvənd Azərbaycanı, azərbaycanlıları sevən birisidi. Ona görə də sabah hansısa futbolçumuz “Dənizlispor”da peyda ola bilər.

Transfer məsələsini nizama qoyduqdan sonra klub rəhbərliyinin dəvətinə əsasən mən daha bir həftə Dənizlidə qaldım və bu vaxt ərzində Türkiyədə klub işinin necə qurulması haqqında daha çox məlumat əldə etməyə çalışdım. Əlbəttə ki, türk klub futbolu modeli heç də ideal klub modeli sayılmamalıdı. Azərbaycanda olduğu kimi, Türkiyədə də klublar ani nəticəyə nail olmaq üçün bir gün ilə yaşayırlar. İdarəetmə planında müqayisə apararkən türk klub futbolunun fərqini və üstünlüklərini nəzərə almaq heç də çətin deyil.

Klubun rəhbərliyindən başlayaq. Prezident Süleyman Urkay – şəhərdə yaxşı tanınmış iş adamıdı. Dürüst, reputasiyası möhkəm olan birisidi. Üç il əvvəl o, vəzifəsini tərk etdi, indi isə yenidən həmin vəzifəyə seçildi. Bəli, təyin olunmadı, məhz seçildi! Urkaya biznesmen – qardaşı rəhbərlik etmir və o sponsor olan hər hansı bir dövlət müəssisəsinin CEO ilə eyni sinifdə təhsil almayıb. Məhz buna görə də,  “Dənizlispor” konqresi səs çoxluğu ilə Urkayın namizədliyini irəli sürüb. Təsəvvür edirsinizmi, klubun konqressi?! Baxın görün, klubun prezidentini nə qədər insan seçir. Ümumən 52 nümayəndə səsvermə hüququna malikdir. Azərbaycanda isə AFFA-nın prezidentini da ondan az sayda nümayəndə “seçir“. Klubun prezidenti ilə yanaşı, İdarə heyəti da təsdiq olunur. Mahiyyət etibarilə bu qurum elə  AFFA-nın klublarımıza Müşahidə Şurası adı ilə sırıdığı bir formatdı. Ortada ciddi bir fərq var. İdarə heyətinə daxil insanların hamısı kluba real maddi yardım resurslarına malikdilər.



Misal üçün, İdarə heyətinin üzvlərindən biri – Ahmet Selvi. O, eyni adlı tikinti şirkətinin rəhbəridi. Təbii ki o oyunlara viski içməyə gəlmir. Boş-boş məsləhətlər da vermir. Əksinə, real maliyyə resursları ilə klubun gündəlik heyətində iştirak edir. Kluba pul buraxırsansa – söz sahibisən. Əksinə, bizdəki kimi klubdan maaş alırsansa – o zaman sənə qalan elə müşahidə etməkdi. Müsahidə edin, bəylər! Müşahidə edin ki, ölkənin ən köklü klubu gözümün qarşısında əzamətini necə itirir. 90-ci illərin bu məşhur reklam çarxı burda lap yerinə düşər. İdarə heyəti öz yerində, amma klubun işini bilən adamın olması vacibdi. Məsələn, klubun direktory Mehmet Əli Kəskinlər. Dəfələrlə Azərbaycanda olub. Gözəl insan olmaqla yanaşı, UEFA B lisenziyasına malikdi, yəni futbolu yaxşı bilən birisidi.






Bəli, məni düzgün başa düşdünüz. Klubun İdarə Heyətinin üzvləri arasında yazıçı Orxan Pamuk, hansısa bəstəkar və ya komik yoxdur. Bunun əvəzində maddi yardım göstərən insanlar təmsil olunub. Məsələn, İdarə Heyətinin hansısa üzvü oyunçunun alınmasına dair maddi öhdəlikləri öz üzərinə götürə bilir. Məhz bu səbəbdən İdarə heyətinin üzvləri nəticəni tələb etmək və yüksək aylıq məvacib alan baş məşqçini, klubun idarəçilərini istənilən anda sorğu-suala tuta bilirlər. Bəs, məsələn bizim “Neftçi”də vəziyyət necədir? Yazıçı, incəsənət adamları və  SOCAR əməkdaşları vaxtaşırı görüşür, futbol haqqında söhbət edir, təmtəraqlı nitqlər söyləyir və hətta jurnalistlərə necə işləməli olduqlarını öyrətməyə çalışırlar. Direktorlar, “Neftçi” klubunun idarəçiləri, ümumiyyətlə, hesabat vermirlər. Ən azı heç kim uğursuz nəticələrə, səhv transferlərə görə töhmət almır. Nəyə görə? Ona görə ki Çingiz Abdullayevdən tutmuş Bəhram Bağırzadəyə qədər heç kim öz cibinin pulunu xərcləmir. Əksinə, bunu etiraf etməsələr də, klubdan maaş alırlar. “Neftçi”  yenə uduzdu? Buna görə də, qəm etməyə dəyərmi? Bu mövsümdə alınmadısa, sponsor yenidən büdcə ayıracaqdır. Belə bir hal isə Türkiyədə, ümumiyyətlə, real deyil.




Bəs bizim digər klubların prezidentləri? Mübariz Mənsimov, Hafiz Məmmədov və Tale Heydərovdan savayı, son illərdə hansı klub prezidenti pullarını futbola xərcləmişdi?

Burada bir neçə il əvvəl Ukrayna klubunun legionerlərindən birinin danışdığı bir hadisəni xatırlamaq yerinə düşərdi. Ukrayna Futbol Federasiyasının Prezidenti Surkis bir dəfə klub rəhbərlərinin toplantısını keçirir. Toplantı iştirakçıları arasında həmin futbolçunun üzvü olduğu klubun prezidenti də olur. Klub prezidenti iş ilə bağlı bir məqama görə mübahisə etməyə başlayarkən Surkis onun sözünü kəskin şəkildə kəsərək deyir:

- Cənab, klub prezidenti, Siz elə indi öz adınızdan adından milyon dollarlıq qəbz imzalaya bilərsinizmi?

- Xeyr, mən rəhbərlik ilə məsləhətləşməliyəm….

- Əgər Siz klubun büdcəsi ilə bağlı sərəncam verə bilmirsinizsə, heç Sizdən Prezident olar? Yaxşı olar ki susasınız, nəyi necə eləməyəmiz barədə Sizin kimi klub prezidentinin məsləhətinizə ehtiyacımız yoxdur.

Əlbəttə, Azərbaycan Ukrayna, ya Türkiyə deyil. Türk klublarının teleyayıma görə aldıqları pullar bizim futbolda heç 10 ildən sonra da dövr etməz. Əlbəttə, bizdə mövsümə görə abunə və biletlər alan böyük azarkeş kütləsi yoxdur. Ancaq burda günahkar kimdir? “Neftçi” klubunun rəhbərliyi kluba gələn zaman nə vəd etmişdi? Abunənin satılması yolu ilə azarkeşlərinin sayının artmasını. Lakin “Neftçi” rəhbərliyi anlamadı ki, ilk növbədə, işin idman hissəsini təmin etmək lazımdır. Onlar klubu zəif icraçılara etibar edərək azarkeşlərin komanda üçün futbol meydanşasına axının dayanmasına nail olmuşdular.

Əslində, bu gün geniş azarkeş kütləsi nə klublara, nə də AFFA-ya lazımdır. Türkiyədə cənab Urkay azarkeşləri kluba cəlb etməlidir ki, onlar onun kluba dair xərclərini ödəsinlər. Bizdə isə azarkeşin stadiona gəlməsi HEÇ KİMƏ lazım deyil. Azarkeş kütləsi uğursuz çıxışlar zamanı klub rəhbərliyinin istefasını tələb edən qüvvədir. Hazırda  “Neftçi” klubunun rəhbərliyi matçlarda rahat oturur. Nə azarkeş var, nə də etiraz. İstəyirsən, lap hər turda 0-5 hesabı ilə uduz! Kimsə gəlib hesabatı, istefanı tələb etməz. Elə bil futbol klubu deyil, adamların şəxsi obyektidi. Bu, hər bir azərbaycanlı klub rəhbərinin arzusudu.

Həmin “Neftçi” ötən mövsümdə 6-ci yeri tutub, 3 məşqçi dəyişib və olduqca zəif legionerləri götürüb. Daha nə olsun? Azarkeşlər nə qədər etiraz etsələr də, klub rəhbərliyi komandanı, seleksiya işini yenidən eyni adamlara – Vəli Qasımova, Elnur Məmmədova həvalə edib.Və bunun nəticəsi olaraq, “Neftçi” Avropa Liqası ilə erkən vidalaşdı. Ən titullu klubumuz bu gün oyuna, heyətə cəlb olunan ifaçılara görə “Zirə” komandasına açıq aşkar uduzur. Klub rəhbərliyi isə özünü heç nə olmamış kimi aparır. Lakin Müşahidə Şurasının üzvləri kluba öz pullarını xərcləsəydilər, onlar dərhal Vəli Qasımov və Elnur Məmmədovdan hesabat tələb edərdi. Daha bir məqam – baxın “Dənizlispor” öz yeni transferlərini necə təqdim edir.





Bəyəm, bizim klublar üçün bu cür təqdimat mərasimini təşkil etmək çətindi? Yenə də qeyd olunan faktlarda türk modelinə müraciət etmək çağırışı yoxdur. Biz həqiqətən də, bir millət, iki dövlətik. Türk klublarında da futbola təsadüfən gəlmiş adamlara rast gəlmək mümkündür. Yalnız mükəmməl CV sayəsində alınan və vaxtı keçmiş futbolçular, karyerasını bitirmiş məşqçilər. Hakim biabırçılıqları və hakim mantiyası arxasında öz uğursuzluqlarını ört-basdıq etmək istəyənlər. Biz həqiqətən də bir-birimizə çox bənzəyirik.

Amma bir prinsipial məsələdə tam fərqliyik. Söhbət azarkeşlərə qarşı bəslənən münasibətdən gedir. Türkiyədə əmindirlər ki, azarkeşlərsiz futbol yoxdur. Azərbaycan klublarının rəhbərləri isə əksinə, əllərindən gələni edirlər ki, futbol matçları fanatların iştirakı olmadan keçirilsin. Türklər üçün klub –ictimai təşkilat, mədəniyyətin bir hissəsidir. Bizim klub rəhbərləri üçün klub - müvəqqəti dayanacaq, həyatda iyirmi beşinci yeri tutan məşguliyyətdir. Azərbaycanda kluba xüsusi mülkiyyət kimi baxırlar. İctimaiyyət nəsə deyir, mətbuat nəsə yazır, azərkeşlər qiyam edir – bunlardan klub idarəçiləri o qədər də narahat deyillər. Ən əsası budur ki - qardaşım (sinif yoldaşım, əmim, uşaqlıq dostum) razıdır. Ona görə razıdır ki, onun futbol ilə məşğul olmaq vaxtı və arzusu yoxdur.

Buna görə də mən futbolumuzun inkişafına böyük ümidlərlə yanaşmıram. Azərbaycan futbolunda elə bir qeyri-sağlam mühit hökm sürür ki, heç bir ağlı başında olan iş adamı gəlib futbola pulunu tökməz. Xaqani Məmmədov və onun arbitrləri bir-iki il ərzində istənilən sponsoru futbol sahəsindən qovmağa qadirdirlər. Ən əsası, nə qədər paradoksal olsa da, futbolun inkişafı real olaraq heç kimə lazım deyil. Sponsorlar futbola yuxarıdan təzyiq və doğmaları ilə dostlarını vəzifələr ilə təmin etmək imkanı kimi bir sahəyə yanaşırlar. Onların etibar etdiyi adamlar isə öz növbəsində, futbola müvəqqəti dayanacaq kimi baxırlar. Futbolu bilən, futbolun inkişafını istəyən adamları da işə yaxın buraxmazlar. Konstruktiv dialoq, başqalarının fikrini dinləmək də bunlara lazım deyil.

Elə həmin Süleyman Urkay transfer vetosunu aradan qaldırmaq üçün TFF-yə gedib, bir neçə milyon pul ödədi. Bizdə isə Mübariz Mənsimov və Hafiz Məmmədov pulları ola-ola imkan verirlər ki, klubları tarix yaddaşına köçsün. 

Türkiyədə şahid olduqlarımdan sonra bir də bu qənaətə gəldim. Türkiyə elə bir futbol ölkəsidir ki, orada klub direktoru jurnalistlərin suallarından stadiondan qaçmır. Klub rəhbərləri hər zaman ictimaiyyət ilə ünsiyyət üçün açıqdırlar və konstruktiv tənqidi müəyyən qədər qəbul etməyi bacarırlar. Milli komandanın məşqçisi gedib aylarla evində oturub, boş yerə maaş ala bilməz. Hakimlər komitəsinin sədri hər dəfə ekrana çıxıb topun əli tapması barədə nağıllar danışa bilməz. Almaniyadan gələn boşboğazlar heç bir halda federasiyada söz yiyəsi, klub rəhbəri ola bilməz.

Nə isə dostlar. İstədim sizə Türkiyədə gördüklərimdən danışım, yenə də məcbur olub Azərbaycan futbolunun problemlərinə qayıtdım. İllər keçdikcə problemlərimiz azalmır ki, çoxalır. Azərbaycan futbolunun ən böyük problemi futbolçular, məşqçilər, hətta hakimlər deyil. Futbolumuzun bəlası  yarıtmaz idarəçilikdi. Futbolu idarə etmək üçün futbolu bilmək şərtdir. Digər sahələrdə hər nə qədər bacarıqlı olursusza, olun. Məhz buna görə Azərbaycanda stadionlarda azarkeşlərin sayı azaltmaqdadı. Amma futbolu idarə edənlərdən kimisə narahat edirmi?

Erkin İBRAHİMOV

13153 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI