Arayış
[11.11.2015]

Etibar Cəbrayıloğlu

Futbolumuzun qəsdinə duranlar az idi, biri də bu yandan çıxdı. Yağışı deyirəm, yağışı. Başladısa, dayanmaq bilmir, payızın bütün planını bir-iki gündə doldurmaq istəyir.

Bakını, Qəbələni, Gəncəni deyə bilmərəm. Amma belə görünür ki, Lənkəranla ayrı haqq-hesabı var. Neçə vaxtdır işləri yolunda getməyən “Xəzər Lənkəran”a yağış da bir tərəfdən “ilişir”. Necə deyərlər, əri döyən arvadı, it də qapır bir yandan. 

FİFA-nın bu klubla “razborka”sını bilməyən bir kimsə yoxdur, bəs yağış cənublulardan nə istəyir, bilmirəm? Həftə səkkiz, mən doqquz gəlib stadionunun, bazanın qapısını kəsdirir ki, mən də varam. Deyilənə görə, əvvəllər ancaq vergi yığanlar belə tez-tez gəlirmişlər. Nə isə, məsələni qəlizləşdirməyək...

Ələyi ələnib, xəlbiri göydə fırlanan “Xəzər Lənkəran” növbəti ev oyununu da yağış altında keçirəsi olub. Bu gün Premyer Liqamızda at oynadan “Qarabağ”la günəşli havada oynamaq asan məsələ deyil, yağış altında “ağ yaşıllar”ın işi lap çətinə düşüb.

“Xəzər Lənkəran”ın çempionatın lideri ilə görüşünü izləyə bilmədim, hər iki klubun futbolçuları yağış və palçıqla mübarizə aparanda dəvət olunduğum seminardan qayıdırdım. Başıma yağış döyəcləməsə də, narahat idim. Stadiondakı qardaşlarla yolboyu tez-tez telefon əlaqəsi saxlayırdım, belə məlum olurdu ki, bircə yağış və hesab “Xəzər Lənkəran”ın əleyhinə işləyir.
Sonra qarşılaşma ilə bağlı jurnalist yazılarını, azarkeş şərhlərini oxudum, oyundan hazırlanan video özətə baxdım. Yunis Hüseynovun gənc futbolçuları Bakıda olduğu kimi, Lənkərandakı cavab görüşündə də “Qarabağ”a layiqli müqavimət göstərməyi bacarıblar. Orxan Sadıqlı, Elvin Mirzəyev, Zaman Mirzəzadə, Elnur Cəfərov, Elşən Rzazadə... oyun boyu dəfələrlə azarkeşlərin alqışını qazanıblar. Qurban Qurbanov da oyun sonrası mətbuat konfransında  lənkəranlı gənclərin mübarizə əzmini xüsusi qeyd edib.

Lənkərandakı matçı idarə edən baş hakim Rauf Cabbarovu da qeyd etmək məncə yerinə düşər. Yağış altında və gilli-palçıqlı meydanda ora-bura qaçmaq asan məsələ deyil. Oyunun 50-ci dəqiqəsində, “Qarabağ” hesabda irəli olarkən köhnə tanışımız Əfran İsmayılov cərimə meydançasında topu əli ilə önünə atıb “Xəzər Lənkəran”ın hücumunu pozub. Baş hakim Rauf Cabbarov da həmin an uzaqda yox, elə oralarda imiş, hətta əllə işarə verib ki, penalti boş şeydi, oyun davam etsə, evə bir az tez qayıdarıq. Yoxsa yağış bizİ birtəhər edəcək.
Referinin qərarında başqa bir şey axtarmağın yeri yoxdu. Hamı bilir ki, həmin gün Lənkəranda yağış yağıb, baş hakimin də başı möhkəm islanıb. Ona görə də Rauf bəy Əfranın indi dartışılan hərəkətini yaxşı görməyib.Rauf Cabbarov lazım olsa, Hakimlər Komitəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arayış da təqdim edə bilər. Komitənin sədri, dostumuz Xaqani bəy sənədlə-sübutla danışmağı xoşlayan mütəxəssis kimi yəqin ki, baş hakimdən arayış tələb edəcək.
Rauf Cabbarova bir xırda məsələni xatırlatmağa ehtiyac var, yağış yenə aranı qatmaq istəyir. Arayışı nazirlikdən alıb AFFA-ya tərəf gedəndə işini möhkəm tutsun, yağış arayışı islada bilər...

Etibar CƏBRAYILOĞLU,
“Het-trik news”  qəzeti

7977 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
16.09.2018  10:50 Bizi deyirlər...
15.11.2017  17:07 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!