Böyük İnsan, Şəxsiyyət, Futbolçu
[16.02.2015]

Rövşən Binnətli

Şəxsiyyət olmağın məktəbi yoxdur. O, insanın cövhərində olur.

Mən onu belə tanımışam – sözünün, hərəkətinin yerini bilən, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacaran, şəxsini həmişə və hər şeydən üstün, uca tutan Şəxsiyyət kimi!

Nazim Süleymanov həmişə Şəxsiyyət olub – həyatda da, futbol oynayanda da, məşqçi işləyəndə də. Şəxsiyyət olmaqla o, həyatda bir insan, futbolda bir peşəkar, məşqçilikdə bir mütəxəssis kimi sevilib. Bu üç mühüm cəhətin vəhdətindən yaranan Nazim Süleymanov Şəxsiyyəti böyükdür, özünəməxsusdur. Belə adamlara az-az rast gəlirik və bəzən bu cür insanların az olmasından gileylənir, keçmişi xatırlayıb köks ötürürük. Elə zənn edirik ki, uzaq zamanlarda onlar çox olublar. Amma xatırlanan həmin keçmişdə də insanlar ötənlərdəki insanları yada salıb, eynilə təəssüfləniblər. Çünki incilər bütün dövrlərdə az və əlçatmazdırlar.
Ona görə belə az və əlçatmazlığa təəccüblənməyib, təbii baxmaq lazımdır. Axı qiymətli daş-qaşlar adi daş-qayadan çox ola bilməz. Və qiyməti yüksək daş-qaşlar da ona görə qiymətlidirlər ki, azdırlar, nadirdirlər...




Nazim Süleymanov “Neftçi”yə 18 yaşında gəlib. Nəzərə alsaq ki, o vaxtlar “Neftçi” təxminən indiki milli komandanın missiyasını yerinə yetirirdi, həmin yaşda ölkənin bir nömrəli komandasına düşmək sadə iş deyildi. Doğrudur, əsas heyətin oyunçusuna çevrilmək təxminən bir mövsüm vaxt apardı. Lakin xüsusi bacarığı, dözümü, əzmkarlığı sayəsində İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Vladimir Mixaylovski kimi futbolçuların sırasında özünə yer elədi. Nazim Süleymanov tezliklə azarkeşlərin sevimlisinə çevrildi – oynamayanda pərəstişkarlar narahat olmağa, ondan ötrü darıxmağa başladılar. İdmançının bəlkə də ən böyük uğuru, qazancı elə budur...

SSRİ-nin süqutu, zorən cəlb olunduğumuz müharibə karyerasının parlaq dövrünü yaşayan Nazim Süleymanovu fərqli, planlaşdırılmamış başqa bir yolla addımlamağa, bütün varlığı ilə bağlandığı “Neftçi”dən getməyə məcbur etdi. Xəbər çıxdı ki, onu Moskva “Spartak”ı heyətində görmək istəyir. Hətta yeni mövsümə hazırlıq zamanı klubun məşqlərinə cəlb olunduğu bildirilirdi. 1991-in martında “Spartak” öz ölkələrinin çempionlarının kubokunun 1/4 finalında Madrid “Real”ı ilə qarşılaşırdı. Həmin vaxt Moskvada idim. Bilirdim ki, Nazim oynamayacaq, amma onu uzaqdan da olsa, görmək ümidi ilə martın 6-da “Lujniki”də keçirilən oyuna getdim. Gözüm çox axtardı, ancaq görə bilmədim və sonra məlum oldu ki, həmvətənimiz “Alaniya”da çıxış edəcək.

“Alaniya”da oynadığı 5 ildə azərbaycanlı azarkeşlər o klubla yaşadı, həyəcan keçirdi, təbii ki, Nazim Süleymanova görə. “Alaniya” ilə Rusiya çempionu adını qazanması, iki dəfə mövsümü gümüş mükafatla bitirməsi, iki dəfə Rusiyanın 33 ən güclü futbolçusu sırasına düşməsi bizi qürurlandırırdı. Uğurlu çıxışına görə Nazim Süleymanovla təkcə azərbaycanlı futbol azarkeşləri deyil, vətənpərvər hər kəs fəxr edirdi.

Paralel olaraq milli komandadakı oyunu ilə də Nazim diqqət mərkəzində idi. Azərbaycan futboluna ürəyi yananlar onun xidmətlərini həmişə xüsusi sevgi və minnətdarlıqla xatırlayırlar. Nazim Süleymanov Azərbaycan milli komandasının:

– ilk oyununun iştirakçısı, kapitanı və ilk qolunun müəllifidir (Gürcüstan, yoldaşlıq görüşü, 17 sentyabr 1992);

– ilk rəsmi oyununun iştirakçısı və kapitanıdır (Rumıniya, AVRO-1996, 7 sentyabr 1994);

– rəsmi oyunlarda ilk qolunu vuran futbolçudur (Slovakiya, AVRO-1996, 29 mart 1995).

Bunlar sırf statistik məlumatlar olduğundan bəlkə də quru rəqəm təsiri bağışlayır, amma sadalanan üç fakt milli futbolumuzun tarixinin çox mühüm parçasıdır və unudulması, başqalaşdırılması, dəyişdirilməsi mümkün olmayan reallıqdır.

Həmin görüşlərlə eyniləşdirilə bilən bir oyun da var: 1996-cı il avqustun 31-də Bakıda İsveçrə komandası ilə dünya çempionatının seçmə matçı. Rəsmi görüşlərdə ilk qələbəni qazandığımız oyunda Nazim Süleymanov fantastik reyd edərək topu qapıya vurdu, amma zərbədə azacıq dəqiqlik çatmadı. Lakin nə vaxt o qarşılaşmadan söz düşür, o epizod da mütləq xatırlanır...

Bilmirəm, 50 yaşı niyə ömrün yarısı sayırlar. Bəlkə ona görə ki, insan sövq-təbii olaraq özü özünə hesabat vermək niyyətinə düşür. Bu, əksəriyyətdə belədir. Hesabat vermək heç bir yaşda yada düşmür, amma məhz 50-də həmin hiss insanın düşüncəsinə hakim kəsilir.

Mən əminəm ki, keçilən 50 ildə əziz dostum, ruhən mənə çox yaxın olan Nazim Süleymanov onu təəssüfləndirəcək, peşman edəcək məqamlardan yayına bilib. Çünki bütün hərəkətlərində dürüst olan ziyalı insanlar həmişə mənən kamil addımlar atırlar. Kamillik zirvəsində olan əsl Şəxsiyyətlərin isə həyatı yalnız örnəkdir, nümunədir...

Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ

9400 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı