Filan qədər pul ver, yoxsa...
[05.02.2015]

Rüstəm ƏFSƏRLİ

Onların (bir-iki istisna ilə) keçmişi olmayıb, gələcəyi isə dumanlı görünür. Onlar sosial baza (azarkeş) toplaya bilmir, bacarıqlı əllərdə siyasi və iqtisadi alətdir, qazanc yeri, şantaj obyektidir. Onlar çox istedadı məhv eləyib, çox əbləhin cibini doldurub. Onlar transfer siyasəti ilə keyfiyyətsiz futbolçunun bazar qiymətini kəllə-çarxa qaldırıb, reklam siyasəti ilə isə idman mətbuatını ərköyünləşdirib, savadsızlaşdırıb, acgözləşdirib.

Və əgər bu gün futbolçu “filan qədər ver, yoxsa gedərəm”, agent “filan qədər ver, yoxsa gətirmərəm”, jurnalist “filan qədər ver, yoxsa yazaram” deyirsə, bunun günahkarı elə onlardır. İşlək mexanizm olmayan və 80-90-cı illərin “yapışdın, qopar” dünyagörüşü ilə formalaşan nəsil tərəfindən idarə edilən zombi Azərbaycan klubları.

Mətbuatın “Elnur Abdullayev – “Xəzər Lənkəran” münasibətlərini həzm etməyə çalışdığı vaxtda sualım bütün klublaradır: kimə “əfsanəmizdir!” deyə bilərsiniz?

10 il futbolda az müddət deyil. Bu 10 ildə “Ayaks” Ueslin Sneyderdən Deyli Blində qədər üç nəsil yetişdirib satıb, “Barselona”nın inqilabi “tiki-taka”sı yaranıb, çiçəklənib və solub, Gəncə iki dəfə Azərbaycan futbolunda görünüb və üfüqdən itib. Vaxtilə sehrbaz sayılan məşqçilər isə məqsədi-məramı bilinməyən komitənin adi üzvlərinə çevrilib.

 “Futbolun İnkişafına dair Dövlət Proqramı”nın qüvvədə olduğu bu 10 ildə əsası qoyulan uşaq futbol məktəbləri isə Avropanı maraqlandıra biləcək cəmi üç-dörd ortabab futbolçu yetişdirib. Onlar da “yarımçıq”. Amma legionerlərin sayı-hesabı yox, məşqçilərə/futbolçulara/agentlərə xərclənən və ciblərə axan əskinazlar sel-su kimi.

Bir siyahı var, həmişə ona baxanda şənlənirəm: Azərbaycanın yüksək liqasında ən çox oyun keçirən futbolçular. Görmüsünüzmü onu? 1-ci yer – Azər Məmmədov. Hansı komandanın əfsanəsidir? “Kəpəz”? “Şəmkir”, yoxsa “Qarabağ”? Bəs 6 fərqli komanda ilə 10 dəfə çempion olmuş Mahmud Qurbanov?

Ölkə necədirsə, vətəndaşı da o cürdür. Futbol necə idarə olunursa, futbolçusu da, məşqçisi də, funksioneri də elə yetişir. “Yapışdın, qopar” prinsipi ilə.

Amma yaxşı cümlədir, deyilmi? “Filan qədər pul ver, yoxsa...”

Nöqtələrin yerini özünüz doldurun.

Rüstəm ƏFSƏRLİ

7016 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
27.02.2015  14:39 Qurunun oduna yananlar
17.02.2015  12:52 Oçerkə layiq
12.02.2015  12:44 12 fevral, 2003
30.01.2015  13:01 Premyer Liqamızı necə sevək?
26.01.2015  12:31 Pafos və səmimiyyət
13.01.2015  15:41 Azərbaycanlı futbolçu: tragikomik personaj
06.01.2015  12:35 Elə bir il istəyirəm ki...