Elə bir il istəyirəm ki...
[06.01.2015]

Rüstəm ƏFSƏRLİ

...Milli komanda baş məşqçisinin futbolçu vaxtlarındakı kimi yaradıcı və döyüşkən olsun. Qələbələr sıralanmasa da, bu bizə yetər, çünki yerimizi bilirik.

Elə bir il istəyirəm ki... azarkeşlər stadionlar axsın. Və bunun üçün səbəb təkcə sosial şəbəkələrdə check-in və ya “Qarabağ adına getməliyik!” şüarı olmasın – çünki dərdimizi bunsuz da bilirik.

Elə bir il istəyirəm ki... klubların və onların nümayəndələrinin danışığı matçöncəsi görüşlər, matçsonrası banketlər və Klublar Komitəsinin iclasları ilə məhdudlaşsın. Çünki kabinetlər futbol oynanılan yer deyil.

Elə bir il istəyirəm ki... kimsə çıxıb Klublar Komitəsinin əsl məqsədlərini və funksiyalarını açıqlasın. Çünki bundan böyük ölçüdə xəbərimiz yoxdur, cəhalət isə müsibətdir.

Elə bir il istəyirəm ki... daha “Xəzər Lənkəran”ın qarşısında “bu klub düzəlməyəcək” cümləsini işlətməyək. Çünki bu ölkədə sıradan çempionat matçında 17 minlik stadionu doldurmaq potensialına malik yeganə şəhər hələlik məhz Lənkərandır.

Elə bir il istəyirəm ki... məşqçilər (komitəsi) İŞLƏSİN. U-15, U-17, U-19, U-21  Almaniyadan tapılanlara, öz ölkəsinə yararsız olanlara qalmasın. Çünki milli formanı yalnız onun üçün dəridən-qabıqdan çıxanlar geyinməlidir.

Elə bir il istəyirəm ki... məşqçilər ancaq taktiki gedişləri, uğurlu seleksiyaları və yetişdirdikləri futbolçularla gündəmə gəlsin. Çünki 2015-ci ildə baş məşqçi klubun ştat cədvəli üzrə əməkdaşlarından biridir, SSRİ isə artıq 24-cü ildir ki, dağılıb.

Elə bir il istəyirəm ki... Emil Balayev ilk, amma tək olmasın. Çünki öz qazanımızda qaynaya-qaynaya mətbəximizdən kənarda yaşananlardan bixəbər və uzaq qalırıq.

Elə bir il istəyirəm ki... “Qarabağ” da Avropa kuboklarında tək qalmasın. Hər həftə Bakıda interləri, arsenalları, beşiktaşları görək. Çünki Olimpiya stadionunun dolu tribunaları Çempionlar Liqasının himnini canlı eşitməlidir.

Elə bir il istəyirəm ki... ilin sonunda yuxarıdakı bəndlərə baxıb 2016 üçün yeni hədəflər seçək, köhnələrin üstündən isə “düzəldi” deyib yağlı qırmızı xətt çəkək. Çünki ölkə olaraq, buna layiqik.

O qədər də çox şey istəmirəm, deyilmi?

Rüstəm ƏFSƏRLİ,
Qol.Az saytı üçün

7689 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
27.02.2015  14:39 Qurunun oduna yananlar
17.02.2015  12:52 Oçerkə layiq
12.02.2015  12:44 12 fevral, 2003
05.02.2015  13:09 Filan qədər pul ver, yoxsa...
30.01.2015  13:01 Premyer Liqamızı necə sevək?
26.01.2015  12:31 Pafos və səmimiyyət
13.01.2015  15:41 Azərbaycanlı futbolçu: tragikomik personaj