Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
[15.08.2014]

Rövşən Binnətli

Startı qeyri-adiliklərlə zəngin Azərbaycan çempionatı II tur ərəfəsindədir. Maraqlıdır, bəs bu tur futbolsevərlərə nə vəd edir?

- İlk növbədə, sənədləri qaydasında olmayan, bu səbəbdən də birinci tur çərçivəsində oyunu təxirə salınmış “Bakı” klubunun meydana çıxacağı qeyd edilməlidir. Paytaxt derbisində azı 15 min tamaşaçının olacağı deyilir;

- “Sumqayıt” macərası” yaşamış “Qarabağ” bu turun görüşünü “doğma yurd-yuva”sından – Tofiq Bəhramov adına respublika stadionundan kənarda keçirəcək. Nə etsin, onun da alnına qaçqınçılıq yazılıb;

- “Neftçi”nin meydana uzun həsrətdən sonra qovuşduğu Kanaleslə çıxacağı pərəstişkarları üçün əsl toy-bayrama çevrilib. Deyilənə görə, təkcə çilili hücumçunu görmək üçün stadiona 20 min azarkeş gələcək;

- “Xəzər Lənkəran”ın yeni futbolçularının ayağı ilk dəfə Lənkəran şəhər mərkəzi stadionunun illərdir sahmana salınması problemə çevrilmiş müqəddəs qazonuna dəyəcək. Onların hamısı bu tarixi anın həsrəti ilə yaşayır;

- “Qəbələ” irihesablı rüsvayçı məğlubiyyətin əvəzini doğma divarlar arasında çıxmağa çalışacaq – rumıniyalı mütəxəssisin Naxçıvan futbolçuları üçün sürpriz hazırladığı barədə şok xəbərlər yayılıb;

- Naxçıvan futbolçuları demişkən, mövsümə ölkə kubokunun sahibi, Avropa Liqasının “pley-off”çusu “Neftçi”nin daşını daş üstə qoymamaqla başlayan çempionatın debütantı ilk səfərə iddialı çıxıb – əsrarəngiz Qəbələ diyarından evə əlidolu qayıtmağı planlaşdırıb;

- “Təyyarəçilər” 10 nəfərlə lənkəranlılara uduzmamışıqsa, 11 nəfərlə “Simurq”un da dərsini verəcəyik” deyir və Zaqatalaya da bu iddia ilə yollanıblar, bağışlayın, uçublar;

- “Bakı”nın təqsiri üzündən startı ləngiyən, ona görə silahları “pas atmış” “Simurq” futbolçuları AZAL-ı gəldiyi yerə təyyarə ilə deyil, avtobusla yola salacağını vəd edir – meydan sahibləri, bir nəfər kimi, deyirlər ki, qonaqpərvərdirlər, gələni əliboş qaytarmazlar;

- “Qarabağ” üzərində sanballı texniki qələbənin sevinc şokundan hələ də ayrıla bilməyən və Lənkərana da o ovqatla yola düşən “Sumqayıt”da görünməmiş eyforiya hökm sürür. Rəhbərlik nə qədər çalışır, onları ayılda bilmir;

- “Bankirlər”in də işi “qarabağlılar”dan keçir – “İnter” həm ilk turda “Qəbələ” zəfərinin təsadüfi olmadığını sübut etmək, həm də ötən il çempionluğu məhz onun üzərindəki qələbə ilə rəsmiləşdirən Ağdam təmsilçisindən heyfini çıxmaq niyyətini heç kimdən gizlətmir. Hətta bu münasibətlə bəyanat da hazırlanıb, sadəcə, açıqlamırlar. Amma lazım gəlsə, açıqlayacaqlar.

Bax, II turun ümumi mənzərəsi belədir: göründüyü kimi, azarkeşləri bir-birindən möhtəşəm mücadilələr gözləyir. Odur ki, durmayın, dayanmayın, hamılıqla stadiona tələsin. Gecikməyin, yoxsa bilet tapmarsınız...

Rövşən BİNNƏTLİ

Bakupost.az

7999 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı