Lənkəran stadionundakı “konsert” kimə və nəyə lazım idi?
[07.04.2014]

Elçin CƏLİLOV

“Xəzər Lənkəran” – “Qəbələ” matçına (1:0) baxmaqçün Lənkərana gəlmişdim. Oyuna 15-20 dəqiqə qalmışdı, mən VİP-lojadan keçib, press-lojaya getmək istəyirdim. Daha doğrusu, oyun başlayanadək VİP-lojada tanış yerli azarkeşlərlə salamlaşmaq, hal-əhval tutmaqçün bir az orada yubanmalı oldum. Bu ərəfədə “Xəzər Lənkəran” klubunun mühafizəçilərindən biri məhz mənə yaxınlaşaraq, lojanı tərk eləməli olduğumu bildirdi.

Dedim ki, oyun başlayana yaxın keçərəm press-lojaya və o, buna razılaşıb getdi öz yerinə. Mühafizəçinin tələbi normal idi, çünki jurnalist olduğuma görə VİP-lojada yox, press-lojada olmalıydım, sadəcə, maraqlı tərəfi odur ki, indiyədək dəfərlərlə o stadionda olmuşdum və elə VİP-lojadan da baxmışdım, heç vaxt gəlib elə bir tələb eləyən olmamışdı məndən; nədənsə məhz bu dəfə... Nəysə.. 2-3 dəqiqə sonra həmin mühafizəçi yenindən yaxınlaşıb lojanı qəti tərk eləməli olduğumu bildirdi və mən tələbi yerinə yetirdim. Press-lojaya keçən  kimi ordakı mühafizəçi də mənə “Press-lojaya girə bilməzsiz” – dedi. Bu məqamda artıq şübhələndim...

Mühafizəçiyə səbəbini soruşanda mənə nə deməli olduğunu bilmədi, yalnız bir az keçəndən sonra vəsiqəmin olub-olmadığını soruşdu. Bildirdim ki, vəsiqəm var. Ancaq o, lojaya keçib yerimi tutmağıma imkan vermədi, mühafizəçilərin rəisi gəldi. O da məni press-lojaya buraxdırdı... Mən bu tapşırığın hardan və niyə gəldiyini soruşdum, “Sənə nə, deyirəm olmaz da” – deyə bildirdi. Akkreditasiyamı mühafizə rəisinə göstərəndən sonra o yan tərəfdə, yuxarıya (kiməsə) baxdı və məcbur qalıbmış kimi, “Keç, yuxarıda  otur” – dedi. Mən bu qədər çək-çevirin səbəbini soruşsam da cavab vermədi. Keçib göstərilən yerdə ayaq üstə qaldım, çünki oturacaqlar təmizlənməmişdi. Mənə ayaq üstə qalmaq da qadağan edildi, birtəhər bir stulu təmizləyib, əyləşdim lojada. Ancaq press-lojanın mühafizəçisi 10-15 dəqiqə sonra yaxınlaşıb mənə bildirdi ki, rəis deyir, yuxarıda olmaz, aşağı düşsün. Mən bütün bunları təbəssümlə qarşılayırdım və anlayırdım ki, bunlar təsadüf deyil, heç mühafizəçilərin özbaşınalığı da deyil, bu, təəssüf ki, xüsusi tapşırıqdı. Hələ mühafizəçi ardıcıl aşağılayıcı tələblərindən usanıbmış kimi: “Qardaş, səni tanıyıram, gərək bu şeylərə görə bağışlayasan” – dedi. Başqa mühafizəçilər də mənə yaradılan “xüsusi narahatlığa” görə, birtəhər, “girəvə tapan kimi”, üzr istəyirdilər. Mənsə orda onlara, burda da oxuculara bildirərəm, onların təqsiri yox idi, sadəcə  tapşırıq belə idi...

Lojanın tələb olunan yerində - aşağıdakı skamyaların birində əyləşdim. Əyləşəndə mühafizəçidən icazə də aldım. Artıq matçın 70-75-ci dəqiqələri olardı, “Xəzər Lənkəran” hesabı açmışdı və narazı azarkeşlərin etiraz səsləri sevinc sədaları, şüarlarıyla əvəzlənmişdi. Bu məqamda, oturduğum yerdə anidən sağ tərəfdən mənə yumruq atıldı. Baxdım ki, bir nəfər yerə yıxılıb, durub və mənə yumruqlarını sıxıb, döyəcəyilə hədələyir.. Niyəsini soruşdum, dedi, sən mənə “padnoşka” verdin, yıxıldım. Bu, gülməli olduğu qədər də acınacaqlı durum idi... Mən o pəzəvəngə “padnoşka” verə biləcək yerdə deyildim... Bu, bayaqdan verilən axmaq “tapşırıqların” məni hövsələdən çıxarmadığını görən adamın son həmləsi idi... O tapşırıqları verən kim idisə, yəqin üstümə göndərdiyi o şəxsin mənə atdığı, ancaq tutmayan o yumruğa cavab verəcəyimi, beləcə dava düşəcəyini, qarışıqlıqda mənə xəsarət yetiriləcəyini, sonra quyruq bulayanlarıyla birlikdə, “Elçin Cəlilov stadiona təxribat törətməkçün gəlir” tipli bəyanatlar yayacaqlarını planlayırdı...

Ancaq mən yenə səbrimi toparlaya bildim və həm də lojanın mühafizəçisi, bir də VİP-lojadan ora gələn mühafizəçi olmasaydı, (o mühafizəçi “Yazdıqlarını oxuyuram, sən komandamızın düzəlməyini istəyirsən”, demişdi mənə) yəqin ki, hadisələr başqa cür də ola bilərdi. Adamı tutub apardılar stadiondan çölə. Bu an VİP-lojadakı azarkeşlər məsələnin nə həddə çatdığını anladılar. Çox sağ olsunlar, dəstəkləri dəyərli oldu...

Oyun bitdi və onlardan bir neçəsi mənə yaxınlaşaraq köməyini təklif elədi. Məni stadionu tərk edənə qədər yanımda olmağı təklif edən azarkeş də oldu. Bütün bu olanlar bir “konsert” kimi idi və mənim növbəti dəfə o stadiona getməməyimçün düşünülmüş uğursuz plan oldu. Mən bir jurnalist kimi, olanlara görə konkret təqsirkar adı çəkmək istəmirəm. Sadəcə, o klubla saytımız və şəxsim arasında iki ilə yaxındır davam edən və səngiməyən gərginliyə görə ilk dəfə klubun prezidenti Mais Mənsimova müraciət edirəm: bu məsələlər araşdırılsın. Mənsimovu centlmen biri kimi tanımışam və o da jurnalist kimliyimə, məncə, yaxşı bələddir. Düşünürəm ki, bütün bu gərginliyi, şəxsimə, işimə yaradılan və səngiməyən maneələri, problemləri kim(lər)sə qəsdən törədir. Bu vəziyyət kimlərəsə sərf eləyir... Mais Mənsimovun şəxsimə düşmən kimi davranacağına qətiyyən inanmıram. Klub prezidenti və jurnalist kimi aramızda cəmi bir dəfə şəxsən ünsiyyət olub və mövzu, onun nəticəsi görüşdə olanlara, Mənsimovun şəxsinə də yaxşı bəllidir. Ondan sonra vəziyyətin gərginləşməyi, hər dəfə gərginliyin aradan qalxması üçün verdiyimiz pauzanın qəsdən pozulmasına edilən süni cəhdlər mənə bu məsələnin ciddi araşdırılmasının vacib olduğunu aydınlaşdırdı. “Xəzər Lənkəran” mənim o stadiona gəlişimə görə narahat olmamalıdır. Olursa, mənə qarşı stadionda, ümumiyyətlə, hər imkan düşəndə yaramaz həmlələr edilirsə, bu, kimlərinsə marağındadır. Mənsimovla yığılıb qalan bu mövzularda söhbət eləməyin lazım olduğunu düşünürəm. Çox mətləblərə aydınlıq gələcək... Bu problemlər kimə və niyə lazımdı?

Elçin CƏLİLOV,
futbolpress.az

5394 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
10.02.2019  09:55 Hörmətsizliyin təsdiqi
03.02.2015  11:53 Samir Ələkbərovu axtarın...