Oyuncaq çempionat kimə sərfəlidir? [27.03.2014] Rövşən Binnətli Azərbaycan çempionatına maraq çox azdır. Bunu oyunların rəsmi protokulunda “tamaşaçı bölümü”ndəki tükürpədici rəqəmlər də sübut edir. Avropanın aparıcı demirəm, hətta ortabab birinciliklərində 2-3 oyunun azarkeş sayını, biz bütöv dövrə ərzində, 45-50 matça yığırıq. Çempionluq uğrunda mübarizə aparan komandaların görüşünə 300-500 tamaşaçı gəlirsə, təbii ki, yekun elə bu cür də olmalıdır. Niyə belədir? Futbolun hazırkı cavabdehləri bu barədə danışanda deyirlər ki, bizdə elə həmişə belə olub. İnsafən, müəyyən dərəcədə haqlıdırlar, yəni 3-5, hətta 13-15 il əvvəl də bu sarıdan korluq çəkmişik. Amma dünənki çatışmazlıqlara söykənib, özünə haqq qazandırmaq kökündən yanlış yanaşmadır. Və hazırkı “futbol iqtidarı” o kreslolarda ona görə əyləşdirilməyiblər ki, bizdə nəticələrin həmişə aşağı olmasını, futbolçuların topu qapıdan keçirməyə daim çətinlik çəkməsini, öz qapısını rəqibin üzünə səxavətlə, taybatay açmasını, bir sözlə, sadalanan və sadalanmayan fəlakətlərin milli futbolun başı üzərindən heç əskik olmamasını xatırlatsınlar. Tərəqqi dünənki nöqsan və qüsurların aradan qaldırılmasından keçir. Bəs, çatışmazlıqları kim aradan qaldırmalıdır? Komanda zəif oynayanda bacarıqlı əcnəbi futbolçular hesabına gücləndirilir. Amma nə edək ki, milli federasiyaların idarəçilik məsələsində legionerlik təcrübəsi yoxdur. Varsa da, şəxsən mən bilmirəm, eşitməmişəm. Amma olsa, pis olmazdı, “dünyəvi inkişaf konsepsiyası”ndan yararlanar, irəli gedərdik... Bu yaxınlarda bir yazı ilə bağlı araşdırma aparırdım, gözüm 2004/05-ci il mövsümünun Bakıda keçirilən “Neftçi” - “Xəzər Lənkəran” görüşünün protokoluna sataşdı – mayın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüşü 21.000 tamaşaçı izləyib. Maraq mənə güc gəldi və həmin il çempionluq uğrunda yarışan komandaların oyunlarının tamaşaçı sayını nəzərdən keçirdim. Məlum oldu ki, adıçəkilən klublarla yanaşı, “Karvan”, “Turan”, “Qarabağ”, “Bakı”nın iştirakı ilə keçirilən qarşılaşmalarda da əməlli-başlı ajiotaj olub. Gəncədə “qızıl oyun” isə 25 min azarkeşin “şahidliyi” ilə reallaşıb. AFFA-nın indiki yiyələri sələflərini tənqid edərkən deyirlər ki, onlar çempionu, kubokun sahibini, avrokuboklara vəsiqə verən yerləri əvvəlcədən bölüşdürürdürlər, ona görə milli futbol axsayırdı. Ancaq elə məsələlər var ki, orada ən güclü sübut, ən kəsərli dəlil məntiqdir. Məntiq isə həyatı “Sağ ol” pul deyil, onu xərcləmək olmur, cibindəkiləri çıxart” prinsipi ilə yaşayanlar üçün gərəksiz, əhəmiyyətsiz və heç nəyə yaramayan istinad nöqtəsidir. AFFA İcraiyyə Komitəsinin iclasından sonra ən yüksək səviyyədə səslənən fikrə fikir verək: “Çempionatda komanda sayı artırılsa, formatı fikirləşmək problem deyil”. Şərhə ehtiyac varmı? Əlbəttə, problem deyil, çünki milli futbol çempionatımızı oyuncağa döndəriblər – özü də plastilin kimi hər şəklə düşə bilən oyuncağa, istəyəndə dartıb uzadırlar, istəməyəndə yığıb gödəldirlər. Bundan sonra “Rəvan” və “Sumqayıt”ın oyunlarının hansı məcrada keçəcəyini təsəvvür etmək çox asandır. Elə ən çox anlaşılmayan məqamlardan biri də qərarın mövsümün başa çatmasına dövrəyarım qalmış açıqlanmasıdır. Bu, onsuz da sönük keçən çempionata olan-qalan marağa daha bir sarsıdıcı zərbədir. Daxildən endirilən belə öldürücü zərbəni kənardan endirmək heç cür mümkün deyil. Və qurşaqdan aşağı zərbələri, bir qayda olaraq, artıq neçə illərdir səlahiyyət sahibləri endirir. Yüksək liqanı tərk etmək qorxusu... Belə bir qorxu bizim klublar üçün yoxdur – o hisslər çoxdan ölüb, daha doğrusu, öldürülüb. Birinci dəstədən yüksəlməyə can atmaq istəyi də həmçinin. Elə olmasaydı, aşağı eşelonda qalib gələn klublarımız yüksək liqada oynamaq istəməməsinin yuxarıların anlaşıqlı (?!) qarşılamasını xahiş-minnət eləməzdi. |