Futbolda oyun satanlar
[16.01.2014]

Rövşən Binnətli

Satqınlıq!

İnsanlığa qara ləkə olan sifətlərin ən çirkini...
Çox qəbahətlər, günahlar var ki, mərhəmətli olub onları bağışlamaq mümkündür. Amma satqınlıq bağışlanmayan günahlardandır. Onu bağışlamaq, elə etmək qədər alçaqlıq, şərəfsizlikdir. Həm də fərqi yoxdur satqınlıq hansı sahədə edilib. Satqınlığın böyüyü, kiçiyi də olmaz. Kiçiyini edən, böyüyünü də edər.

Coğrafiyası geniş olan satqınlıq idmandan da yan ötməyib. Ən nüfuzlu yarışlarda belə, bilərəkdən uduzmaq halları o qədərdir ki, onları sadalamaq, sadəcə, yada salmaq həddən ziyadə vaxt aparar. Fərdi növlərdə də, kollektiv yarışlarda da satqınlığa dair onlarla misal çəkmək olar. Biz isə çox qısa şəkildə yalnız futboldakı “tarixi olaylar”dan danışacağıq.

Deyirlər, futbolda oyun satanlar lap çoxdur. Bu qənaətlə bağlı müzakirə açmağa ehtiyac duymuram, çünki mənəvi dəyərlərdən söhbət gedəndə kəmiyyət məsələsi önəmini itirir. Bir də ki, dünyanın ən nəhəng futbol klubları meydana elə özləri kimi məşhur bukmeyker kontorlarının adı yazılmış geyimlərdə çıxırsa, kəmiyyət barədə fikir öz-özünə formalaşır.

Yaxşı xatırlayıram, Mişel Platini UEFA prezidenti seçilmək üçün təbliğat kampaniyası apararkən dönə-dönə vurğulayırdı ki, ən ümdə məqsədlərindən biri bukmeykerlərin futbola uzanmış əllərini kəsməkdir. Ancaq sözügedən vəzifəyə seçiləndən bəri (yanvar 2007) bu sahədə vəziyyət daha da pisləşməyə başladı və dünya futbolunun lokomotivi sayılan Avropada da indi az qala bütün şərtləri məhz “futbol alverçiləri” diktə edir.

Cənab UEFA prezidenti isə futbola uzanmış çirkli əlləri niyə kəsmədiyini demir. Nəinki demir, heç bir dəfə də bu vədinin üstünə gəlməyib. Yalnız ara-sıra şübhəli oyunlar deyilən aldadıcı manevrlə diqqəti yayındırır, əslində, baş aldadır və göstərmək istəyir ki, guya qurum təmiz oyun üçün çalışır. Necə çalışdıqlarının isə, inşallah, Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinin yekununda hamılıqla şahidi olacağıq.

Ancaq futboldakı satqınlıqlardan bəhs etməyimin səbəbi bu deyil. Təxminən 10 il öncə tanınmış sovet şərhçisi, vaxtilə Moskva “Spartak”ında çıxış etmiş Vladimir Maslaçenko 1966-cı il SSRİ çempionatında “Neftçi” ilə oyunu kimlərinsə satdığını iddia etdi və dərhal da layiqli cavabını aldı. O vaxt işlədiyim “Lider” TV-nin idman redaksiyasında kəsərli süjet hazırladıq. Lakin 2009-cu ildə iddia yenidən gündəmə gəldi və 3:0 “Neftçi”nin xeyrinə nəticələnən oyunda qapını qorumuş V.Maslaçenkoya ən kəskin cavabı Kazbek Tuayev verdi.

“Neftçi”yə bürünc medalı qazandıran qələbəyə kölgə salmağa çalışanlardan biri də Anatoli Bışovetsdir ki, onun “gözügötürməzliyinin” mayasında komandamızın oyunçularına, xüsusilə, Tuayev və Banişevskiyə antipatiya dayanır.

Bir neçə gün öncə isə Kiyev “Dimano”su ilə dörd dəfə SSRİ çempionu adını qazanmış hücumçu Vitali Xmelnitski bildirib ki, öz meydanlarında “Neftçi”yə bilərəkdən uduzublar ki, ilk üçlükdə Moskva klubları olmasın. Həqiqətən də, həmin ilin mükafatçıları arasında SSRİ paytaxtının təmsilçisi yoxdur, ancaq bu istəyin (əgər olubsa!) gerçəkləşməsində bakılıların müstəsna rolu var – “Neftçi” ilk üçlüyə düşməyə real namizəd olan Moskva klubları “Spartak”, OMİK və “Torpedo” ilə 6 görüşün 3-də qalib gəlib, 2-də heç-heçə edib və yalnız birində uduzub. Özü də “Torpedo” səfərdə məğlub edilib. Yəni, faktlar “Neftçi”nin güclü olduğunu deyir.

Göründüyü kimi, bu yaxınlarda 50 ili tamam olacaq “bürünc-1966”nın mənfi əks-sədası kəsilmək bilmir ki, bilmir. V.Xmelnitski deyir bilə-bilə uduzduq, V.Maslaçenko iddia edir ki, oyun satılıb, A.Bışovetsin fikrincə, “Neftçi” oyunları alıb.
Təbii ki, belə yanaşma ürəyi Azərbaycan sevgisi ilə döyünən hər birimizi, azarkeş oldu-olmadı, ciddi narahat edir. Amma nahaq yerə, çünki bütün hallarda biz alan tərəfik, satan yox! Oyun satanlar, daha dəqiq desək, satqınlar bununla yalnız özlərini ifşa edirlər.

Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ

8119 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı