Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
[10.01.2014]

Rövşən Binnətli

Çox hörmətli Elçin Cəlilov, əvvəla, sizin timsalınızda 55 yaşımı təbrik edən hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Mənə “futbolpress.az” saytında ünvanladığınız təbrik məktubundakı səmimiyyəti qiymətləndirməmək, umduqlarınızı cavabsız qoymaq nə əxlaqıma, nə də etik normalara uyğun olardı.

Məktubda yazırsınız: “Mən gənc jurnalist kimi (28) sizi bu sahədə ağsaqqal kimi qəbul eləyirəm... Düşünürəm ki, “ağsaqqala hörmət” qoyulmamalıdı, ağsaqqal bunu qazanmalıdı, yəni bu titulu yaşına, başına, rəqabətsizlik mühitində ona verilməyinə qürrələnən faydasız bir “ağsaqqal” ayrı şeydi, bunu elin hörmətini qazanmaqla əldə eləyən tam ayrı. Sizinlə şəxsi tanışlığımız olmayıb, ancaq mərifətinizdən, bir sözlə ağsaqqallığınızdan səmimiliyinə inandığımız dostlar az danışmayıb... Əziz Rövşən müəllim, bizdə düz sözü, yaxud sözü düz deməyi ağsaqqaldan öyrəniblər. Mən də istəyirəm… mümkün qədər bizim ölkədəki manipulyasiyalardan yazın”.

İstəkli Elçin bəy, hər şeyə görə çox sağ olun. Məktubda toxunduğunuz məqamlardan hiss olunur ki, yaradıcılığımı izləyirsiniz. Yəqin razılaşarsınız ki, futbolumuzla bağlı sizi narahat edən məsələlər mənim üçün həmişə prioritet olub – istər şərhçi kimi, istərsə də idmandan yazan jurnalist kimi. Bunu sübut edən onlarca reportaj, məqalə, süjet var.

İllərimi verdiyim idman jurnalistlikasının bugünkü durumunun məni narahat etməyə bilmədiyini düşünərək yazırsınız ki, “Ortalığın qarğabazarına dönməyini, çox pis mənzərnin formalaşdığını və getdikcə daşlaşdığını... Sizin kimi AĞSAQQALLAR yazmalıdı”. Haqlısınız, ancaq gəlin görək, AĞSAQQAL sözünü eşitmək istəyən sizin kimi gənclər nə qədərdir? Təcrübəmdən çıxış edərək deyirəm: böyük əksəriyyət tənqidləri təsəvvür olunandan da aqressiv qarşılayır, nəinki barışmaz, hətta düşmən münasibət nümayiş etdirir. Əsas məsələ qalır bir tərəfdə, mən təftiş obyektinə çevrilirəm. Başa salmaq olmur ki, qardaş, qəbul edirəm, mən bu sahədə “piyadayam”, ancaq söhbət sənin səhvindən gedir, axı. Nəticədə nə olur, həmin yanlışlıq bir az da genişləndirilir, sanki acığa daha tez-tez təkrar edilir.

Sual olunur, futbol oyunu 90 dəqiqədirsə, 93, yaxud 94-cü dəqiqə necə ola bilər? Amma şərhlər zamanı bu və ya digər hadisənin 93, 94-cü dəqiqədə baş verdiyini deyirik. İkinci hissəyə əlavə olunan vaxtı oyunun əsas vaxtına əlavə olunmuş dəqiqə kimi xarakterizə edirik.
Onbirmetrlik zamanı deyirik ki, futbolçu ağ nöqtəyə yaxınlaşır, halbuki, o, ağ nöqtəyə deyil, topa yaxınlaşır. “Penaltidən maksimum yararlandı” ifadəsi də eninə-boyuna işlədilir və bu cür danışanlardan soruşanda ki, penaltidən minimum necə yararlanırlar, inciyirlər.
Qapıçı real qolun qarşısını alanda deyirik ki, top qapıçıya dəyib geri qayıtdı, dirəyə, tirə tuş gələndə isə dirək və ya tir komandanı qoldan xilas etdi deyirik – tam tərsinə.

Əziz Elçin bəy, nə səni, nə də oxucuları sonsuzluğa qədər uzanan belə əndirəbadilikləri sadalamaqla yormaq istəmirəm. Sadəcə, dilin gözəlliyini, saflığını, ilk növbədə, jurnalistlər qorumalıdır – qrammatik tələblərə uyğun səlist yazıları, məntiqli və şirin danışıqları ilə. Amma baş verənlər deməyə əsas verir ki, Azərbaycan dilinin arzuolunmaz vəziyyətə düşməsinin baiskarı elə biz jurnalistlərik: “çatışmazlıq” əvəzinə “çatışmamazlıq”, “narahatlıq” yerinə “narahatçılıq” deyirik, yazırıq. “Yarış” sözünü türklərdən gəlmə “yarışma” ifadəsi ilə sıxışdırmıışq və artıq “Muğamat yarışması”, “Meyxana yarışması”, “Gözəllik yarışması” kimi deyimlər adiləşib. Bəzi aparıcılar isə hətta iştirakçını “yarışmaçı” deyərək təqdim edir.

Azərbaycan futbolundakı vəziyyətlə bağlı işlədiyim “new Baku Post” qəzetində mütəmadi yazılarla çıxış edirəm. Çempionatın yalançı gərginliyindən, boş tribunalardan, milli komandanın 9 xallıq tarixi “nailiyyətindən” nə qədər yazmaq olar? Ancaq deyəsən biz məsələni çox şişirdirik: AFFA-nın Baş katibi Elxan Məmmədovun futbolda pilləkənlə qalxırlar, liftlə yox fəlsəfi açıqlamasından sonra bu qənatə gəlmişəm. Amma kaş ki, pilləkənlər bizi zirzəmiyə aparmaya.
Nədənsə bizə elə gəlir ki, pis nə varsa, özümüzdə “istehsal” olunur, yaxşılar isə bütünlüklə kənardan gəlir. Siz “ÇL-də püşk manipulyasiyası” yazıma istinadən bildirirsiniz ki, onlar bizdən uzaqdadır, odu bizi yandırmaz. Ancaq yandırır qardaş, yandırır, özü də necə: “Topaz”ın Azərbaycan premyer liqasındakı od-alovunun tüstüsü ürəyi milli futbol təəssübkeşliyi ilə döyünənlərin gözlərini yaman yaşardıb.

Soruşursunuz: “Gənc yazarların qaldırdığı problemlərdə, mövzularda iştirakçı... olmaq istəyərdizmi?” Niyə də yox, böyük məmnuniyyətlə! Nə vaxt, hara dəvət etsəniz, dərhal yanınızdayam. Mənə “ilahi ədalət” diləyi ilə uzun ömür arzulayan Elçin bəy, sizin yaşda olanda məni tez-tez özümdən böyüklərlə, yəni AĞSAQQALLARLA bir yerdə görərdilər. Bu gün gənclərin əhatəsindəyəm, sanki ətrafımda bir ordu var. Baxmayaraq ki, şəxsən tanış deyilik, görüşməmişik, sizi də gənc dostlarımın sırasında görürəm və bundan məmnunam.

Böyük sevgi və məhəbbətlə sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ

6992 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
25.12.2013  19:36 Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı