Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət [10.12.2013] Rövşən Binnətli Dekabrın 10-u günü futboldan danışan azərbaycanlı azarkeşin birinci kəlməsi, mənim düşüncəmə görə, gərək Banişevski ola – 16 il əvvəl dünyasını dəyişmiş Anatoli Banişevski! Gənc futbolsevərlərimiz Anatolini tanımır, tanıyırsa da az, səthi tanıyır. Bunu zəif təbliğatın ayağına yazmaq olar, amma özümüzə, dəyərlərimizə laqeyd yanaşmağımız da acı reallıqdır. Bununla belə, dəyərlərimizə dəyər verən dəyərli insanlarımız yox deyil: “Banişevski olduğu kimi” adlı sanballı kitabın müəllifi, sənət müəllimim Şakir Yaqubov kimi. Ancaq ciddi narahatlıq hissi ilə deməyə məcburuq ki, özümüzü oxumaq, tanımaq, öyrənmək istəyimiz, öyrənməli olduğumuz dahilərimizin böyüklüyü müqabilində ölçüyəgəlməz dərəcədə kiçikdir. Təəssüf! Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının final mərhələsinin püşkü atıldı. Mərasimdə Rio de Janeyro şəhərindən, “Marakana” stadionundan çox danışıldı. Gözləyirdim ki, dünyaca məşhur arenada 70 il Azərbaycanın da daxil olduğu SSRİ komandasının vurduğu ilk qol və təbii ki, onun müəllifi xatırlanacaq. Amma 1965-ci il noyabrın 21-i heç kimin yadına düşmədi, 18 yaşlı Banişevskinin Manqanın qapısından keçirdiyi top barədə bugünkü tamaşaçıya məlumat verilmədi. 2:2 hesabı ilə başa çatmış qarşılaşmanın videogörüntüsündə isə yalnız bircə mühüm məqam yoxdur – Anatolinin fərqləndiyi an. O da maraqlıdır ki, “9” nömrənin SSRİ yığma komandasında debütü də Braziliya ilə görüşə (4 iyul 1965) təsadüf edir. İndi hansı məlumatı əldə etmək istəyiriksə, ilk üz tutduğumuz ünvan “Vikipediya” olur. Maraq üçün usta futbolçu barədə Azərbaycan versiyasında yazılanları nəzərdən keçirirəm. Diqqətimi səhifənin sonunda “Bu səhifə sonuncu dəfə 22:59, 25 oktyabr 2013 tarixində redaktə edilib” cümləsinə sataşır. Cümlənin Azərbaycan dilinin üslub və xüsusiyyətinə uyğun gəlməməsi ilə işim yoxdur. Səhifənin “dosye” hissəsindəki yanlışlıqları da sadalamağı lazım bilmirəm. “Dövlət mükafatları” bölümündə bir işarə qoyulub, üstünə gələndə “Şöhrət ordeni” yazısı canlanır. Bəli, məşhur “9” nömrə həmin mükafata layiq görülüb, ancaq nə vaxt, məlum deyil. Məgər təltiflə bağlı imzalanmış Fərmanın tarixini (20 fevral 1996) göstərmək bu qədərmi çətindir? Böyük futbolçuya dair kiçik qeyddə daha bir cümlə təəccüb və təəssüf doğurur: “Banişevski ölümündən bir il əvvəl Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub”. 1996-cı il fevralın 20-dən 1997-ci il dekabrın 10-dək olan müddəti bir il sayanlardan başqa nəsə gözləmək özünü aldatmaq olardı. Ona sevginin hüdudsuzluğunun nəticəsi idi ki, kimisi “Tolik”, kimisi “Banış” deyə çağırırdı. Böyük əksəriyyət üçün isə o, əvəzolunmaz “9” nömrə idi. Hər dəfə vəfat tarixi barədə düşünəndə mənə elə gəlirdi ki, burada anlaşılmazlıq var, yəni Banişevski gözlərini də əbədi olaraq elə 9-da yumub. Amma məşhur “9” nömrəmiz ilin sonuncu ayının 10-cu günündə, 51 yaşında bizlərə əlvida deyib, dekabrın 10-u – Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis olunmuş Ümumdünya Futbol Günü! Dünyasını məhz Ümumdünya Futbol Günündə dəyişməsi də həyatının bir qəribəliyidir, amma təsadüf deyil. |