İstiqanlı və dəliqanlı Romaya xoş gəldin, “Qarabağ”! [04.12.2017] Aydın Bağırov Sərhəddə pasportumu yoxlayan və üzündən daha çox mehribanlıq yağan ortayaşlı polis xanım doğma dilində sual verir. Bir çətinliklə də olsa başa düşürəm ki, səfərimizin məqsədini, bura “Qarabağ”la gəlib-gəlmədiyimi soruşur. Ona elə öz dilində, daha çox məşhur kinolardan yaddaşımın bir küncündə ilişib qalan italyanca cavab verirəm: - Si, senyora! Yəni, bəli, xanım. Cavabımdan məmnun qalır. Üzündəki təbəssüm daha da çoxalır. Və axırda pasportuma ölkəyə daxil olduğuma icazə verən möhürü vurub nəzakətlə deyir: - Romaya xoş gəldiniz, senyor! Dünyanın ən qədim şəhərlərdən biri bizi - Bakıdan gələn bir qrup jurnalisti və “Qarabağ”ı isti qarşılayır. Ümumiyyətlə, Avropanın bəzi soyuq xalqları kimi deyil italiyalılar. Elə deyildi kimi də varmış: istiqanlı və dəliqanlıdılar. Hə, oxşarlıqlarımız çoxdu. Məsələn, Bakıda maşını necə yüksək sürətlə, nizamsız sürürlərsə, elə burda, Romada da elə sürürlər. Bizdə insanlar şəhərin mərkəzində, bir çox kafe və restoranda, yaxud da telefonda necə hündürdən danışırlarsa, burda da elə o cürdü... Nəyə görəsə, bizim kimi, elə italiyalılara da elə gəlir ki, qarşındakı və ya telefonun o başındakı insan səni sakit deyil, ancaq qışqıra-qışqıra danışanda eşidə bilər. - Nə sifariş edəcəksiniz? Qışqırmağını eşidib az qala yerimizdən dik atılırıq. Amma düzü, təəccüblənmirəm. Çünki yalnız sadə italyanların mentalitetinə qəti bələd olmayan insana ilk baxışda elə gələ bilər ki, kafedə ofisiant səndən nə yeyib-içəcəyini soruşmur, səni sadəcə davaya çağırır. Əslində isə məsələ başqa cürdü. Emosionallıq bu millətin qanına hopub. Təsadüfi də deyil. Tarixən nə boyda müharibələr, möhtəşəm Kolizeyi az qala qan gölünə bulayan neçə-neçə qladiator döyüşləri görüb bu şəhər. Və sabah bu şəhər həmin Kolizeydən çox da uzaqda olmayan nəhəng Olimpiya Stadionunda növbəti dəfə qladiator döyüşünə şahid olacaq. Futbolun qladiatorlarının - İtaliyanın “Roma”sı ilə Azərbaycanın “Qarabağ”ının.. *** Hələliksə istiqanlı və dəliqanlı Romaya xoş gəlmisən, “Qarabağ”! Aydın BAĞIROV |