Stadionun yolunu tanımayan futbol azarkeşləri
[25.11.2016]

Aqil Abbas

«Qarabağ»la «Qəbələ» uduzdu. Bu futboldu, futbolda da həmişə qələbə olmur. Əsas odur ki biri var oynaya bilməyib uduzasan, biri də var can qoyasan uduzasan. Hər ikisi can qoydu, amma şans onlardan yana olmadı. «Qəbələ»nin futbolçusu o penaltini vursaydı, tamamilə ayrı bir hesab görəcəkdik. Şanssızlıq.

İndi baxıram ömründə bir dəfə stadiona getməyənlər, stadionun yolunu tanımayanlar sosial şəbəkələrdə və saytlarda hamısı Qvardiola olub, Maurinyo olub! Yıxıb sürüyürlər bizimkiləri. Mən hərdən bu fikrimi təkrar edirəm, futbol çox faciəli, dəhşətli bir oyundu. Dünən çiynində gəzdirdiyin məşqçiləri və ya futbolçuları bu gün uf demədən ayaqlar altına alıb tapdamaq istəyirlər. Dünən Qurbanova, Qriqorçuka mədhiyyə oxuyanlar bu gün qılınclarını sıyırıblar ey.

Sevimli komanda udanda qarabağlılar demiş, nənəm də mədhiyyə deyər. Oğul odur ki, komandası uduzanda ona sahib çıxsın, dəstək olsun, onu ruhdan düşməyə qoymasın.

Bir rus siyasətçisinin sözüdü. Deyir, hamı üç məsələ üzrə professordu: futbol, kino, bir də polis. Mən oyunu belə qurardım, filan oyunçusunu sağdan oynadardım, filan oyunçunu soldan oynadardım, dəyişikliyi filan zaman edərdim; mən bu filmi belə çəkərdim, aktyoru elə seçərdim; mən filan cinayətin üstünü belə açardım, cinayətkara belə tələ qurardım və sair və ilaxır. Düzdür, indi dördüncü də var, bu da siyasətdi: Qarabağı belə azad edərdim, Rusiya ilə münasibətləri belə qurardım, ABŞ-la belə iş görərdim və sair və ilaxır. Belə sinəsinə döyənlərin 90 faizini araşdırsan, görərsən ki, heç öz çalışdığı peşəni normal yerinə yetirə bilmir, amma hamıya dərs deyir.
İndi sosial şəbəkələrdə, xüsusilə yaxalarını cıranların, elə yazdıqları statuslardan intellektləri məlum olur.

Qayıdaq yenə futbola. Üç misal çəkəcəm. Türkiyənin bir əyalət komandası, deyəsən «Rizəspor» idi, «Qalatasaray»a babat hesabla uduzmuşdu. Jurnalistlər düşmüşdü məşqçinin  üstünə ki, niyə uduzdun.
Gülüb dedi:

- Rəqib mənim üstümə S-300 füzələri ilə, F-16 təyyarələrlə, son model tanklarla hücuma keçib. Bizim də əlimizdə bir-iki beşaçılan var, altı-yeddi də kalaş.
Yəni onu demək istəyirdi ki, «Qalatasaray»ın oyunçularının hərəsinin 5-10 milyon qiyməti var, bizim futbolçuların da hərəsinin 200 min.

Bir gözəl sözü də Rəşad Sadıqov demişdi. Gərək ki, milli komandamız almanlarla oynayırdı və uduzduq. Almaniyanın da hücumçuları hərəsi «Rizəspor»un məşqçisinin dediyi kimi, S-300 füzəsi. Rəşad Sadıqova dedilər ki, niyə hücumçuların qarşısını kəsə bilmədin? Rəşad da gülümsəyib dedi:
- Onların qabağını kəsə bilsəm, gedib «Barselona»da, «Real»da oynayaram da.
Yəni müəyyən həqiqətləri görmək istəmirik. Və yaxud görürük də, bilirik də, müdirimizin hayıfını futbolçulardan çıxmalıyıq da.

Və üçüncüsü. Bu sözüm stadionun yolunu tanımayan azarkeşlərədi.

Bir dəfə «Qarabağ» «Kəpəz» ilə Azərbaycan kuboku uğrunda Tofiq Bəhramov stadionunda final oynayırdı. Mən də oyunun ən yaxşı futbolçusu üçün bir bahalı qılınc hədiyyə edəcəyimi bildirdim. Və oyundan əvvəl də stadionda elan etdilər. «Qarabağ» «Kəpəz»ə uduzdu. Həmin oyunun ən yaxşı futbolçusu da «Kəpəz»in oyunçusu Ramiz Məmmədov seçildi. Mən də enib həmin qılıncı təmtəraqlı şəkildə Ramiz Məmmədova təqdim etdim.

Stadiondan çıxarkən bir ağdamlı yaxınlaşdı mənə, məndən də yaşca böyük idi, az-çox da hörmətini saxlayardım. Qəribə bir ədayla, özündən razılıqla və ironiya ilə dedi:

- O qılıncdan ikisini gətirib verərdin də gəncəlilərə.

Bu adam ilk dəfəydi «Qarabağ»ın oyununa gəlmişdi. Onu stadionda ilk dəfəydi görürdüm. Yoldaşlar zorla saxladı, boğacaqdım onu. Amma dişimin dibindən çıxan bir-iki sözü dedim. Mənə «Qarabağ»sevən çıxmışdı.

İndi «Qəbələ»nin oyununu izləyirdim, ürəyim ağrıdı. Stadionun az qala 70 faizi boş idi. Sən futbola getdinmi, futbolçuya dəstək oldunmu, komandanın 12-ci oyunçusuna çevrildinmi ki, futbolçular da ruhlanıb oynasınlar. Həmin gün «Mançester Yunayted» də oynayırdı, iynə atsan stadiona düşməzdi. Deyəcəksiniz ki, onlar yaxşı oynayır, ona görə gedirlər, sən də get, səninkilər də yaxşı oynasın. Boş stadionda oynayan futbolçu tamaşaçısız teatrda oynayan aktyor kimidi. O aktyorun yaşadığı faciəni hiss edə bilərsinizmi? Futbolçu da elə.

Yadınıza bir futbol hadisəsi də salım. «Fənərbağça»nı cəzalandırmışdılar və kişi azarkeşlərin stadiona gəlməyinə yasaq qoymuşdular. Onda qadınlar  komandalarına sahib çıxdılar. Budur komandaya sevgi, budur futbola sevgi.

İndi «Qarabağ»la «Qəbələ» oynayacaq. Gözəl bir oyun olacaq, ləzzətli bir oyun olacaq. Ora kimlər gələcək – ağdamlılar, bir də qəbələlilər. Belə olmalı deyil, ora «Neftçi»nin də fanatları gəlməlidir, «Zirə»nin də, «İnter»in də, AZAL-ın da, Sumqayıtın da. Eləcə də «Neftçi»nin, ya «İnter»in oyunlarına o biri komandaların da fanatları getməlidir. Bu bir möhtəşəm tamaşadı.

Yeri gəlmişkən, hər hansı bir filmə bəlkə 30-40 dəfə baxa bilirsən, hər hansı bir mahnını bəlkə 150 dəfə dinləyə bilirsən, «Leyli və Məcnun», «Koroğlu»ya bəlkə 20-30 dəfə baxa bilirsən, amma nəinki bir matçın təkrarına baxmağa həvəsin olur, hətta baxmadığın, amma hesabını bildiyin bir matça da baxmırsan. Çünki futbolun  möhtəşəmliyi tamamilə ayrı bir şeydi. Futbol əvəzsiz bir tamaşadı. İnsanda elə bir həyəcan yaradır ki, dünyada başqa heç bir nəsə bu həyəcanı yarada bilmir. Amma hesabı biləndə və təkrar olanda o həyəcanı yaşaya bilmədiyinə görə baxmağa həvəsin olmur. Komandalarımızı, eləcə də milli komandamızı Avropada çempion görmək istəyirsinizsə stadiona gəlin. Təkrarsız tamaşanı ayrı yerdə yaşaya bilmədiyiniz həyəcanla izləyin. Futbolçular da sizdən ilham alsın, ruh alsın.

Hər Avropa çempionatında görürsünüz, məşqçilər üzlərini tuturlar azarkeşlərə, əllərinin işarəsi ilə az qala dirijorluq edirlər ki, komandaya ruh versinlər.
Mən də belə istəyirəm, Qurbanov da, Qriqorçuk da, Adil Şükürov da, Tərlan Əhmədov da digər məşqçilərimiz də. Bax o Qvardiola kimi stadionda dirijorluq eləsinlər. Siz əgər gəlmirsizsə, onlar kimə dirijorluq edəcək?

Haydı futbol azarkeşləri, doldurun bu stadionları! Sevginizi, sevincinizi verin bu futbolçulara. Ondan sonra da onlardan qələbə tələb edin!

Aqil ABBAS

9597 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.04.2024  18:00 Qəm eləmə, Azər Bağırov, bu da keçər! 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar