Qol.Az - print Qol.Az

"Hakimləri kim cəzalandıracaq?" - Samir Əliyev


 

"Hakimləri kim cəzalandıracaq?" - <b style="color:red">Samir Əliyev</b>

“Baş hakim Rauf Cabbarovla aramızda bu cür probemin olması ilk dəfə deyil. Dəfələrə matç zamanı “səni qovacağam” deyib. Olur da, kimin kimdənsə xoşu gəlmir”.

Qol.az-ın məlumatına görə, bunu “Report”a “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XVII turunda “Neftçi” ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırıldığı üçün İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırmasına münasibət bildirərkən deyib.

O deyib ki, məşqçilik karyerası ərzində ilk dəfədir bu cür cəza alır. S.Əliyev Cabbarovun onunla şəxsi ədavət apardığını iddia edib: “Hətta dördüncü hakim olan vaxtlarda da Cabbarov məni qovdurmağa çalışıb. İlk dəfədir 5 oyunluq cəza alıram. Başqa heç bir hakimlə problemim olmayıb. Açığı, hakimlərlə mübahisə etdiyim epizodda ciddi bir şey baş verməmişdi. Sadəcə, ardıcıl 2 qol buraxmağımız mənə pis təsir etdi, əsəblərimi cilovlaya bilmədim. Hakimlər adi bir vəziyyətdə səhvə yol verincə, özümdən çıxdım”.

Baş məşqçi özü ilə yanaşı, Cabbarovun da cəzalandırılmasını istəyib: “Turnir cədvəlində neçənci pillədə qərarlaşmağımızın, çempionatda heç bir hədəfimizin qalmamasının məsələyə dəxli yoxdur. Buna görə mübarizə aparmamalıyıq? Mayın 20-də “Keşlə” ilə matçımız var. Mübarizə aparmayıb, uduzaq? Belə olmaz axı... Biz öz oyunumuzu nümayiş etdiririk. Hakimin səviyyəsi budur. İstər bizim tərəfə, istərsə də rəqiblər tərəfə qərar versinlər. Cabbarov səhv qərarlar verir. Mənə maraqlıdır ki, biz məşqçilərə, futbolçulara cəzalar verilir, cərimələr kəsilir. Bu qədər səhvlərə görə hakimlərə cəza verirlərmi? Onları kim cəzalandıracaq? Belə baxanda, özümüz-özümüzə edirik. Etiraz edirik, cəzasını çəkirik”.

 





16.05.2018    çap et  çap et