Qol.Az

"İndi elə vəziyyətdəyik ki, yatanda da komandanı fikirləşirəm" - Ayxan Abbasov


 

"İndi elə vəziyyətdəyik ki, yatanda da komandanı fikirləşirəm" - <b style="color:red">Ayxan Abbasov</b>

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda səfərdə "Sumqayıt"la keçiriəcəkləri vacib oyundan danışan gənc mütəxəssis avrokubok şanslarını dəyərləndirib.

- Topaz Premyer Liqanın son 2 turunda qələbə qazanmaqla avrokubok şanslarını saxladınız. Komanda qara zolaqdan çıxmağı necə bacardı?


- Bundan əvvəl uduzduğumuz oyunlarda da yaxşı təsir bağışlamışdıq. Əslində hər şey qaydasında idi, sadəcə, nəsə çatmırdı. Həmin problemi həll etdikdən sonra işlər yoluna düşdü. Sevinirik ki, 12 oyunluq qələbəsizlik seriyasından sonra komanda özündə güc tapıb geri dönüş edə bildi.

- Çempionatın son turunda səfərdə "Sumqayıt"la qarşılaşacaqsınız. Yəqin ki, 4-cü pillə uğrunda ölüm-dirim oyunu olacaq desək, yanılmarıq...

- Əlbəttə, çox gərgin oyun olacaq. Həm bizim, həm də "Sumqayıt"ın avrokubok şansları var. Rəqib doğma meydanda oynadığı üçün üstünlük hardasa onların tərəfində olacaq. Azarkeş dəstəyini də nəzərə alsaq, düşünürəm ki, bizim üçün asan olmayacaq. Amma var gücümüzlə çalışıb, istədiyimiz nəticəni qazanmağa çalışacağıq.

- "Sumqayıt" son turlarda uğursuz çıxış edir. "Zirə" isə əksinə - son 2 oyunda qələbə qazanıb. Psixoloji baxımından komandanızın daha rahat oynayacağını düşünmək olarmı?

- Futbolda hər şey mümkündür. Özünüz də şahidi oldunuz ki, "Zirə" 12 oyun qələbə qazana bilmədi. Düşünmürəm ki, "Sumqayıt"ın son turlardakı uğursuzluğu bizim üçün üstünlükdür. Yenə deyirəm, rəqib öz meydanında doğma azarkeşləri önündə oynayacaq. Şanslar bərabərdir.

- Mövsümün son və bəlkə də ən vacib oyununda texniki zonada yer alacaqsınız. Sizcə, bu amil komandaya nə dərəcədə müsbət təsir edə bilər?

- Artıq cəzam başa çatıb. Texniki zonada -  komandamın yanında olacam. Yəqin ki, bunun futbolçulara faydası olacaq (gülür).

- "Zirə" çempionatı 3-cü pillədə də başa vura bilər. Bunun üçün "Neftçi" Gəncə səfərində xal itirməlidir. Ümumiyyətlə, bürünc medal şanslarınızı necə dəyərləndirirsiniz?

- 3-cü yer uğrunda mübarizədə üstünlük "Neftçi"nin tərəfindədir. Yəni, hər şey öz əllərindədir. Amma Gəncə səfəri hər zaman çətin olub. İnanıram ki, bu dəfə də rəqibə layiqli müqavimət göstərəcəklər. Hər şey ola bilər. Lakin indi bizi daha çox öz oyunumuz maraqlandırır. Elə bir vəziyyətdir ki, arxayınlaşmaq olmaz.

- Ancaq onu da nəzərə alaq ki, birinci diviziona düşəcəyi açıqlanan "Kəpəz" meydana motivasiyasız çıxacaq...

- Düzdür, bu amil komandanın motivasiyasına təsir göstərəcək. Amma bu futboldur. Hər şey ola bilər. Yaxşısı budur, son turu gözləyək. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq.

- Mövsümü 4-cü pillədə başa vursanız, avrokuboklara getmək üçün kubokun finalında "Qəbələ"yə azarkeşlik etməli olacaqsınız...

- Hansısa komandanın qalib gəlməsinə və ya uduzmasına azarkeşlik etmək olar. Dünya futbolunda da belə bir şey var. Hətta "Zirə"nin uduzmağını istəyənlər də olub. Düşünürəm ki, 4-cü pilləni tutandan sonra "Qəbələ"yə azarkeşlik etmək olar (gülür).

- Artıq çempionat başa çatmaq üzrədir. Komandada qalıb-qalmayacağı dəqiqləşən futbolçular var?

- Hələ ki, bunları düşünməyə vaxt yoxdur. Çünki qarşıda olduqca vacib oyunumuz var. Elə bir vəziyyətdəyik ki, yatanda da, duranda da komandanı fikirləşirəm. Ona görə də hələlik kimin gedib, kimin qalacağı haqda heç nə bilinmir. Bütün suallara son turun oyunundan sonra aydınlıq gələcək.

Elnur SALAHOV

 





15.05.2018    çap et  çap et