Qol.Az

“Peşəkar məşqçi belə söz deməməlidir” - Samir Əliyev


 

“Peşəkar məşqçi belə söz deməməlidir” - <b style="color:red">Samir Əliyev</b>

“Səbail”in baş məşqçisi Samir Əliyev Qol.az saytına müsahibə verib. Komandasının çempionatın birinci hissəsindəki çıxışını dəyərləndirən gənc mütəxəssis digər məqamlara da toxunub.

- Sabah Topaz Premyer Liqanın 4-cü turundan təxirə salınmış görüşdə “Qarabağ”la qarşılaşacaqsınız.

- Oyuna yüksək əhval-ruhiyyə ilə hazırlaşmışıq. Bizi çətin oyun gözləyir. Sonadək vuruşacağıq. Çalışacağıq ki, azarkeşlər oyundan həzz alsınlar. Təxirə salınmış oyundur. Yəqin ki, hamının diqqəti bu matçda olacaq. İstəyirik ki, darıxdırıcı matç olmasın.

- “Qarabağ” “Roma” ilə ağır oyundan çıxıb. Eyni zamanda, uzaq səfərdən qayıdan komandada adətən yorğunluq da olur. Bu amili “Səbail” üçün üstünlük saymaq olar?

- “Qarabağ” artıq neçə ildir, avrokubokların qruplarında oynayır. Komanda belə şeylərə öyrəşib. Hər halda yorğunluq olacaq. Amma heyətlərində oyunun taleyini həll edə bilən başqa futbolçular da var. “Qarabağ”ın ehtiyat qüvvəsi güclüdür.

- Fasilə öncəsi Premyer Liqada son oyununuzu keçirəcəksiniz. Çempionatın birinci hissəsini necə xarakterizə edərdiniz?

- Açığı, hələ qarşıdakı oyunları fikirləşirik. Bilirsiniz ki, “Qarabağ”la görüşdən əlavə, 2 kubok matçımız da var. Həmin oyunlardan sonra oturub səhifələri vərəqləyəcəyik ki, 5-6 ay müddətində hansı işləri görmüşük. Nəyi düz, nəyi səhv etmişik. Ümumi baxanda, pis deyil. Düzdür, hazırda nəticə bizim üçün çox önəmli sayılmır. Əsas odur ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.

- Yaxşı komanda formalaşdırmaq üçün yaxşı futbolçular lazımdır. Fasilədə komandaya yeni futbolçular cəlb olunacaqmı?

- Düz vurğuladınız. Yaxşı oyunçular üçün də yaxşı maliyyə lazımdır. Bu mövsüm üçün bizim müəyyən bir büdcəmiz var. Mövsümün əvvəlində yetərincə futbolçu götürmüşük. Komanda təzə yığılanda saya üstünlük verirdik. Artıq keyfiyyəti fikirləşirik. Düzdür, qışda futbolçu götürmək bir az çətin olur. Ancaq çalışacağıq ki, yaxşı futbolçularla heyəti gücləndirək.

- Yəqin ki, maraq dairənizdə olan, danışıq apardığınız oyunçular var...

- Əlbəttə, var.


- Ad çəkə bilərsiniz?

- Yox, hələ tezdir. Rəsmiləşəndən sonra biləcəksiniz.

- Komandadan gedənlər olacaqmı?

- Bəzi futbolçular var ki, onlara şans verə bilmədik. İstərdik ki, onlar gedib başqa komandalarda oynasınlar. Bizdə ehtiyatda oturmasınlar. Kimlərin gedəcəyi təxmini bilinir. Amma qarşıda oyunlar olduğundan, indidən nəsə açıqlamağın düz çıxmaz.

- Bəs təlim-məşq proqramı necə, hazırdır?

- Bəli, hazırdır. Rəhbərlik tərəfindən bizə hər cür dəstək var. Toplanış Antalyada olacaq. Artıq köməkçi məşqçilərdən birini ora göndərmişik. Bir neçə variantımız var idi. Artıq seçimimiz etmişik. Planımız da hazırdır. Yanvar ayının 19-da Türkiyəyə yollanacağıq. 12 günlük hazırlıq prosesi nəzərdə tutulub. 4 yoxlama oyunu keçirəcəyik. Rəqiblər var, amma hələ konkret cavab deməmişik. Danışıqlar gedir. Dekabrın 15-nə kimi hər şey açıqlanacaq. İndi fikrimiz qarşıdakı 3 oyundadır.

- Son sualım fərqli mövzuda olacaq. Bir neçə gün öncə Emin Quliyev mətbuata müsahibəsində belə bir cümlə işlətmişdi ki, vaxtı ilə oyun satanlar indi məşqçi işləyirlər. Sizin bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı...

- Mən bilmirəm, o, kimləri nəzərdə tutur. Nə deyim? Məncə, düzgün fikir deyil Çünki nəsə deyirsə, gərək, adını da açıqlasın. Peşəkar məşqçi mətbuata belə bir söz deməməlidir. Emin Quliyev məşqçidir, A kateqoriyası da var. İstəyir ki, daha da qabağa getsin. Həmkarımızdır, bir yerdə futbol oynamışıq. Ola bilsin, əsəbi olub. O da istəyər ki, Premyer Liqa və ya birinci dəstədə baş məşqçi olsun. Bəlkə də sırf bu baxımdan emosiyalarına sahib ola bilməyib və belə bir söz işlədib. Məncə, düzgün fikir deyil.

Elnur SALAHOV

 





07.12.2017    çap et  çap et