Qol.Az

“Elvin Camalov əsas heyətdə oynayırsa, bu, bizim çempionluğumuzdur”


 

“Elvin Camalov əsas heyətdə oynayırsa, bu, bizim çempionluğumuzdur”

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət  komandasının baş məşqçisi Emin İmaməliyev “Qəbələ” – “Keşlə” matçının fasiləsində Qol.az saytına müsahibə verib. Gənc məşqçi öz komandasının çıxışından danışmaqla yanaşı, gündəmdə olan digər məsələlərə də münasibət bildirib.

- Rəhbərlik etdiyiniz U-19 komandası turnir cədvəlində ilk pillədə qərarlaşıb. Yəqin ki, hazırkı vəziyyət sizi qane edir...

- Bizim əsas məqsədimiz komanda üçün futbolçu yetişdirməkdir. Bu gün əsas heyətdə Elvin Camalov oynayırsa, ehtiyatda Ülvi, Hacı kimi futbolçularımız oturursa, bu, elə akademiyamızın çempionluğudur. Komanda ilk pillədə olanda elə düşünürsən ki, işlər yolundadır. Amma özümüzü də aldada bilərik. Biz çalışırıq ki, nə qədər irəli getsək, bir o qədər məsuliyyətimizi artıraq. Zirvəni qorumaq həmişə çətin olur. Yükəldikcə gərək, daim öz üzərində işləyəsən. Ora qalxmaq asandır, qalmaq isə çox çətindir.

- Əsas məqsədinizi açıqladınız: “Qəbələ” üçün futbolçu yetişdirmək. Bəs nəticə baxımından U-19-la əsas hədəfiniz nədən ibarətdir?

- Akademiyada sırf şərtlər qoyulmur ki, çempion olasan. Əlbəttə, mənim də öz hədəflərim var. Çempion olmaq, Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etmək istəyirəm. Amma akademiyanın da öz tələbləri var. Bayaqkı fikrimə qayıdıram ki, əsas komandada bir oyunçumuzun oynaması bizim üçün Gənclər Liqasından vacibdir. Əlbəttə, avrokuboklarda oynamaq yaxşı olar. Açığı, belə bir məqsədimiz də var ki, orada mərhələ keçək. Artıq 3 ildir bu turnir keçirilir. Əvvəlcə “Rəvan” oynayıb, ikinci “Qəbələ”, indi isə “Qarabağ”. “Qarabağ”ın əsas komandası qrupa düşdüyü üçün gəncləri də qrupda çıxış edir. Amma Gənclər Liqasında mərhələ keçən ilk klub olmaq istəyirik.

- “Qarabağ”dan söz düşmüşkən, bu komandanın Gənclər Liqasındakı çıxışlarını izləyirsinizmi?

- Açığı, yalnız epizodlara baxmışam. Bütün oyunları izləməyə vaxtım olmayıb. Bizim klublarla İspaniya, İngiltərə və digər Avropa klubları arasında fərq çoxdur. Amma “Qarabağ” səfərdə “Atletiko”nu udubsa, deməli, bu cür rəqiblərə qarşı oynamaq olar. Amma bununla kifayətlənməməliyik. Arxayınlaşsaq, işimiz bitə bilər. Daim irəli baxdıqca, futbolçu, məşqçi arxayınlaşmır, get-gedə “artırır”. Ardıcıllıqla, pillə-pillə inkişaf etməliyik. Bizdə tez-tez olur ki, bu gün uduruq, arxayınlaşırıq,  sabah nisbətən güclü rəqiblə qarşılaşanda çətin vəziyyətdə qalırıq. Hər uğurda məsuliyyət daha da artmalıdır.

- Bu gün U-19-da “Qəbələ”nin əsas komandasına namizəd futbolçular varmı?

- Əgər söhbət sırf  U-19-dan gedirsə, hazırda komandada bu potensialda uşaqlar var. Çalışırıq ki, onlara bacardığımız qədər müasir futbolun tələblərini öyrədək. İndi potensialları 30 faizdirsə, çalışırıq ki, müəyyən müddətdən sonra ən azı 50-60 faiz olsun.

- Həmin futbolçulardan kimlərin adlarını çəkə bilərsiniz?

- Hazırda komandamızda Samir Qurbanov, İlkin Abdullayev, Rüstəm Nuriyev, Fərid Nadirov kimi potensiallı futbolçular var ki, gələcəyə ümid verirlər. Onları əsas komandada görə bilərik. Həmin futbolçuların üzərində işləyirik ki, ora hazır getsinlər. İndidən deyə bilmərəm ki, gələn il yüz faiz oynayacaqlar. Çünki son qərarı əsas komandanın baş məşqçisi verir. Bizim işimiz o uşaqları hazırlamaqdır. Əgər əvəzedici heyətə düşə bilirlərsə, oradan əsas komandaya yüksəlirlər. Ola bilər ki, məşqçi onları görür, birbaşa əsas komandaya götürür. Onlarla 1-2 təlim-məşq toplanışına gedirlərsə, bu, artıq bizim üçün uğurdur. Çünki sonrası onun özünü necə göstərməsindən asılıdır.

- Roman Qriqorçuk U-19-un oyunlarını izləyib, gəncləri diqqətdə saxlayırmı?

- Arada bir olur. İzlməsə də, ən azından maraqlanır. Ona məlumat verirlər. Çünki bəzən oyunlarımıza Qriqorçukun köməkçiləri də baxırlar.

- Azərbaycan çempionatında U-19-un heyətində 5 nəfər 1999-cu il təvəllüdlü futbolçu çıxış edə bilər. Əksər klublarımız da nəticə qazanmaq üçün bu variantdan istifadə edirlər. UEFA isə Gənclər Liqasında bu yaşda 3 futbolçunun oynamasına icazə verir. Bu amil avrokuboklara çıxan komanda üçün çətinlik yarada bilər?

- Əvvəllər çətinlik yaratmırdı. Amma indi limit olduğuna görə müəyyən qədər təsir edir. Amma digər tərəfdən, bunun üstünlüyü də var. Çünki UEFA bu yaşda 3 futbolçunun oynamasına icazə versə də, digər 2-sinin ehtiyatda oturmağına qadağa qoymur. Sadəcə, onlar oyunun gedişində yalnız öz yaş qruplarından olan futbolçuları əvəz edə bilərlər. “Qarabağ” bu il nə əziyyətlər çəkdi. Keçən mövsüm komandada əsasən 1998-ci il təvəllüdlü uşaqlar oynayırdı. Bu il isə 1999-cu illər oynamalı idilər. Belədə komandanı yenidən qurmalı oldular. İnandırım ki, “Qarabağ” əvvəlki futbolçularla oynasaydı, daha yaxşı çıxış edərdi.

- Bir az da əsas komandanın çıxışından danışaq. “Qəbələ”nin cari mövsümdəki çıxışı barədə nə deyə bilərsiniz?

- Əsas komandaya qarışmaq istəmirəm. Mənə elə gəlir ki, yaxşı gedirlər. Get-gedə daha inamlı çıxış edəcəklər. Bu, qış fasiləsi öncəsi son turdur. Məncə, fasilədən sonra daha yaxşı, çempionluğa oynayan komanda görəcəyik. Hazırda çempionatın səviyyəsi də yaxşı vəziyyətdə deyil. Rəqabət çox aşağıdır. 2-3 komanda var ki, bir-birilə rəqabət aparırlar. Mən “Keşlə”ni, bu vəziyyətdə görməmişdim. Çox aciz vəziyyətdədirlər. 8-9 futbolçu ilə müdafiə olunurlar. Qol vurmaq fikirləri yoxdur.

- “Qarabağ” Çempionlar Liqasında sonuncu oyununu keçirəcək. Sabiq “Qarabağ”lı kimi “Roma” ilə matçdan nə gözləyirsiniz?

- Bayaq dediyim kimi, istənilən rəqiblə oynamaq olar. Mənim fəlsəfəmdə gərək, heç bir komandadan çəkinməyəsən. Hər şey o qədər geniş inkişaf edib ki, istənilən rəqibi tam analiz edə bilirlər. “Qarabağ” Çempionlar Liqasına düşüb Azərbaycanı təmsil edirsə, deməli, buna layiqdir. Düşünürəm ki, “Roma”ya qarşı daha rahat oynayacaqlar. Ən yaxşı oyunlarını keçirib, xal da ala bilərlər. Düzdür, “Roma” adlı-sanlı komandadır, amma oynamaq olar.

- Son günlər “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun futboldan ömürlük kənarlaşdırılması gündəmin əsas mövzusuna çevirilib. Sizin də buna münasibətinizi bilmək maraqlı olardı.

- Bu barədə danışmaq istəmirəm. Çünki işin içini bilmirəm. Amma eşidəndə mən də inanmadım.

Elnur SALAHOV
 

 





04.12.2017    çap et  çap et