Qol.Az

Londonda “Qarabağ” fleşmobu - Şəkillər


 

Londonda “Qarabağ” fleşmobu - <b style="color:red"> Şəkillər</b>

Bu gün Böyük Britaniyanın simvollarından biri sayılan, məşhur London Eye attraksionunun qarşısındakı meydanda Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə böyük fleşmob keçirilib.

Milli Turizm Təbliğat Bürosundan Qol.az-a verilən məlumata görə, tədbirdə milli musiqi parçaları səsləndirilib, xarici qonaqlara rəqs proqramı təqdim olunub. Eyni zamanda, fleşmob çərçivəsində Azərbaycanın milli suvenirləri paylanılıb. Tədbirə çoxsaylı turist və soydaşlarımız qatılıb. Eyni zamanda, Londonda "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı "AZERBAİJAN.TRAVEL" və  "#VISITBAKU" sözləri yer alıb

Qeyd edək ki, Milli Turizm Təbliğat Bürosu tərəfindən Avropanın üç böyük paytaxt şəhərində - London, Madrid və Romada byu kimi digər möhtəşəm fleşmoblar və sair tədbirlər planlaşdırılır. Onlar, ilk növbədə, "Qarabağ" futbol klubuna dəstək məqsədilə keçiriləcək. Fleşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində Ağdam təmsilçisinin irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırğı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək, "DJ"lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və ölkəmizin turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq.

Eyni zamanda, "Qarabağ"ın "Roma" ilə ev oyunundan bir neçə saat əvvəl Bakıda da aksiya təşkil ediləcək. Belə ki, matçdan öncə Nizami küçəsində, keçmiş "Torqovaya" deyilən ərazidə azarkeşlər üçün "Fan zona" yaradılacaq. Orada canlı konsertin keçirilməsi gözlənilir. Bu, həm də paytaxtdakı turistlər üçün də maraqlı olacaq.
 

 





12.09.2017    çap et  çap et