Qol.Az

"Qarabağ"a yeni transfer lazım deyil" - Böyükağa Hacıyev


 

"Qarabağ"a yeni transfer lazım deyil" - <b style="color:red"> Böyükağa Hacıyev</b>

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qol.az saytına müsahibəsi

- Əvvəlcə "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində dünən "Kopenhagen"ə qalib gəldiyi oyun haqda fikirlərinizi bilmək istərdik.

- "Qarabağ" Azərbaycanda bir nömrədir də, bunu hamı bilir. Azərbaycanda heç bir komandanı "Qarabağ"la müqayisə etmək mümkün deyil. "Kopenhagen" kimi komandanı uddu. "Kopenhagen" neçə illərdir Çempionlar Liqasında çıxış edir. Çox təcrübəlidirlər. Belə komandanı məğlub etmək asan məsələ deyildi.

- "Qarabağ"ın qrup mərhələsinə yüksəlmək şansını necə görürsünüz?

- "Qarabağ"ı daha şanslıdır. Danimarkada qolsuz heç-heçə də "Qarabağ"a sərf edir. İnanıram ki, yaxşı olacaq. Bir komandanı evdə məğlub etmisənsə, bunu səfərdə də bacarmaq olar.

- Ancaq "Kopenhagen" evdə güclü oynayır. 3-cü təsnifat mərhələsində "Vardar"a da səfərdə uduzsalar da, evdə qalib gələrək mərhələni keçmişdilər.

- Yox, "Qarabağ" öz oyununu ortaya qoysa, səfərdə də çətinlik çəkməyəcək.

- "Qarabağ"ın heyətində yerli futbolçulardan kimin oyununu bəyəndiniz?

- Bədavi Hüseynovu qeyd edərdim. Müdafiədə keçilməz sədd yaratışdı. Maksim Medvedyev də həmçinin. Ən çox da Mahir Mədətovdan danışmağa dəyər. Bu cavan uşaq belə oyunda qol vurursa, deməli, o, böyük işlərə qadirdir. Qara Qarayev də gözəl oynadı.

- Yeni transferlərin oyunu haqda nə düşünürsünüz?

- Təəssüflər olsun ki, indi "Qarabağ"da əvvəlki legionerlər yoxdur. Bu gün Almeyda da əvvəlki kimi oynamır. Səbəbini bilmirəm. Ancaq Almeydanın bugünkü zəif oyunu bizim bir çox futbolçuların güclü oynamağından yaxşıdır. İndi "Qarabağ"da Mahir Mədətov sözünü deyir. Çox istedadlıdır. Sübut edir ki, Mahir adlı futbolçu var.

- Hamı "Qarabağ"ın yeni transferlərə ehtiyacı olduğunu düşünür. Siz də bu qənaətdəsiz?

- Xeyr. Mən fərqli düşünürəm. Bu gün "Qarabağ"ın yeni transferə ehtiyacı yoxdur. Mən "Neftçi"ni ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksəldəndə klub prezidenti Sadıq Sadıqov mənə dedi ki, neçə dənə transfer istəyirsən edək. Mən isə cavab verdim ki, transfer lazım deyil. Çünki o vaxt gələn futbolçu 3-4 ay adaptasiya prosesi keçməlidir. Ona qədər artıq olan olacaq. Onsuz da Azərbaycanın "qaymaqlar"ının hamısı "Qarabağ"dadır. Ona görə də yeni transferi məqsədəuyğun saymıram.

- Artıq Topaz Premyer Liqada yeni mövsümə start verildi. İlk turlara əsasən nə demək olar?

- Bütün oyunlara baxmışam. Gəlin açıq danışaq. Azərbaycan çempionatında rəqabət yoxdur. Bir futboldakı rəqabət yoxdur, orda inkişaf da çətin olar.

- Düşünürsüz ki, bu mövsüm də rəqabətsiz çempionat izləyəcəyik?

- Mən indidən deyirəm ki, "Qarabağ" yenə çempion olacaq. İkinci yer "Qəbələ"nindir. Əgər bunu indidən deyə biliriksə, hansı rəqabətdən danışa bilərik? Əslində az komanda ilə də rəqabət yaratmaq olar.

- Sabiq komandanız "Neftçi"dən bu mövsüm nə gözləyirsiniz? İlk turda "Qarabağ"a 1:3 hesabı ilə uduzdular.

- "Neftçi" ilə bağlı danışdıqca ürəyim ağrıyır. Mən onlara elə "Neftçi" təhvil verməmişəm. Hanı, Flavinyo, Ramos, Bertucci, Vobay, Kanales?

- İndi başqa legionerlər var.

- Nə alınıb ki? Baxıram, hamısı beşinci dərəcəli futbolçulardır. "Neftçi"yə qarşı bu hərəkət olmamalı idi. "Neftçi"ni niyə bu günə qoyurlar? Məqsədləri nədir?

- Komandanı bu durumdan necə çıxarmaq olar?

- Hökmən yeni futbolçular  alınmalıdır. Bu heyətlə uzağı üçüncü olarlar. Üçüncülük də "Neftçi"yə yaraşmır.

Ramiq AĞAMƏMMƏDOV

 





16.08.2017    çap et  çap et