Qol.Az

Elvin Məmişzadə gecə klubundakı davadan danışdı


 

Elvin Məmişzadə gecə klubundakı davadan danışdı

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, 26 yaşlı idmançı "Report" agentliyinə açıqlamasında Bakıda "Sahil" metro stansiyası yaxınlığındakı "26 land" gecə klubunda bir xanımla mübahisə etdiyini təsdiqləyib.

Lakin o, heç kimi döymədiyini iddia edib: "Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb".

E.Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib: "Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır".

E.Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib: "Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz".

Qeyd edək ki, 52 kq çəki dərəcəsində yer alan Elvin Məmişzadə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında və Qətərdə təşkil olunmuş dünya çempionatında qızıl, Avropa çempionatlarında gümüş (2010) və bürünc (2013) medal qazanıb. Onun gecə klubunda dava salaraq, bir xanımı vurduğuna dair xəbəri yenicag.az saytı yazıb.

 





17.07.2017    çap et  çap et