Qol.Az

"Almeydaya elə şərait yaradırıq ki, millidə sıxılmasın" - Qara Qarayev


 

"Almeydaya elə şərait yaradırıq ki, millidə sıxılmasın" - <b style="color:red">Qara Qarayev</b>

Milli komandamızın və “Qarabağ”ın üzvü  Qara Qarayev Qol.az saytına müsahibə verib. Yığmamızın təlim-məşq toplanışı və qarşıdan gələn Şimali İrlandiya ilə oyunundan danışan yarımmüdafiəçi “Qarabağ”la yeni müqavilə bağlamasına da toxunub.

- Qarşıdan DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə vacib oyun gəlir. Hazırlıqlar necə gedir?
 
- Toplanışına sıfırdan başlamışıq. Neçə vaxtdır məşq etmirdik. Hər şey normaldır. Hələ ki, intensiv şəkildə məşq etmirik. Sabah Avstriyaya yollanacağıq. Hazırlığın əsas mərhələsi orda olacaq. İnanıram ki, pik formamızı yığacağıq.

- Çempionat başa çatan kimi millimizin təlim-məşq toplanışı başladı.Komandada yorğunluq var?

- Məşq proqramında bu amil nəzər alınıb. Həqiqətən çempionatımız ağır keçdi. Bir həftə dincəldik. Təlim-məşq toplanışı keçmək üçün kifayət qədər istirahətimiz olub.

- Riçard Almeyda yığmamızdakı ab-havaya uyğunlaşa bilir?

- Almeyda artıq 5 ildən çoxdur ki, “Qarabağ”dadır. O, Azərbaycan futboluna, mentalitetimizə uyğunlaşıb. Millimizin bütün futbolçuları onu yaxşı tanıyır. Buna görə də uyğunlaşma sarıdan problem yaşamayacaq. Çünki “Qarabağ”ın 8 futbolçusu millimizdədir.

- Millidə çıxış etməyin məsuliyyətini Braziliyadan olan Almeydaya başa salmaq yerli futbolçularımızın üzərinə düşür. Onunla bu mövzuda söhbətləriniz olur?

- Əlbəttə, biz onunla danışmışıq. Millidə oynamağın nə qədər şərəfli olduğunu, uğurun nə qədər önəmli olduğunu artıq o da tərk edir. Biz Almeydaya elə şərait yaradırıq ki, millinin düşərgəsində sıxılmasın. Hər şeyi onun başa düşdüyü şəkildə izah edirik. Almeyda komandaya biz gözlədiyimizdən də tez uyğunlaşır.



- Şimali İrlandiya ilə oyundan nikbin danışmaq olar?

- Bizim üçün ağır oyun olacaq. Bu görüşdə hər kəs bizdən qələbə gözləyir. Bu da bizə oyuna hazırlaşmaq planımızda mane ola bilər. Ancaq işimizin ciddiliyini tərk edirik. Uğur qazanmaq üçün bir yerə yığışmışıq. Mən də inanıram ki, istədiklərimizi meydanda həyata keçirə bilsək, uğurlu nəticə qazanacağıq.

- Şimal İrlandiya qrupdan çıxmaq yolunda millimizin əsas rəqiblərindən biridir. Turnir cədvəlindəki sıralanma bunu göstərir. 

- Oyunun gərginliyini ən çox artıran məqam elə budur. Çünki qalib gəlsək, ikincilik şansımız olacaq. Rəqib isə ikinci yerdəki mövqeyini qorumaq üçün heç bir güzəştə getməyəcək. Var güclərini ortaya qoyacaqlar.

- Yəqin rəqibin Avropa çempionatındakı çıxışlarını izləmisiniz.

- Bəli, Avropa çempionatından sonra onlar haqqında deyiləcək bir söz yoxdur. Oyunlarını izləmişik. Almaniya ilə görüşdə oyun planında uduzmalı deyildilər. Bir az bəxtsizlikdən, bir az da almanların daha təcrübəli olduğu üçün qol buraxdılar. Həqiqətən də son vaxtlar çox güclüdürlər.

- Demək olarmı Almaniya ilə oyunla müqayisədə bu dəfə millimizin üzərində daha böyük təzyiq olacaq?

- Əlbəttə, Almaniya ilə oyunda hamı reallığı qəbul edirdi. İşimizin necə çətin olduğunu dərk edirdilər. Ancaq bu dəfə yenidən “Niyə də yox” şüarə işə düşəcək. Məncə, Şimali İrlandiya da Almaniya millisi keyfiyyətində bir komandadır. Gərək təzyiqləri düşünməyək, onu üzərimizdən ataq.

- “Qarabağ”la yeni 2 illik müqavlə imzaladın. Halbuki bəzi Avropa klublarının səninlə maraqlandığı deyilirdi.
 
- Klubumuzun direktoru Əmrah Çəlikəllə danışığım olmuşdu. Mənə bildirmişdi ki, əgər hansısa xarici klubdan təklif alsan, getməyinə mane olmayacağıq, çalışacağıq ki, ortaq bir yol tapaq ki, bizi ölkə xaricində təmsil edəsən. Yəni “Qarabağ” da bu işdə maraqlı idi. Ancaq ortada real təklif yox idi. Buna görə də “Qarabağ”la yeni müqavilə imzalamalı oldum. Təbii ki, təklif yoxdursa, birinci “Qarabağ”la danışmalı idim.
 
- Yerli klublardan təklif var idi?

- Heç kimlə danışığa getmirdim. Yəqin ki, məni istəyən klub olardı. Ancaq “Qarabağ”ın mənim haqqımda qərar verməsindən sonra təkliflər ola bilərdi. “Qarabağ”ın təklifini gözlədiyim üçün heç bir klubla danışmadım.

Ramiq AĞAMƏMMƏDOV

 





19.05.2017    çap et  çap et