Qol.Az

“AZAL-da pulsuz-parasız oynayıram” – Rəşad Abdullayev


 

“AZAL-da pulsuz-parasız oynayıram” – <b style="color:red"> Rəşad Abdullayev</b>

AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayev Qol.az saytının suallarını cavablandırıb.

- Son oyunda “İnter”ə məğlub oldunuz və Premyer Liqanı tərk edəcəyiniz dəqiqləşdi. Nə düşünürsən?

- Qələbə üçün əlimizdən gələni etdik, amma alınmadı. Oyun qutaranda çox pis olduq. Qismətimiz belə oldu, barışmalıyıq.

- Hazırda komandada əhval-ruhiyyə necədir?

- İstər-istəməz uşaqlarımız məyus oldu. Neçə vaxtdır bəxtimiz gətirmir. Vallah, büdcəyə baxanda, komanda çox yaxşı futbol oynayır. Kənardan necə göründüyünü deyə bilmərəm. Yəni oyunlarımızda məğlub olacağımız öncədən görsənmir. Güclü komandalara da qarşı yaxşı oynayırıq. Ancaq sonda məğlub oluruq.

- Səncə, Premyer Liqanı tərk etməyinizin əsas günahkarı kimdir?

- Səhvi özümüzdə axtarmalıyıq. Biz istədiyimiz nəticəni əldə edə bilmirdik. Ancaq AZAL hər zaman öz sözünü deyən komanda olub. Ola bilər ki, bu il oyunlarımız alınmadı. Qış fasiləsindən sonra toparlanmaq, sonuncu pilləni tərk etmək üçün əlimizdə imkanlar vardı. Heç kimdə günah axtarmaq lazım deyil. Səhv bizim özümüzdədir, özümüz də cəzasını çəkəcəyik.

- Rəhbərlik komandaya lazım olan dəstəyi verirdi?

- Bugünkü maliyyə, büdcə göz qabağındadır. Rəhbərlik hər zaman oyundan öncə və sonra bizimlə söhbət edirdi, əllərindən gələn dəstəyi verirdilər. Futbolçularımız da öz işinin öhdəsindən gəlməyə çalışırdılar. Kollektivimiz normaldı, sadəcə, nəticə verə bilmədik.

- İndi klubdan ne deyirler, nece olacaq?

- Bu barədə hələ görüşümüz olmayıb, bir şey deyilməyib. Oyundan sonra uşaqların kefi yox idi. Hamı evinə getdi. Yəqin ki, sabah klub rəhbərliyi ilə görüşəcəyik.

- AZAL  Premyer Liqanı tərk etməyə layiqdir?

- Məncə, yox. Səmimi deyirəm ki, AZAL buna layiq deyil. Biz Premyer Liqanı tərk edə bilərik, başqa klublar yerimizə gələ bilər, amma hər kəs bilir ki, AZAL  daima çempionata rəng qatıb. Məğlubiyyətlərimizin çoxu bir top fərqi ilə olub. Komandamızın hər şəraiti var. Bəlkə də çox klubda bu şərait yoxdur.

- Divizionda AZAL-ın yerini tuta biləcək komandanın olduğunu düşünürsən?

- Aşağı liqadan komanda gəlsə də, onun  sturukturu, şərait qurması vaxt aparacaq. AZAL köklü, sistemli klubdur. Yenə deyirəm, hər şəraitimiz də var. Mən elə komandalarda oynamışam ki, ancaq gedib otellərdə qalırdıq, yer tapa bilmirdik. Burda isə futbolçular bilir hara yığışır. Məşq yeri var, stadionu da yaxında. Məncə, bunlar nəzərə alınmalıdır.

- Mövsümün sonunda komandanı tərk etmək fikrin var?

- Açığı, heç oynayıb-oynamayacağımı bilmirəm. Çünki mənim karyeram artıq sona yaxınlaşır. Mən AZAL-a gəldim ki, Tərlan Əhmədova kömək edim. Bir müddət futboldan kənarda qalmışdım. Daha sonra darıxdım, futbolsuz qala bilmədim. Bura da uşaqlara kömək üçün gəldim. Bacardığımı, əlimdən gələni etdim. Yayda karyeramı başa vura bilərəm.

- Karyeranı başa vurmasan, I divizionda oynayacaqsan?

- Yox. Pis çıxmasın, burda pusluz-parasız AZAL-a kömək edirəm. Yəni nə verirlər qane oluram. AZAL-a pula görə gəlməmişəm. Əvvəllər yaxşı komandalarda oynamışam. Bu gün də sadəcə, kömək üçün burdayam. Əgər AZAL aşağı liqaya yuvarlansa, mənə ehtiyacları olsa, yenə kömək edərəm,  mənə etdikləri hörməti onlara qaytararam. Ancaq I divizionda başqa klubda heç vaxt oynamaram. AZAL-a gəlməzdən öncə I divizion klublarından mənə təkliflər var idi, istəmədim.

Məftun RƏSULZADƏ

 





03.04.2017    çap et  çap et