Qol.Az

“Hələ ki, “Qarabağ”ın bəyəndiyi futbolçu yoxdur” – Əmrah Çəlikəl


 

“Hələ ki, “Qarabağ”ın bəyəndiyi futbolçu yoxdur” – <b style="color:red">Əmrah Çəlikəl</b>

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Qol.az-ın saytına müsahibəsi

- Dünən Premyer Liqada əsas rəqibiniz “Qəbələ” “Neftçi”yə uduzdu, “Qarabağ” isə AZAL-ı məğlub edib liderliyə yüksəldi. Demək olarmı ki, çempionluğun taleyi Bakıda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçında həll olunacaq?

- Bu barədə indidən danışmaq çox çətindir. Çempionatın sonuna hələ 6 tur var. Yəni, gözlənilməyən xal itkiləri ola bilər. Görürük ki, bir çox sürpriz nəticələr baş verir. Öz meydanımızda “Qəbələ”yə qalib gəlsək, “artıq çempionuq” demək düz olmaz.

- Klubunuzun vitse-prezidenti Tahir Gözəl bugünkü açıqlamasında bildirib ki, Qurban Qurbanovun istədiyi futbolçunu alacağıq. Ümumiyyətlə, baş məşqçiniz sizə konkret futbolçular təklif edibmi?

- Tahir bəy hər zaman transferlərlə maraqlanır. Bu mövzular ona da maraqlıdır. Ancaq dediyi kimi, bu məsələ Qurban müəllimin öhdəliyindədir. Qurban müəllim kimi istəsə, biz ona baxacağıq. Biz təklif verməliyik ki, transferlər baş tutsun. Klub prezidentimiz də, sponsorlarımız da bizə hər zaman dəstək olurlar. Ancaq hələ ki, bizim bəyəndiyimiz futbolçu yoxdur. Olsa, bu barədə işlər görəcəyik.

- Bu gün “Qarabağ”ın seleksionerlərinin izlədiyi futbolçular varmı? Varsa hansı ölkələrdəndi?

- Təbii ki, var. Müxtəlif ölkə çempionatlarındakı futbolçular izlənilir. İndidən hansısa bir futbolçunun adını çəkməyin düz çıxmaz. Bunlar transfer reallaşdıqdan sonra açıqlanacaq.

- Mövsümun sonunda baş tutması gözlənilən transferlər "Qarabağ"ın çempion olması ilə bağlıdırmı? Əgər çempion olmasa, planlar dəyişə bilər?

- Xeyr, belə deməzdim. Biz Avropada uğurlu nəticə qazanmaq istəyirik. Buna görə də transferlərin lazım olduğunu bilirik. Bunu Tahir bəy özü də bugün jurnalistlərə bildirib. Ümumiyyətlə, biz klub olaraq transferlərlə bağlı Qurban müəllimin istəyinə uyğun qərar verəcəyik. Və sponsorumuz "Azərsun Holdinq" "Qarabağ" adını yaşatmaq və bütün dünyada uğurla təmsil etmək üçün bizə dəstək olur.

- Bu mövsümün sonu müqaviləsi başa çatacaq oyunçularınız hansılardır və onlarla bağlı planlarınız necədir?

- Bu barədə hələ ki, fikirləşməmişik. Mövsüm başa çatdıqdan sonra bu məsələyə baxacağıq. Müqaviləsi bitəcək futbolçular var, amma indidən bu haqda nəsə deyə bilmərəm.

- Futbolçunuz Dani Kintanın son durumu necədir? O, hansı müddətə sıraya qayıda bilər?

- Hazırda əməliyyət sonrası müalicələri davam edir. Avrokubok matçlarında bizə qoşulacağını gözləyirik.

- Bəs, “Qarabağ” avrokuboklarda oyunlarını hansı stadionda keçirəcəyini müəyyənləşdiribmi?

- Bəli, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

- “Qarabağ”ın çempionat oyunlarına az azarkeş gəlir. Tribunalarınız da boş qalır. Bu problemin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görülür?

- Çox da boş qalır deməzdim. Kluba bağlı azarkeşləri hər oyun stadionlarda görmək mümkündür. Hətta səfər matçlarında da bizi dəstəkləyirlər. Ola bilər ki, Suraxanı şəhərin mərkəzi hissəsindən bir az uzaqdır deyə daha az azarkeş gəlir. Bizə görə azarkeş sayı yaxşıdır, daha da yaxşı ola bilər.

Məftun RƏSULZADƏ

 





15.03.2017    çap et  çap et