Qol.Az

“Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil" - Qara Qarayev


 

“Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil" - <b style="color:red">Qara Qarayev</b>

Milli komandamızın üzvü Qara Qarayev Qol.az saytına müsahibə verib. "Qarabağ"ın yarımmüdafiəçisi dünən Qətərlə keçirilən yoldaşlıq oyunundan, DÇ-2018-in seçmə mərhələsində Bakıda Almaniya millisi ilə qarşılaşacaqları görüşdən və digər məsələlərdən danışıb. 

- Almaniya ilə matç öncəsi son sınağımız idi. Çalışdıq ki, bu təlim-məşq toplanışında yaxşı nəticə qazanaq, yüksək əhval-ruhiyyə ilə Almaniya matçına hazırlaşaq. Qısa müddətli olmağına baxmayaraq,  keyfiyyətli təlim-məşq toplanışı keçirdik. Qətərlə də yaxşı oynadıq, qalib gəlməyi bacardıq.

- Prosineçki komandanın oyunundan razı qaldı?

- Bəli, öz tapşırıqlarını da verdi. Amma yenə də bəzi çatışmazlıqlarımız var və bunları aradan qaldırmalıyıq.

- Oyun tam qapalı keçirildi. Azarkeşsiz oynamaq necədir?

- Əslində, oyuna azarkeşlərin buraxılmaması, oyunun televiziyada yayımlanmaması haqqında heç bir məlumatımız yox idi. Biz oyunun gedişatında bildik ki, bəzi azarkeşlərimiz stadiona daxil olmaq istəyiblər, icazə verilmiyib.  Səbəbini deyə bilmərəm. Azarkeşsiz oyun maraqsız idi. Amma rəqibin də azarkeşlərinin olmamağı bizim işimizi asanlaşdırdı.

- Prosineçki milli komandaya yeni futbolçular dəvət edib.  Həmin futbolçuların debütü yaxşı alındı?

- Tez bir zamanda komandamıza uyğunlaşıblar. Amma bu futbolçuların artıq əsas heyətdə oynayacağını da demək olmaz. Onlar bu gün debüt edirsə, bu, baş məşqçinin futbolçulara olan inamının nəticəsidir. Yaxşı formada olduqları zaman baş məşqçimiz şans verəcək. Hər biri çempionatda yaxşı komandalarda oynayır və hər həftə matça çıxır. Əsas olan da budur.

- Uzun müddətdir ki, yığmamız bir araya gəlmirdi. Bu heyət necə təsir bağışladı?

- Düzü, yığmanın oyunu üçün darıxmışdıq. Milli komandanın uzun müddət bir araya gəlməməsi bizə müəyyən problem yaradıb. Amma Almaniya ilə oyun öncəsi belə bir təlim-məşq toplanışı bizim işimizi rahatlaşdıracaq. Kollektiv mübarizəni, oyunu daha da yaxşılaşdırmağımıza səbəb olacaq. Ancaq yenə deyirəm, uzun müddət milli komandanın toplaşmaması problemlər yarada bilər.

- DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə keçiriləcək oyuna da az qalıb.  Almaniyadan Bakıda xal almaq mümkündür?

- Almaniyadan xal ala bilərik desəm, özümü aldatmış olaram. Hamı bilir ki, biz dünya çempionlarına qarşı oynayacağıq. Futbolçularının gücü, çempionatlarının hansı səviyyədə olması aşkardır. Həqiqətən də çox çətin olacaq.

- Bəziləri düşünür ki, almanlar millimizə 5-6 qol vuracaq.

- İndidən milli komandaya belə “dəstək” olmaları  bizə motivasiya cəhətdən problemlər yaşada bilər. İşimizin çətin olduğunu bilirik. Ancaq uğur qazanmağımız üçün bizə dəstək lazımdır. “Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil.

Məftun RƏSULZADƏ

 





10.03.2017    çap et  çap et