Qol.Az

“Kamran şou-biznes adamı deyil ki, qalmaqalla gündəmə gəlsin”


 

“Kamran şou-biznes adamı deyil ki, qalmaqalla gündəmə gəlsin”

AZAL-ın müdafiəçisi Ruslan Əmircanovun Qol.az saytına müsahibəsi

- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?

- Hər şey plan üzrə gedir. Ağır məşqlər edirik. Belə də lazımdır. Məşqlər nə qədər ağır olsa, oyunlar bir o qədər asan olur. Yoldaşlıq görüşləri keçiririk. Hər şey qaydasındadır. Əsas odur ki, heç kimdə zədə yoxdur.

- Bəzi aparıcı futbolçular AZAL-ı tərk etdi. Hazırkı heyət nəyə qədərdir?

- Yoxlama oyunlarında komandamız yaxşı təsir bağışlayır. Yoxlanışda olan futbolçular var. Onlar da özlərini göstərməyə çalışır. Baş məşqçimiz bildirib ki, 1-2 legioner də heyətə cəlb olunacaq. Hər halda komandamıza yaxşı legionerlər gəlməlidir. Gərək elə futbolçu gətirilsin ki, yerlilər də ondan nəsə öyrənsin. Bizdən fərqlənməyəcəksə, gəlməyin mənası yoxdur. Baş məşqçimiz də çalışır ki, elə heyət qursun ki, mövsümün ikinci yarısında yuxarı pillələrə qalxaq. Sonuncu yer bizə yaraşmır.

- AZAL-dan fərqli olaraq əksər klublarımız məşqlərini Antalyada davam etdirir. Hazırlıq səviyyəsindəki bu fərq çempionatın ikinci yarısında sizə çətinlik yaratmayacaq?

- Bəli, maliyyə cəhətdən problemlərimiz olduğu üçün ölkə xaricinə gedə bilmədik. Düzdür, futbolçular üçün başqa ölkədə hazırlıq keçmək rahatdır. Üstəlik, səviyyəli komandalarla yoxlama oyunları keçirirsən. Ancaq bütün komandalar eyni məşq prosesini keçir. Hər halda kimin necə hazırlaşdığı fasilə bitəndən sonra bilinəcək.

- AZAL-ın büdcəsinin zəif olması futbolçuların mübarizə ruhuna təsir edir?

- Maliyyə durumu cəhətdən ən zəif klub AZAL-dır.  Ancaq acından ölmürük. Hamımız çalışırıq ki, komandamız Premyer Liqanı tərk etməsin. Komandanı elə bir pilləyə qaldırmalıyıq ki, AZAL-a yeni sponsorlar tapılsın.  AZAL-a gələn futbolçular vəziyyəti əvvəldən bilirdi. Heç kimə əvvəlcədən deyildiyindən az maaş verilmir. Hamı ilə konkret söhbət olub. Buna görə də heç bir narazılıq yoxdur.

- Komandanız sonuncu pillədən qurtulmaq üçün “Neftçi” ilə mübarizə apara biləcək?

- Gördüyünüz kimi, “Neftçi” maliyyə sarıdan əziyyət çəkmir. Yeni futbolçular alıblar. Kifayət qədər legionerləri də var. Düzdür, yoxlama oyunlarının hamısında uduzublar.  Bilmirəm, onların dərdi nədir. Yəqin ki, 3-cü dövrəyə daha yaxşı başalayacaqlar. Çalışacaqlar ki, Avropa Liqasına vəsiqə qazansınlar. Bilmək olmaz  çempionatın sonunda kim neçənci yerdə olacaq. Hamısı özümüzdən asılıdır. Biz də bilirik ki, büdcəmizin zəif olmasına baxmayaraq, 8-ci yer AZAL-a yaraşmır. Ötən mövsüm də AZAL-ın büdcəsi o qədər yaxşı deyildi. Ancaq komandanın uzun bir məğlubedilməzlik seriyası oldu və az qala Avropa Liqasına vəsiqə qazanacaqdı.

- Bilirik ki, millimizin qapıçısı Kamran Ağayevlə yaxın dostsan. Onun “Boavişta”dakı çıxışı və son günlər Azərbaycana qayıtmaq istəməsi haqda yayılan xəbərlərə münasibətini bilmək istərdik.

- Kamranla müntəzəm olaraq danışıram. Onun Azərbaycana qayıtmaq istməsi ilə bağlı yayılan xəbərlərin hamısı boş söhbətdir. Kamran özü deyir ki, “Boavişta” ilə mövsümün sonuna qədər müqaviləm var və ən azı o müddətə qədər Portuqaliyadayam. Onu “Boavişta”da həm futbolçu, həm də bir insan kimi sevirlər. Kamranın fikri odur ki, daha yaxşı klub, səviyyəli çempionata getsin.

- Yəqin Kamranın “Benfika” ilə oyundan sonra dava saldığına görə 3 oyunluq cəzalandığını bilirsən.

- Xəbərdaram. Kamran haqda mənfi şeylər yazanlar onu istəməyənlərdir. Dünən Kamranla o dava haqda danışdım. Deyir penaltini vuran futbolçu mənə tərəf tüpürdü. Bu, kameraya düşməyib. Kamran şou-biznes adamı deyil ki, qalmaqalla gündəmə gəlsin. Sadəcə, ona söyüblər. Kamranda da azərbaycanlı qanı axır, söyüşü qəbul etməz. Mənə də söysələr, həmin addımı atardım.

Ramiq AĞAMƏMMƏDOV

 





18.01.2017    çap et  çap et