Qol.Az

"Nəinki "Qarabağ", heç bir kluba keçmək istəmirəm" - Rauf Əliyev


 

"Nəinki "Qarabağ", heç bir kluba keçmək istəmirəm" - <b style="color:red"> Rauf Əliyev </b>

Bakının "İnter" klubunun və millimizin hücumçusu Rauf Əliyevin Qol.az saytına müsahibəsi

- Mövsümün ikinci yarısına hazırlıqlar necə gedir?

- Yanvarın 5-dən məşqlərə başlamışıq. Yüngün məşqlər edirdik. Sabahdan Türkiyə toplanışımız başlayacaq. Artıq tam fərqli hazırlıq olacaq. Müəyyən yoxlama oyunları keçirəcəyik. Çempionatın qalan oyunlarına çox ciddi hazırlaşacağıq. Komanda şəklində birləşmişik.

- "İnter"ə transfer qadağası qoyulduğundan komandanız yeni oyunçularla güclənə bilməyəcək. Bu vəziyyət sizə nə dərəcədə problem yarada bilər?

- Komandamızda kifayət qədər oyunçu var. Artıq bir ildir ki, eyni heyətlə çıxış edirik. Futbolçular bir-birini yaxşı başa düşür. Transfer qadağısna gəldikdə isə, bilirdik ki, belə bir cəza olacaq. İnanmıram ki, bizim üçün ciddi bir problem olsun. Yaxşı heyətimiz var. Komandamızda bizə faydalı olan futbolçular cəmləşib.

- Demək istəyirsən ki, "İnter"də nə artıq futbolçular var, nə də heyət kasadlığı?

- Bəli. Bəzi klublarda elə legioner oynayır ki, ondansa əvəzedici komandadan futbolçu gətirmək daha yaxşı olar. Xeyri dəymirsə, 4-5 legioner almağın nə mənası var? Ondansa öz futbolçularımızın oynamağı vacibdir.

- "İnter" indiki məqamda heyətini qorumalıdır. Klub rəhbərliyi bunu bacarmasa, necə olacaq?

- Bundan sonra komandamızı tərk edən olmayacaq. Bu heyət ən azı yaya qədər qorunacaq. Bildiyiniz kimi, yalnız Ağabala Ramazanov "İnter"i tərk edib.

- Ağabalanın indiki vaxtda "İnter"dən gedişi birmənalı qarşılanmadı.

 - Futbolçu karyerasında bu kimi hallar çox olur. Hər futbolçu daima bir komandada oynamır. Ağabala belə bir qərar verdi. Bu, onun karyerasıdır. Hörmətlə yanaşmalıyıq. İstərdim ki, "Qarabağ"da da işləri yaxşı getsin.

- Səncə, bunu bacaracaq? "Qarabağ"da güclü rəqabət var.

- Bu artıq Ağabaladan və "Qarabağ"dan asılıdır. Təki o, əvvəlki formasında qalsın. Arzu edirəm ki, əvvəlkindən də yaxşı çıxış etsin.

- Ağabalanın gedişi "İnter"i zəiflədəcək?

- "İnter"də Ağabalanı əvəz edəbiləcək futbolçular var. Düzdür, onun bizə köməyi çox dəyirdi. Ancaq Ağabalanın mövqeyində 4-5 futbolçu oynayır. Həm də "İnter" komanda şəklində mübarizə aparır. Bizdə fərdi seçilən oyunçu yoxdur. Komanda kimdənsə asılı deyil. Ona görə də inanmıram ki, Ağabalanın gedişi bizim üçün problem yaratsın.

- Demək olar ki, "İnter"də 1 ildə 3 dəfə klub prezidenti vəzifəsində dəyişiklik oldu. Bu amil futbolçularda narahatlıq yaradırmı?

- Yox. Bu dəyişikliyin bizə heç bir təsiri olmur. Futbolçular üçün hər şey eyni qaydada davam edir.

- Bu yaxınlarda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibəsində bildirmişdi ki, Rauf Əliyev "Qarabağ"a keçsə, Azərbaycanda ən yaxşı hücumçu olar.

- Ramin Musayev çox istədiyim insandır. Həmişə maraqlı açıqlamalar verir. Bəli, mən də onun bu sözləri ilə tanışam. Təbii ki, Ramin müəllimin fikirləri məndə gülüş yaratmışdı. Mən bu gün "İnter"də xoşbəxtəm. Bu gün nəinki "Qarabağ", heç bir kluba keçmək istəmirəm. "İnter" mənim üçün doğma klubdur. "İnter"lə müqaviləmin başa çatmasına 1.5 il var.

Ramiq AĞAMƏMMƏDOV

 





09.01.2017    çap et  çap et