Qol.Az

“Qarabağ”la “Qəbələ” arasındakı rəqabətə ləkə salmaq lazım deyil” - Qara Qarayev


 

“Qarabağ”la “Qəbələ” arasındakı rəqabətə ləkə salmaq lazım deyil” - <b style="color:red">Qara Qarayev</b>

“Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.az-a müsahibəsində “Qəbələ” ilə oyunda baş verənlər haqda danışıb.

- “Qəbələ” ilə oyunda yaşanan xoşagəlməz hallarla bağlı “Qarabağ” tərəfinin fikirləri mətbuatda az yer alıb.  İki dost komandanın oyununda baş verənlərə münasibətini bilmək istədik.

- “Qəbələ” və “Qarabağ” arasında gözəl bir rəqabət var. Bu, çempionatımızı daha yaxşı yerə gətirmək üçün lazım olan rəqabətdir. Bu rəqabətə ləkə salmaq lazım deyil. Bəzi insanlar buna cəhd edir. Düzdür, “Qəbələ” ilə oyundan sonra bir az xoşagəlməz anlar yaşandı, ancaq qarşıda hələ uzun marafon var. “Qəbələ” ilə daha iki görüşümüz olacaq. Bu komanda ilə oyunlarımız çempionatımıza rəng qatır. Bu rəqabəti bərbad vəziyyətə salmaq lazım deyil. Bunun üstündən keçmək lazımdır. “Qəbələ” də ilk pilləyə layiq olan komandadır. Bunu öz oyunları ilə göstəriblər. Qalan məsələlər haqda klubumuzun nümayəndələri danışa bilər. Biz futbolçular belə məsələləri şərh edəndə qalmaqal daha da böyüyür, başqa bir məcraya gedir. Həqiqətən “Qəbələ” ilə aramızda dostluq, qardaşlıq münasibəti var.

- Səncə, oyun ətrafındakı söz-söhbətlər “Qarabağ”ın qələbəsinə kölgə salır?

- Hər şeyə obyektiv yanaşmaq lazımdır. Bizim komandanın indiyə kimi heç bir xoşagəlməz məsələlərdə adı hallanmayıb. Əgər kimsə səhv edibsə, bu, bizə kömək etmək məqsədi ilə olmayıb. Bizim klub rəhbərliyi heç vaxt belə şeyə razı olmaz. Hakim səhv edə bilər. Bizə qarşı o qədər hakim səhvi olub ki... Heç vaxt hakimlərin bizə qarşı qərəzli olduğunu düşünməmişik. Bildiyiniz kimi, baş məşqçimiz heç bir oyunda hakim haqda şərh vermir. Fərqi yoxdur, istər qalib gəldiyimiz, istərsə də məğlub olduğumuz oyunlarda. Qələbəmizə kölgə salanlar da var, salmayanlar da.

- İstərdiniz hesab 1:1 olsun və bu cür söz-söhbətlər olmasın?

- Bu hesab da bəlkə də bizi qane edərdi. Ən azından “Qəbələ”dən uzaqlaşmazdıq. Bizim əsas məqsədimiz “Qəbələ” ilə xal fərqinin artmasına imkan verməmək idi.

- Komanda yoldaşın Riçar Almeyda 4 oyunluq cəzalandırıldı. Səncə, qərar sərt deyil ki?

- Oyundan sonra bu cür ajiotajın yaranması Riçardın sərt şəkildə cəzalanmasına səbəb oldu. Xatırlayıram ki, iki il bundan əvvəl mən rəqibə zərbə vurub qırmızı vərəqə almışdım. Ancaq mənə iki oyunluq cəza verdilər. Nizamnaməni bilmirəm, ancaq məncə, indiyə kimi Azərbaycanda yalnız “Neftçi”nin futbolçusu 4 oyunluq cəzalanıb. Hər halda bu cəza fevral ayına qədər Almeydanın olmaması deməkdir.

- “Qəbələ” ilə oyunda meydana çıxmadın.

- Əslində ayağımda bir az ağrı var idi. Ancaq baş məşqçimiz hər hansı bir problemə görə məni ehtiyatda saxlamamışdı. Bunu normal qarşılayıram. Çünki “Slovan”la da ağır oyun keçirmişdik. Bir az yorğunluğum da var idi. Mən oynamasam da komandamız qalib gəldi. Əsas budur.

Ramiq AĞAMƏMMƏDOV

 





01.12.2016    çap et  çap et