Vaqif Sadıqov: «Bu penalti çox şübhəli idi»

Vaqif Sadıqov: «Bu penalti çox şübhəli idi»
MÜSAHİBƏ 10 Fevral 2010 / 13:35 2929
-  A +

«Neftçi»nin baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi


- «Altılığ»a düşən və çempionluğa iddialı komandalarla oyunda «Neftçi» məğlub olmasa da, qələbə də qazana bilmədi. Ötən həftə «Qarabağ»la, dünən isə «Bakı» ilə oyunlar heç-heçə bitdi. Bu görüşlərdə üç xal əldə etmək üçün «Neftçi»yə nə mane oldu?
- Hesab edirəm ki, komandamız pis oynamır. Düzdür, sizin də qeyd etdiyiniz kimi, qələbə qazana bilmədik. Amma azarkeşlərimiz bilsin ki, qələbələr olacaq. Ən əsası odur ki, «Neftçi» əsas rəqibləri ilə oyunlarda bərabər səviyyədə mübarizə aparır. Məni komandamızın mücadiləsi qane edir.
- Hazırkı heyət sizin etimadınızı neçə faiz doğruldur?
- Çempionatın gedişatı zamanı bu suala cavab vermək doğru olmazdı. Mən «Neftçi»nin futbolçularının potensialına bələd idim, onlara inanırdım. Bu səbəbdən komandanı qəbul etdim. Əminəm ki, birgə işin nəticəsində biz daha da güclənəcəyik.
- Çempionatın bitməsinə üç tur qalıb. Bu həftə «Karvan», gələn həftə «Xəzər Lənkəran», növbəti turda isə «İnter»lə qarşılaşaqsınız.
- Bizim üçün çətin olacaq. Xüsusilə artıq «altılıq»da yerini təmin edən «İnter» və «Xəzər Lənkəran»la oyunlarda qətiyyən xal itirmək olmaz. Bu səbəbdən biz meydana ancaq qələbə üçün çıxıb qızıl xallar qazanmağa çalışacağıq.
- «Bakı» ilə dünənki oyunda ən çox yeni transferiniz Vladimir Voskoboynikovdan razı qaldığınızı dediniz. Bəs, narazı qaldığınız futbolçular kimlər idi?
- Təbii ki, razı qalmadığım futbolçular oldu. Amma ən vacibi odur ki, komandanın yeni futbolçularına dəstək lazımdır.  Estoniya millisini oyunçusu olan Voskoboynikova gəlincə, biz ona inanır və potensialına güvənirik. Mən tez-tez deyirəm ki, əsasən komanda futbolu oynamalıyıq. «Neftçi» komanda oyununa görə güclüdür.
- «Neftçi»də komanda oyunu görürsünüz?
- «Neftçi» indi etibarlı futbol nümayiş etdirir, oyun intizamını pozmur. Hələ bundan sonra da xeyli iş görməliyik ki, hücum xəttini gücləndirək, tez-tez qol vura bilək. Biz qol vurmaqda çətinlik çəkirik. Buna həm də rəqiblərimizin bizə qarşı ciddi oynamaları da səbəb olur. Götürək, «Qarabağ» və «Bakı» ilə son oyunları. Hər iki komanda bizə qarşı əks-hücum taktikası seçmişdilər. Bizdən çəkinirdilər. Belə məqamda futbolçu özünün fərdi səviyyəsini göstərməlidir.
- Dünənki qarşılaşmadan sonra «Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz bildirdi ki, komandasının qapısına təyin olunan penalti epizodunda qayda pozulmamışdı.
- Hesab edirəm ki, qayda pozuntusu var idi. Eyni zamanda onu da deyim ki, «Neftçi»nin qapısına təyin edilən penalti çox şübhəli idi. Qayda pozuntusunda adı keçən Raillə bu barədə söhbət etdim. O da qaydanı pozmadığını dedi. Amma bütün hallarda hakimin qərarına hörmətlə yanaşmalıyıq. Hakin nə görübsə, ona uyğun da qərar verib.
- Qarşıdakı oyunlarda komandanızın heyətilə bağlı problem var?
- Bəli. Leonard Naydin dördüncü sarı vərəqəni aldığına, Nazar Bayramov Türkmənistan millisinin düşərgəsində olduğuna, Cavid Hüseynov isə cəzalı duruma düşdüyünə görə «Karvan»la oyunu buraxacaqlar.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı