Olimpiya mükafatçılarımız karyerasını bitirdi

Olimpiya mükafatçılarımız karyerasını bitirdi
XƏBƏR 24 Oktyabr 2016 / 17:42 3536
-  A +

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.

Qol.az-ın Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, ukraynalı legionerlər yaşlarının çoxluğu səbəbindən bu addımı atıblar.

33 yaşlı Demyanenko 2007-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və yığmanın heyətində yer alıb. O, geridə qalan 8 il ərzində 3 dəfə dünya çempionu və 4 dəfə Avropa çempionu adına sahib çıxıb. "Rio-2016"nın gümüş medalçısı "Bakı 2015" I Avropa Oyunlarında 200 metr məsafəyə yürüşdə də eyni nəticə verib.

34 yaşlı Osipenko-Radomskaya isə 2014-cü ildə Azərbaycan pasportu alıb. Qadın kayakçı növbəti il Avropa və dünya çempionatlarında, eləcə də "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlsə də, mükafatçılar sırasına düşə bilməyib. Bu il isə o, Dünya Kubokunun 2 mərhələ yarışında 1 qızıl, 2 gümüş, 1 bürünc medala sahib çıxıb. Osipenko-Radomskaya olimpiadada 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.



Hər iki idmançı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamına əsasən təltif olunub. Olimpiya vitse-çempionu Valentin Demyanenko 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, bürünc mükafatçı İnna Osipenko-Radomskaya isə "Tərəqqi" medalına layiq görülüb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın