Futbol meydanından döyüş meydanına

Futbol meydanından döyüş meydanına
FUTBOLUN TARİXİ 23 Oktyabr 2016 / 12:10 6627
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: Heç kim və heç nə unudulmur

İndi “Novruz Əzimov kimdir” sualını versək, cavabların əksəriyyəti “Bakı”nın baş məşqçisi” kimi olar. Orta nəsil isə onun “Neftçi”dəki oyunlarını xatırlayacaq. Bəli, Novruz Əzimov yaxşı futbolçu olub, hələ SSRİ dönəmində ölkənin bir nömrəli komandası olan “Neftçi”yə düşməyi bacarıb. Müstəqillik dövründə “Kəpəz”də də oynayıb, kubok qazanıb. Amma onun həyatı tək futboldan ibarət olmayıb. Novruz Əzimov çoxlarına örnək olacaq həyat sürüb. Eyni zamanda çoxunun göstərmədiyi şücaət göstərib. Bu yazımızda da Əzimovu sizlərə, indiki nəslə tək futbol adamı kimi yox, həm də örnək insan kimi tanıtmaqdır. Bu cür insanlar Azərbaycan futbolunda nadir olub. Beləliklə:


Laçınlı Mehdiabad uşağı


Novruz Əzimov 1960-cı ildə Azərbaycanın dilbər guşələrindən olan Laçında anadan olub. Lakin dogma rayonda cəmi 1 il yaşayıb. 1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb və Mehdiabad qəsəbəsində böyüyüb boya-başa çatıb. Futbolla uşaqlıqdan məşğul olub, Ruslan Abdullayevin rəhbərlik etdiyi “Neftçi”nin hazırlıq qrupunda futbolun sirlərini öyrənib. Peşəkar futbola gəlişi isə 17 yaşında olub. 1977-ci ildə “Spartak” stadionunda perspektivli futbolçulara baxış turniri keçirilirdi. Əzimov o turnirə Bakının gənclərdən ibarət komandasının heyətində qatılmışdı. Elə həmin turnirdə göstərdiyi oyunla da Naxçıvan “Araz”ın məşqçilər korpusunun diqqətini cəlb etdi və bu komandaya dəvət aldı. Bununla da peşəkar karyerası başladı. O zaman “Araz” SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edirdi. Lakin elə alındı ki, gənc Novruzun “Araz”da işləri qaydasında getmədi və yenidən Bakıya qayıdıb “Suraxanı”da forma geyinməyə başladı. Lakin 1980-cı ildə yenidən “Araz”a dəvət aldı və bu dəfə hər şey daha yaxşı alındı.


“Neftçi”yə dəvət aldı, qovuldu, yenə döndü

1980-ci ilin yayında Əhməd Ələsgərovun dəvəti ilə “Neftçi”yə keçir. Lakin “Araz”da olduğu kimi, burada da debüt uğursuz alınır. Hər şey isə əvəzedicilərin SSRİ çempionatı çərçivəsində Sumqayıtda Qazaxıstan “Kayrat”I ilə keçirilən oyunda baş verir. Heç-heçə başa çatan oyundan sonra baş məşqçi Əhməd Ələsgərov futbolçuları sərt tənqid edir və hətta deyilənə görə söyür də. Məhz bu söyüşə dözməyən Novruz baş məşqçiyə cavab qaytarır. Üstəlik, bildirir ki, Ələsgərov onu öyrəşmədiyi sağ cinahda oynadır. Bu mübahisənin sonucu Ələsgərovun Əzimovu komandadan qovması ilə nəticələnir. Vəziyyət belə olunca, Novrzu yenidən “Araz”a dönür. Deyirlər, hər işdə bir xeyir var. Əzimovun da xeyiri elə bu qobulmağında oldu. Belə ki, yenidən “Araz”a qayıtdıqdan sonra özünə uyğun mərkəz müdafiəçisi mövqeyində oynayan Novruz eyni zamanda vurduğu beş qolla da diqqət mərkəzinə düşür. Elə məhz bu xüsusiyyətinə görə, Əhməd Ələsgərov keçmişdə olanları unudub onu yenidən “Neftçi”yə qaytarır. 1982-ci il martın 26-da Donetsk “Şaxtyor”u ilə səfər qarşılaşmasında meydançaya çıxan Novruz “Neftçi”nin heyətində debüt edir. Qolsuz heç-heçə ilə başa çatan oyunun qəhrəmanlarından biri də məhz elə o olur. Bundan sonra Bakıda “Dnepr”lə keçirilən matçda bir epizodda müdafiəçi kobud səhvə yol verir. Xoşbəxtlikdən rəqib bundan yararlana bilmir. “Neftçi” həmin oyunda 3:0 hesabı ilə qalib gəlsə də, baş məşqçi Novruzu bağışlamır. Belə olunca o, əvəzedici komandaya göndərilir. Bununla belə, qısa fasilədən sonra yenidən müdafiəçiyə ehtiyac duyulur.

Onu futbola qaytaran Ukrayna həkimləri

İşlərin yaxşı getdiyi bir anda lənətlənmiş zədə işləri korlayır. Moskvadakı oyunların birində diz oynağından ağır zədə alır və əməliyyat olunur. Həkimlər zədənin ciddi olduğunu və yaşıl meydançalara dönməyə tələsməməyi məsləhət görsə də, Əzimov onların sözünü qulaqardına vurur və tam sağalmamış futbola qayıdır. Lakin bunun fəsadları daha ağır oldu. Diz oynağında artrozlar əmələ gəldi və maye yığılmağa başladı. 1983-cü ildə komandaya yeni baş məşqçi gələn Kazbek Tuayev  onu “JB”a (”Jelez Betonniy İzdelii”) göndərdi. Bildirdi ki, ordan maaş da alacaq. Lakin bunu qəbul etməyən Novruz öz istəyi ilə ərizə yazıb “Neftçi”dən ayrıldı. Demək olar ki, futbolu buraxmaq haqda düşünürdü. Onsuz da qarşıdan hərbi xidmət gəlirdi. Elə hərbi xidmətə hazırlaşarkən təsadüfən küçədə keçmiş komanda yoldaşı Elxan Rəsulovu görür. Rəsulov Novruzdan niyə futbol oynamadığını soruşanda cavabında dizindəki zədəni göstərir. Elxanın cavabı ümid erici olur: Gəl Lvova. Oynaya bilsən, lap yaxşı, oynaya bilməsən orada “OİK”də (Ordu İdman Klubunda) xidmətini keçərsən. Bununla da Əzimovun futbol həyatında dönüş nöqtəsi başlayır. Ukrayan gedən Əzimov orda həkim müayinəsindən keçir və ukraynalı həkimlər onun müalicəsinə başlayır. Müalicə uğurla yekunlaşır və Novruz yenidən yaşıl meydanlara qayıdır. Hətta onu bərpa üçün sanatoriyaya da göndərirlər. Sonra Karpat OİK-nə cəlb olunur. Həm futbol oynayır, həm də əsgərliyi çəkir.

Yenidən “Neftçi”yə

O, “Neftçi”nin digər yetirməsi, qapıçı Elxan Rəsulovla birgə OİK-in şərəfini qoruyur. Novruzun Lvovdan Bakıya dönüşünün də maraqlı tarixçəsi var. OİK “Karpatı” 1984-cü il mövsümünün son oyununu Riqada keçirirdi. Həmin matçı izləyənlərv arasında “Neftçi”nin məşqçisi Ağasəlim Mircavadov da var idi. Oyundan sonra Mircavadov Əzimovla Rəsulovu “Neftçi”yə dəvət edir. Ukraynalılar isə Novruzu buraxmaq istəmirdi. Hətta Karpatıda ona ev də təklif edilər. Lakin həmyerlimiz vətənə dönməyə qərar verir. İlk gündən əsas heyətə düşən müdafiəçi ard-arda 16 oyun mövqeyini heç kimə vermədi. Lakin Rostovda növbəti oyun zamanı yenidən ciddi zədə aldı və bu dəfə ayağı 3 yerdən sındı.


Nə yaxşı ki, Fuad Musayev var imiş

Zədələnəndən sonra vəziyyət yenidən pisə doğru dəyişməyə başlayır. Həmin günə qədər hamının xüsusi diqqət və hörmət yetirdiyi, haqqında təriflər yağdırdığı Novruz Əzimov bir zədə ilə unudulmağa başladı. Bir tərəfdən də həkimlər bədbin proqnoz verərək, “ola bilsin bir də futbola qayıtmadın” deməyə başladı. Bu arada, klub da verdiyi sözü tutmadı. Əzimov zədə almamışdan qabaq, əla formada olan vaxt ona mənzil veriləcəyinə dair də söz verilmişdi. Lakin zədə alınca həmin söz də unuduldu. Əzimovun ayağı 72 gün gipsdə qaldı. Çətin dönəmdə ona dəstək olan və kömək əlini uzadan tək-tük insanlardan biri Mərkəzi Komitənin katibi Fuad Musayev oldu. Bir gün təsadüfən komandanın bazasına gələn Musayev futbolçuların problemi ilə maraqlanarkən Əzimovun evə ehtiyacı olduğunu öyrənir. Dərhal göstəriş verir və Novruza 2 otaqlı mənzil verilir. Zədəsi sağalandan sonra futbola qayıdan müdafiəçi 1990-cı ildə “Neftçi”ni tərk edir. Belə ki, baş məşqçi Ruslan Abdullayevlə Əzimovun arasında münaqişə yarandı. “Neftçi” peşəkar kluba çevriləndə futbolçularla peşəkar müqavilələr imzalanırdı. Ruslan Abdullayev boş müqavilələri oyunçulara təqdim edəndə, Novruzla Nazim Süleymanov ona imza atmaqdan boyun qaçırdırlar. Bu səbəbdən Əzimov komandanı tərk edib yenidən Lvova yollanmaq istədi. O, bu məqsədlə hətta 1990-cı il yanvarın 22-nə təyyarə bileti də sifariş vermişdi. Ancaq 20 yanvar hadisələri onu fikrindən daşındırdı. Üstəlik ailəsi də gedişinə razı olmur.  Nəticədə o, Qazaxa yollanır. 1991-ci ildə birinci dövrəni “Göyəzən”də, ikinci dövrəni isə “Kəpəz”də keçirir.
Əhməd Ələsgərovun “Neftçi”yə gəlişi müdafiəçini yenidən “Neftçi”yə qaytardı. Əzimov “Neftçi”nin heyətində SSRİ güclülər dəstəsində cəmi bir qola imza atıb. Maraqlıdır ki, bu, “Neftçi”nin güclülər dəstəsində rəqib qapılarından keçirdiyi sonuncu qol olub.
 

Yaşıl meydanlardan səngərə

İndi keçək Əzimovun bir çoxlarına örnək olacaq vətənpərvərliyini sübut edən məqamlara. Bəli, Əzimov 1992-ci ildə ilk müstəqil Azərbaycan çempionatında bir görüş keçirdikdən sonra könüllü olaraq cəbhəyə yollandı. Laçın Özünümüdafiə Batalyonunun tərkibində Laçın, Kəbəcər, Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Novruz bir neçə dəfə ölümlə üz-üzə qaldı. Maraqlıdır, necə oldu ki, “Neftçi”də oynadığı vaxtı həmkarlarının əksəriyyətindən fərqli davranıb, döyüş bölgəsinə yollandı? Hər şey Xocalı faciəsindən sonra oldu. Mİllətinə, xalqına qarşı olan vəhşiliklərə dözə bilməyən N.Əzimov futbolu bir kənara tullayıb silaha sarılmağa qərar verir. Bu arada, maraqlı bir məqama da toxunaq. Martda səngərə gedən Əzimov mayda Bakıya məzuniyyətə gəlir. İş elə gətirir ki, mayıın 8-də futbol üzrə ilk Azərbaycan çempionatına start verilir və “Neftçi” də Sumqayıt “Xəzər”i ilə üz-üzə gəlir (Şuşanın işğal günü). Həmin oyunda “Neftçi” forması ilə meydançaya çıxan Novruz səhəri gün yenidən cəbhəyə qayıdır. O dogma rayonunda Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşməyə başlayır. Fədakarlıqla döyüşür, dəfələrlə düşmənlə üz-üzə gəlir, ölümdən dönür. Məsələn, Çağasur kəndində 6-7 nəfərlə 20-ə yaxın erməninin mövqe tutduğu və hündürlükdə yerləşən 31-ci postu ələ keçirən zaman əməlli-başlı atışmaya düşüblər. Say azlığına baxnayaraq, düşməni həmin yüksəklikdən qovmağı bacarıblar. Əzimov həm də kəşfiyyatçı olub. Bir dəfə düşmən tərəfdən iki erməni əsir götürüb. Sonradan amansız döyüş zaman xeyli itki verirlər və qeyri-bərabər döyüşün sonucu olaraq mövqelərini tərk etməli olurlar. Məlum məsələ idi ki, o vaxt ön cəbhəyə kömək getmirdi. Məhz mövqelərimizi tərk edən zaman Novruz həmin iki ermənini də özü ilə götürür. Həm əldən gedən mövqelər, həm də xeyli silahdaşının gözü önündə şəhid olması veteran  futbolçuya çox pis təsir edir. Ona görə də həmin iki əsir ermənini çay qırağına apararaq güllələyir və sonra dogma Laçından bir ovuc torpaq götürərək oranı tərk edir.

1994-cü ildə atəşkəs elan olunandan sonra Novruz yenidən futbola qayıdır. Bir ara “Kəpəz”də oynayır. Sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Çinar” komandasına keçir. Həm polis orqanlarında işləyir, həm də futbol oynayır. Sonradan bu komanda ilə “Qartal-95” birləşərək “Dinamo” adı altında güclülər dəstəsinə vəsiqə qazanır. Elə futbolçu kimi son klubu da “Dinamo” olur. Burada futbola son verən Əzimov məşqçiliyə başlayır və bu günə kimi də məşqçiliyi davam etdirir.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər