Millimizin sabiq baş məşqçiləri "Avro-2012"nin püşkatma nəticələrini dəyərləndirdi

XƏBƏR 9 Fevral 2010 / 01:00 2235
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının düşdüyü A qrupu və keçirəcəyi oyunlar haqda millimizin sabiq baş məşqçiləri fikirlərini bildiriblər.

İqor Ponomaryov: “Fikrimcə, Azərbaycan yığması çətin qrupa düşüb. Əsas mübarizə Türkiyə ilə Almaniya arasında gedəcək. Almaniya qrupun şəksiz favoritidir. Türkiyə ilə yanaşı, Belçika və Avstriya da qrupda 2-cilik uğrunda oynayacaqlar. Avstriya yığması 2008-ci il Avropa çempionatından sonra forma yığmaqdadır. Qazaxıstana da ciddi yanaşmaq lazımdır. Məncə, Bakıda Belçikadan xal almağımız mümkündür. Yığmanın baş məşqçisi olduğum vaxt bu rəqiblərdən Türkiyə ilə 2002-ci il dünya çempionatının seçmə tsiklində qarşılaşmışıq. Həmin vaxt da “ay-ulduzlular” güclü idilər. Dünya çempionatının bürünc medalını qazandılar. Elə indi də Türkiyə futbolu inkişafdadır. 2 il öncə Avropa çempionatının bürünc medalını qazanıblar. Bir sözlə, bu qrupda Azərbaycanı çətin oyunlar gözləyir”.

Kazbek Tuayev: “Asan qrup deyil. Orta səviyyəli qrupa düşmüşük. Almaniyanın gücü məlumdur. Türkiyə də mürəkkəb rəqibdir. “Ay-ulduzlular”la qarşılaşmalarımızda yaxşı oynasaq da, məhsuldarlıq olmayıb. Avstriya və Qazaxıstanla yaxşı oynamaq olar. Belçika yığmasına gəldikdə, baş məşqçisinin Dik Advokat olması vəziyyəti bir qədər dəyişir. O, bir müddət Rusiyada çalışdığı üçün yəqin ki, Azərbaycan futbolu ilə də maraqlanıb. Advokatın Belçika millisini seçmə tsiklin startınadək normal vəziyyətə gətirəcəyini düşünürəm. Yığmamızın qrupda neçə xal toplamasının və hansı pillə uğrunda mübarizə aparmasının mümkünlüyünü deməyəcəyəm. Çünki proqnoz verməyi xoşlamıram. Amma ötən tsikllərlə müqayisədə yaxşı çıxış edə bilərik”.


Ağasəlim Mircavadov: “Ağır qrupdur. Favorit də var ki, bu, Almaniyadır. Əslində, favoritin olması yaxşı haldır. 1-2-ci yerlərə 4 komanda namizəd ola bilər. 2-ci yerə Türkiyə və Avstriya daha şanslıdırlar. Belçikanın səviyyəli çempionatlarda çıxış edən gənc futbolçuları var, bu komanda da 2-ci yerə iddia edə bilər. Qrupumuzdakı bütün rəqiblər bizə tanışdır. Belə rəqiblərlə oynamaq futbolçularımız üçün özlərini yenidən göstərmək baxımından bir şansdır. Təqvimdən də çox şey asılıdır. İlk oyunu Bakıda Avstriya və ya Qazaxıstanla keçirmək daha münasib olardı. Həm də seçmə tsiklə qələbə ilə başlasaq, növbəti oyunlar üçün motivasiya yüksələr. 4 günə 2 oyun keçirməkdən imkan daxilində qaçmalıyıq. Bir də ki, yığmamız üçün noyabra seçmə oyun salınmamalıdır”.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın