Bağırov stadiona necə ot əkdirdi...

Bağırov stadiona necə ot əkdirdi...
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2016 / 12:58 12687
-  A +

Bakının ilk ən böyük futbol arenasının yaşıl örtüyü barədə tarixi faktlar


Bəri başdan deyim ki, futbol azarkeşi deyiləm. Amma son vaxtlar Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün keyfiyyəti ilə bağlı mətbuatda gedən yazılar mənim də diqqətimi cəlb edib. Və bu, stadion tikiləndə – 1948-ci ildə ot örtüyü probleminin o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun bir göstərişi ilə necə həll olunduğu barədə arxiv sənədlərini yadıma salıb. Bu sənədlərlə mən stadionun tarixi haqqında televiziya filmi hazırlayarkən rastlaşmışdım.

Həmin sənədlərdən oxumuşdum ki, Bakının mərkəzində böyük bir  stadion tikmək ideyası ötən əsrin 20-ci illərinin sonunda meydana gəlib. Hələ 1929-cu ilin dekabrında stadionun layihəsinin hazırlanması üzrə açıq müsabiqə elan edilib. Lakin stadionun layihələşdirilməsi və tikilməsi prosesi çox uzun çəkib və bu nəhəng idman arenasının təntənəli açılışı yalnız 1951-ci il sentyabrın 16-da mümkün olub.

Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar inşası 1941-ci ildə müvəqqəti dayandırılan Respublika stadionunda tikinti işlərinə növbəti dəfə 1947-ci ilin yanvarında start verilib. Bununla bağlı Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Ələkbərovun Azərbaycan SSR Nazirlər Sovetinə ünvanladığı 16 yanvar 1947-ci il tarixli məktubda deyilirdi ki, “1941-ci ildə inşası müvəqqəti dayandırılmış respublika stadionunun tikinti işləri Hökumətin qərarı ilə 1946-cı ildə bərpa edilmişdir. 1946-cı ildə əsasən tikintinin rekonservasiyası və əsas istehsalat məsələlərinə hazırlıq işləri görülmüşdür”.

Arxiv sənədləri stadionun ot örtüyü məsələsinin də həmin 1947-ci ildə ortaya çıxdığını və bu barədə xüsusi müzakirələr aparıldığını göstərir. O vaxt  Moskvadan Bakı inşaatçılarına məsləhət görülüb ki, SSRİ-nin böyük şəhərlərində tikilmiş stadionların ot örtüyü ilə bağlı təcrübəsindən yararlanmaqla stadionu yaşıllaşdırsınlar.

Lakin Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyevin 1948-ci il martın 15-də SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri N.Romanova göndərdiyi məktubdan aydın olur ki, ot örtüyü məsələsində başqa şəhərlərin təcrübəsini Bakıda tətbiq etmək qeyri-mümkündür. T.Quliyev yazır: “Bakı şəhərinin iqlim və torpaq şəraiti tikilməkdə olan stadionun futbol meydanının yaşıl örtüyü üçün mövcud toxumqarışdırma təcrübəsindən istifadə etməyə imkan vermir. Azərbaycan SSR Nazirlər Soveti Bakı şəhərindəki Çoxillik Bitkilər İnstitutuna tapşırıb ki, Bakı stadionu üçün uyğun toxum qarışığı almaqdan ötrü təcrübə-tədqiqat işləri aparsın”.

Bundan sonra Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Elmlər Akademiyasının Botanika İnstitutunun, Azərbaycan SSR Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun və Azərbaycan SSR Elmi-Tədqiqat Torpaqşünaslıq İnstitunun əməkdaşları Bədən Tərbiyəsi və İdman Komitəsinin nümayəndələri və stadion layihəsinin müəllifi ilə birlikdə stadionun yaşıllaşdırılması sahəsində vəziyyətlə yerində tanış olublar. Uzun müzakirələrdən sonra iki fikir meydana gəlib: Botanika İnstitutu ilə Çoxillik Bitkilər İnstitutu təklif edib ki, stadionun yaşıllaşdırılma işini adi kökümsov gövdəli alaq otlarının – çayır və su çayırının köməyi ilə təmin etmək olar. Sadəcə bununla əlaqədar müəyyən təcrübə aparmağa ehtiyac var. Əgər bu sahədə təcrübələr müsbət nəticə versəydi, stadionun yaşıllaşdırılmasına yalnız bir ildən sonra başlamaq olardı...



Respublika stadionu bu gün


Elmi-Tədqiqat Torpaqşünaslıq İnstitutu isə stadionu bir neçə bitkinin qarışığından istifadə etməklə yaşıllaşdırmağı təklif edib. Arxiv sənədlərində “kökümsov, köküçıxıntılı və seyrəkkollu bitkilərin qarışığı” deyilən mürəkkəb terminolgiyadan istifadə olunub. Bu ot örtüyünün alınması üçün də eksperimentlər aparmaq və stadionun yaşıllaşdırma işlərinə bir il doqquz aydan sonra başlamaq təklif edilirdi...
Sənədlərdən görünür ki, o vaxt Bakı şəhərinin iqliminə oxşar iqlimdə yaşıllaşdırma təcrübəsi barədə hər hansı məlumat olmayıb. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi hər iki təklif üzrə eksperimentlər aparmağa razılıq verib. Bu məqsədlə xüsusi suvarma qurğularının alınması, fasiləsiz su təchizatının təşkili və s. üzərində ciddi işə başlanılıb.

Bütün bunlarla yanaşı Azərbaycan SSR-in o vaxtkı kənd təsərrüfatı naziri İmam Mustafayev bu məsələyə dair müzakirələrin nəticəsi barədə Nazirlər Sovetinə ünvanladığı məktubun sonunda “Tehran stadionunun yaşıllaşdırılması üzrə səhih məlumatların alınmasının çox vacib olduğunu” ehtiyatla qeyd edib. Onu da xatırladıb ki, “iqlim şəraitinə görə Tehran Bakı şəhərinin şəraitinə çox uyğun gəlir və Tehran stadionu Şərqdə ən yaxşı stadion kimi tanınır”.    
Bundan sonra sovet bürokratiya maşını işə düşüb: bir nazirlik suyun fasilələrlə verildiyindən şikayət edib, başqa nazirlik texnikanın çatışmadığını yada salıb və s.

Nəhayət, respublikanın rəhbəri Mircəfər Bağırov bu problemin çözülməsinə özü qarışıb. Arxivdə Azərbaycan K(b)P MK katibi M.C.Bağırovun 1948-ci il noyabrın 17-də  Nazirlər Sovetinin sədri Quliyevə və Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Buzadkova ünvanladığı bir məktub var. Məktubda deyilir ki, “bu gün mən tikilməkdə olan stadiona baxdım, qeyd etməyi vacib sayıram ki, yaxın günlərdə biz bu tikinti ilə bağlı bütün kompleks məsələləri müzakirə etməliyik”.

Daha sonra Bağırov mətləb üstünə gəlir: “...Mənə dedilər ki, stadionun meydanı üçün yaşıl örtük seçilməsi üzərində hansısa komissiya və ya institut işləyir. Bu kimin ağlına gəlib, bilmirəm. Təcrübə aparmağa ehtiyac yoxdur. Ayrıqotu (rus dilində “pırey” – M.H.) ən yaxşı yaşıl örtük ola bilər... Xahiş edirəm müvafiq yoldaşlara tapşırasınız ki, on gün müddətində, maksimum iki həftə ərzində bu məsələ ilə bağlı əsaslı təkliflər versinlər”.

Müvafiq yoldaşların bu məsələ ilə bağlı Mircəfər Bağırova hansı təklifləri verdiklərini söyləmək çətindir. Amma 1951-ci il sentyabrın 16-da - Respublika stadionunun açılışı günü keçirilən “Neftçi” - “Spartak” (Vilnüs) oyununda qonaqların qapısına ilk qolu vuran əfsanəvi futbolçu Ələkbər Məmmədov hələ sağlığında bizimlə söhbətində demişdi ki, o vaxt stadionu yaşıllaşdırmaq üçün ot örtüyünü Lənkərandan gətirmişdilər. Torpaqla birlikdə kvadrat şəklində kəsilib xüsusi maşınlara yığılan ot örtüyü birbaşa maşınlardan götürülüb stadiona düzülürdü...

Məlumat üçün deyim ki, indiki Tofiq Bəhramov adına stadion onda İosif Stalinin adını daşıyırdı...

Müsəllim HƏSƏNOV
Qol.az saytı üçün










Səhifənin yuxarısına keçidYuxarı

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı