Ömər Üründül: «Türkiyə ilə Azərbaycan arasındakı oyun təkcə qardaşlıq yox, həm də derbi matçıdır»

Ömər Üründül: «Türkiyə ilə Azərbaycan arasındakı oyun təkcə qardaşlıq yox, həm də derbi matçıdır»
MÜSAHİBƏ 8 Fevral 2010 / 20:09 3437
-  A +

Azərbaycan milli komandasının Türkiyə ilə «Avro-2012»nin seçmə mərhələsində eyni qrupda yer alması qardaş ölkənin futboluna, futbol adamlarına onsuz da böyük olan diqqətimizi daha da artırdı. Bu səbəbdən Qol.Az-ın əməkdaşı bu dəfə müsahib qismində Türkiyənin ünlü köşə yazarı, TRT kanalının Azərbaycanda da populyarlıq qazanmış «Stadium» verilişinin şərhçisi Ömər Üründülə müraciət etdi. Təəssüf ki, Ömər bəy vacib bir toplantıya tələsdiyini bildirərək bütün suallarımızı cavablandıra bilməyəcəyini söylədi. Bununla belə, bu dəyərli futbol şərhçisinin Azərbaycan millisi ilə bağlı qısa olan fikirləri də yəqin ki, az maraq kəsb etməyəcək.

- Öncə ondan başlayaq ki, dünən Varşava şəhərində keçirilən Avropa çempionatının püşkatma mərasimində Türkiyənin rəqibləri bəlli oldu. Artıq indidən ölkənizdə milli komandanızı «Avro-2012»də görənlər var. Siz bu barədə nə düşünürsünüz?
- Hər şeydən əvvəl onu deyim ki, hazırda bizim milli komandamız ciddi problemlər yaşayır. Xüsusilə komandanın heyəti ilə bağlı sorunlar mövcuddur. Bu səbəbdən heç bir matçda favorit ola bilmirik. Belə problemlərin bizə vurduğu zərbəni çox yaşadıq. Ən son acı nümunə komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsidir. Ötən seçmə mərhələdə də Belçika bizim qrupumuzda yer almışdı. DÇ-2010-nun seçmə mərhələsində ikincilik üçün ən güclü namizəd biz olsaq da, çox pis günlərini yaşayan Belçika ilə oyunlarda beş xal itirdik. Bu mənada, mən indi rəqiblərimizin kimliyinə baxmıram. Hesab edirəm ki, Türkiyə millisi ilk növbədə problemlərini həll etməlidir.
- «Heç bir matçda favorit ola bilmirik» dediniz. Azərbaycanla oyunla bağlı da eyni fikirdəsiniz?
- Biz qardaş ölkəyik. Amma öz aramızda keçirdiyimiz oyunların hamısı gərginliyi ilə yadda qalıb. Biz dost və qardaş ölkə olduğumuzdan komandalarımızın futbolçuları bu oyunları həm də derbi kimi qəbul edirlər. Bəli, Türkiyə ilə Azərbaycan arasındakı oyunlar təkcə qardaşlıq yox, həm də derbi matçlarıdır. Ona görə də futbolçular oyunlara daha ciddi hazırlaşırlar. Bu mənada, düşünürəm ki, Azərbaycan komandası ilə oyunlar bizim üçün çox çətin keçəcək.
- Türkiyə ilə Azərbaycan arasında Kayseri şəhərində keçirilən yoxlama oyununu televiziyada siz də şərh edirdiniz.  Komandamızın oyununu yaxından izləmək imkanınız oldu. Azərbaycan millisi haqda fikirlərinizi bilmək istərdik.
- Həmin oyunda Azərbaycan millisi mənə meydanın hər qarışı uğrunda sonadək mübarizə aparan, çağdaş futbolu ortaya qoymağa çalışan bir komanda təsiri bağışladı. Ancaq komadanızın hücum xəttində problem var, həlledici anda tez-tez top itirirlər.
- Həmin matçda bizim komandayla bağlı diqqətinizi daha nə çəkdi?
- Komandanızın dirəniş göstərməsi. Bu, hazırkı futbolda çox önəmlidir. Millinizdə nizam-intizam da var. Amma dediyim kimi, ön xəttdə problemlər mövcuddur ki, bunları aradan qaldırmaq lazımdır.
- Berti Foqtsu Azərbaycan millisində əcnəbi futbolçulara çox şans verdiyinə görə tənqid edirlər. Bu barədə fikirləriniz necədir?
- Mənim üçün ən yaxşı məşqçi əlindəki materiala görə doğru sistem quran məşqçidir. Güclü, oturuşmuş bir komandaya məşqçilik etmək çox çətindir. Məsələn, Del Boske bizdə «Beşiktaş»da işlədi, amma uğursuz nəticə verdiyi üçün tez bir zamanda da istefaya göndərildi. Halbuki o, «Beşiktaş»a gələnə qədər Madrid «Real»ına Çempionlar liqasını qazandırmışdı. İndi də İspaniya millisinin baş məşqçisidir. Amma «Beşiktaş»da heç bir şey edə bilmədi.
Berti Fotqs da Almaniyanı Avropa çempionu edib və indi Azərbaycanda işləyir. Dediyiniz kimi, tənqidlər olursa, bunlar normaldır.
- Türkiyə və Azərbaycan komandalarının oyunlarına hansı proqnozunuzu verərdiniz?
- Konkret hesab deyə bilmərəm. Amma bizim ölkədə keçiriləcək oyunun favoriti Türkiyədir. Bakıdakı matç isə çox çətin keçəcək, hər şey ola bilər.
- Ümumiyyətlə, Azərbaycan futbolu haqda sizdə nə kimi məlumatlar var?
- Təəssüf ki, ətraflı məlumatım yoxdur.
- Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov Türkiyənin «Kocaelispor» klubunda oynayırdı. Bu futbolçunu tanıyırsınız?
- Əlbəttə. Onun «Kocaelispor»dakı oyununu bəyənirdim. İndi «Kocaelispor»dan ayrıldığını bilirəm. Onun potensialı nəinki Türkiyə superliqasında, hətta «dörd böyüklər»də də oynamağa imkan verir.
- Yəqin ki, Bülənt Qorxmazın Azərbaycanın «Bakı» komandasında çalışmasından xəbərdarsınız…
- Bülənt çox əzmkar futbolçu idi. Məşqçiliyə yeni başlayıb. O, bir məşqçi kimi əlindən gələn ən yaxşı şeyləri etməyə çalışır.
- Son olaraq, Türkiyə millisinin oyununu izləmək üçün Bakıya gələcəksiniz?
- Əlbəttə. İnşallah, Azərbaycanda görüşərik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın