Coko Haciyevski: “Berti Foqts və komandası artıq nəticə verməlidir”

Coko Haciyevski: “Berti Foqts və komandası artıq nəticə verməlidir”
ÖLKƏ FUTBOLU 8 Fevral 2010 / 17:32 2318
-  A +

Milli komandamızın və “Bakı”nın keçmiş baş məşqçisi Coko Haciyevski dünən keçirilən "Avro-2012"-nin seçmə mərhələsinin püşkatmasına münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində makedoniyalı mütəxəssis bildirib ki, millimiz çox güclü qrupa düşüb: “Azərbaycan millisi çox güclü qrupda yer alıb. Fikrimcə, Almaniya və Türkiyə favoritdirlər. Avstriya ilə Belçika isə onlara badalaq vurmağa çalışacaq. Qazaxıstan millisi də zəif deyil. Bu səbəbdən də Azərbaycan millisinin işi çox çətin olacaq”.
Haciyevski bildirib ki, rəqiblərin güclü olmasına baxmayaraq, Foqts və komandası artıq nəticə verməlidir: “Düzdür, rəqiblər güclüdür. Azərbaycanın bu rəqiblərdən hansınısa yüz faiz məğlub edəcəyini söyləmək olmaz. Amma Foqts və komandası artıq nəticə verməlidir. Çünki ötən seçmə mərhələdə Foqtsa iki il vaxt verildi. Komanda istədiyi vaxt təlim-məşq toplanışı keçir. Millinin şəraiti yüksək səviyyədədir. Bunun da qarşılığında nəticə olmalıdır. Sonuncu seçmə mərhələni Azərbaycan millisi 5 xalla tamamladı. Amma təkcə elə Lixtenşteyndən 6 xal almaq lazım idi. Digər 8 oyunda isə daha yaxşı çıxış etmək olardı. Bütün bunlar geridə qalıb. Azərbaycan millisi indi azarkeşlərini sevindirməlidir. Komandanın konkret olaraq, neçə xal yığacağını və ya neçənci yeri tutacağını demək çətindir. Çünki bir daha qeyd edirəm ki, rəqiblər güclüdür. Fikrimcə, Azərbaycan millisi bu qrupda üçüncü və ya dördüncü yeri tuta bilsə, bu, Azərbaycan futbolu adına böyük uğur olacaq. Mən özüm də Azərbaycan millisinə uğurlar arzulayıram. İnanıram ki, bu dəfə onlar sürprizə imza atmaqla azarkeşləri sevindirəcəklər”.
Xatırladaq ki, Haciyevskinin rəhbərliyi altında millimiz həm Belçika, həm də Qazaxıstanla qarşılaşıb. "Avro-2008"-in seçmə mərhələsində millimiz Bakıda Belçikaya qarşı yüksək səviyyəli oyun nümayiş etdirməsinə baxmayaraq, meydanı xalsız tərk etdi (0:1). Qazaxıstan millisi ilə baş tutan hazırlıq matçında isə tərəflər meydandan qolsuz ayrıldılar. Həmin matçda Zaur Ramazanov penaltini qaçırmışdı.  

Daha çox


Son xəbərlər