“Bir də belə danışmazlar” – Maksim Medvedyev

“Bir də belə danışmazlar” –  Maksim Medvedyev
MÜSAHİBƏ 9 Oktyabr 2016 / 02:15 11807
-  A +

Milli komandamızın qələbə qolunun müəllifi Maksim Medvedyev DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında fikirlərini öyrənək...

- Çox sevinirik. Vacib olan üç xalı qazana bildik. Baxmayaraq ki, rəqib Norveç idi, amma futbolçularımız yaxşı vuruşdular. Əlimizdən gələni etdik ki, qələbə qazanaq. Özüm də həddindən çox sevinirəm. Çünki qələbə qolunu vura bildim. Bu, mənim milli karyeram ərzində ilk qolum idi. Çalışacağıq ki, eyni tempi qoruyaq. Bildiyiniz kimi, üç gün sonra səfərdə Çexiya millisi ilə qarşılaşacağıq. Çətin oyun olacaq.

- Stadiondan bu qədər azarkeşin dəstək verəcəyini gözləyirdinmi?

- Bu qədər azarkeşin stadiona gələcəyini gözləmirdim. Çünki özüm də mətbuatda izləyirdim nə qədər biletin satıldığını. Bu gün həqiqətən də azarkeşlərimiz alqışalayiq idi. Gücümüz az olsa da, azarkeşlərin dəstəyi nəticəsində sona qədər vuruşduq. Heç özüm də bilmirəm bu qədər azarkeş stadiona haradan gəldi.
 
- Oyundan öncə norveçli jurnalistlər çox iddialı danışırdı, millimizə qeyri-ciddi yanaşırdı.

- Bu, bizdə qıcıq yaratmır. Mən özüm dünən mətbuat konfransına gələndə onların nümayəndələrindən biri mənə və baş məşqçimizə yaxınlaşıb “sabah üç xalı qazanıb evə gedəcəyik” dedi. Mən karyeramda ilk dəfədir belə bir halla rastlaşıram. Rəqib komandanın nümayəndəsi gəlib bizə belə bir söz deyir. Amma biz oyunumuzu oynayıb qələbə qazandıq. Onlar da gördülər ki, matçdan kim əliboş ayrıldı. Lazım olan cavabı meydanda aldılar. Düşünürəm ki, bir də belə danışmazlar.

- Hiss olunurdu ki, stadionun ot örtüyü rahat oynamağınıza imkan vermir.  “Qarabağ” – “Göteborq” matçında Respubilka stadionunun da ot örtüyü belə bir vəziyyətə düşmüşdü. Ümumiyyətlə, stadionun ot örtüyünün belə olmasını necə dəyərləndirirsən?

- Tam fərqli stadionlardı. Olimpiya Stadionunun durumu iki gün əvvəlkinə nisbətən bu gün daha yaxşı idi. Çünki iki gün öncə stadionun ot örtüyü suvarılmışdı, məşq etmək çətin idi. Amma bu gün normal idi. Bəzi futbolçular sürüşürdü, amma yenə də normal idi. Fikrimcə, növbəti ev oyununa qədər stadionun ot örtüyü daha yaxşı olar.

- Növbəti ev oyununun hansı stadionda keçirilməsini istərdiniz?

- Hansı stadionda keçirilməsinin fərqi yoxdur. Əgər tribunalar dolacaqsa, burada keçirlməsini istəyərdim. Əvvəllər azarkeşlər stadiona gəlmirdi. Lakin bu qələbələrdən sonra azarkeşlərin oyuna marağı daha da artacaq.

- Qol epizodunda nə düşündün?

- Baş məşqçimizin tapşırığı idi ki, cərimə və künc zərbələri zamanı irəliyə gedim. Çünki Norveç millisinin oyunçularına nisbətən, bizim hücumçularımızın boyu balacadır. Komandamızın ən hündürboy oyunçularından biri də mənəm. Həmin epizodda gördüm ki, Ağabala Ramazanov yaxşı mövqedədir, top da ona gəldi. Mən də yaxşı mövqe seçdim və Ağabalanın ötürməsini qola çevirdim.

- Müdafiənin mərkəzində istədiyin kimi oynaya bilirsənmi?

- Yavaş-yavaş öyrəşirəm. Açığı, yalnız millidə son müdafiəçi kimi oynayıram, “Qarabağ”da isə nadir hallarda həmin mövqedə çıxış edirəm. Düzdür, baxmayaraq ki, qol vurdum, amma öz oyununu tam göstərə bilmədim. Qeyd etdiyim kimi, Norveç futbolçuları bizdən çox hündür idi, mübarizədə bəzən onlara uduzurduq. Amma buna hazır idik. Qələbə qazanmağımızda əsas səbəblərdən biri də Kamran Ağayevdir. O, həqiqətən də bu gün çox gözəl oynadı.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"