"Şansımız var" - Qriqorçuk

"Şansımız var" -  Qriqorçuk
ÖLKƏ FUTBOLU 28 Sentyabr 2016 / 18:40 4208
-  A +

"İki oyunçumuz olmayacaq. Teo Viks və Nika Kvekveskili "Maynts"a qarşı oynamayacaq. Çatışmayan təkcə bu iki futbolçudur. Komandada əminlik var. Şanslarımızdan bacardığımız qədər istifadə etməyə çalışacağıq".

Qol.az-ın  Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının  qrup mərhələsində  "Maynts"ı ilə keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.


- Meydanın mərkəzindəki boşluqlardan söz açdınız. Bu boşluqları necə dolduracaqsınız? Franyiç işinizə yarayacaq?

- Rafa bizim vacib oyunçularımızdandır. Alternativ variantlarımız var. Amma Franyiç mərkəz yarımmüdafiəçisi deyil. O cinah yarımmüdafiəçisidir və mövqeyində işləri qaydasındadır. Ümid edirəm ki, o, komandaya uyğunlaşıb və bizə kömək etməyi bacaracaq.

- "Maynts" digər rəqiblərinizlə müqayisədə daha elitar çempionatın təmsilçisidir və Avropada sonadək mübarizə aparan ölkədən gəlir. Bu fikirlərlə razısınız?

- Biz hələ kimisə kiminləsə müqayisə edə bilmərik. Təbii ki, güclü komandadır. Düşünmürəm ki, onlar bizə qarşı ikinci heyətlə çıxış etsinlər. Ötən il də "Borussiya" bizə qarşı hər iki oyunda əsas heyətlə oynadı. Bizim şanslarımız var və bundan istifadə etməyə çalışacağıq.

- Rəqibin üstün tərəfləri haqda nə deyə bilərsiniz?

- Komandanın fiziki gücü dərhal gözə çarpır. Cəld və sürətlidirlər, üstəlik uzun ötürmələrdən istifadə edirlər. Sürətli əks hücumlara çıxırlar. Onları saxlamaq olduqca çətin olacaq. Qısa yolla rəqib qapısına yol tapmağa çalışıram. Təbii ki, davam edə bilərəm, amma düşünürəm ki, bu qədər kifayət edər.

- Yağışlı havada yeni ot örtüyünün vəziyyəti yaxşı olmayacaq. Bu şəraitə uyğun taktika dəyişikliyi gözlənilir?

- Meydança yenidir. Bu səbəbdən indidən nəsə demək çətindir. Belə uzun müddətli yağıntıya görə dəyişiklik ola bilər. Ola bilər ki, hücumda müəyyən dəyişikliklər olsun.

- "Qəbələ"ni təhlil etdikdə ölkə çempionatında daha çox topa sahib olan, amma Avropa Liqasında müdafiə olunan komanda imici yaradır...

- Düşünməyin ki, biz bunu bilərəkdən etmirik. Fələsəfəmiz hücumdur. Amma Avropa Liqasında rəqiblər Premyer Liqa ilə müqayisədə daha güclüdür və bu səbəbdən istədiyimiz qədər hücum edə bilmirik. Buna baxmayaraq yenə də rəqibin kimliyindən asılı olmayaraq hücum futboluna üstünlük veririk.

- "Maynts"ın oyunçuları arasında bəyəndiyiniz və xüsusilə qeyd etmək istədiyiniz oyunçular var?

- Ayrılıqda hansısa oyunçunuj qeyd etmək istəmərəm. Rəqibin bütün oyunçuları güclü, sürətli, keyfiyyətli, ağıllı və fiziki güclüdür.

- Son zamanlar Baqali Dabonun ayağı açılıb. Sabahkı oyunda da demək olar ki, əsas qol ümidi Dabo olacaq. "Maynts"la oyunda rəqibin Dabonu xüsusi nəzarətdə saxlayacağını gözləyirsiniz?

- Düşünmürəm ki, rəqib Daboya qarşı xüsusi hazırlıq qursun. Futbolçunun özünə veriləcək tapşırıq isə rəqibi analiz edərkən deyilib. Boşluqlar göstərilib, düşünürəm ki, Dabo bundan istifadə edə biləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı