“Məgər, “Neftçi”nin Müşahidə Şurası Kommunist Partiyasının plenumudu?!”

“Məgər, “Neftçi”nin Müşahidə Şurası Kommunist Partiyasının plenumudu?!”
MÜSAHİBƏ 31 Avqust 2016 / 19:21 5188
-  A +

Dünən Azərbaycan futbolu üçün tarixi bir gün idi. 2012-ci il avqustun 30-da “Neftçi” klubu Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. “Qarabağ” və “Qəbələ” növbəti illərdə bu uğurlu yolu layiqincə davam etdirsə də, “Neftçi”nin qrup mərhələsinə yüksəlməsi birinci olduğu kimi, təəssüf ki, həm də hələlik sonuncu oldu.

Qeyd etdiyimiz uğurlu illərində “Neftçi”nin vitse-prezidenti olmuş Tahir Süleymanov Qol.az-a müsahibəsində komandanın tarixi nailiyyətindən və hazırkı acınacaqlı durumundan danışıb

- 30 avqust tarixi sizin üçün nə deməkdir?

- Azərbaycan futbolu və "Neftçi"  üçün tarixi bir gün. Bu uğurda əməyi keçən hər kəsə və tarixi anı unutmamağınıza görə sizlərə  təşəkkürümü bildirirəm.

- Dörd il əvvələ qayıdaq. ”Neftçi” tarix yazdığı vaxt hansı üstünlüklərə malik idi?

- "Neftçi" olaraq bu uğura planlı şəkildə hazırlaşırdıq. Baxmayaraq ki, Gede biabırçılığından sonra komandanı yeni qəbul etmişdik. Xatırlayırsınızsa, həmin dönəmdə qruplar xəyal kimi görünürdü. Bu məğlub psixologiyanı futbolumuza uğur qazana bilməyən insanlar "aşılamışdı". Çempion olmağımıza baxmayaraq, rəhbərlik və məşqçilər korpusunun qərarı ilə heyətin 70 faizi dəyişdik. Böyük risk idi. Rəşad Sadiqov, Mahir Şükürov, Kanales, Vobay, Ramos, Bertuççi və gənc Cavid İmamvediyevlə Elvin Yunuszadə start heyətində yer aldılar. Edilən dəyişikliklər, atılan qəti addımlar uğurun təminatçısı idi. Tarazlaşdırılmış güclü heyət formalaşdı və artıq təlim-məşq toplanışında bilirdik ki, lider futbolçulardan qurduğumuz komanda qrupa çıxmağa hazırdı.

- Bu uğuru ilk dəfə əldə etməyin hansı çətinlikləri var idi?

- Bayaq qeyd etdim. İşini bacarmayanlar tərəfindən bilərəkdən ictimaiyyət arasında yaradılmış mənfi fikir formalaşmışdı. Təsəvvür edin, biz qruplar yolunu qeyd edəndə Toni Adams 2020-ci ildə qruplara düşə bilərik fikirini səsləndirirdi. "Neftçi"ni o səviyyəyə çatdıracağımıza inanırdıq. Amma futbolda hökm sürən psixoloji inamsızlıq, istəməyən qüvvələr çox mane olurdu. Çünki qruplara düşəcəyi halda aparıcı klublarımız üçün minimum hədd müəyyənləşəcəkdi. Ən çətini təzyiqlərə dözmək, psixoloji səddi aşmaq idi. Qoyduğumuz məqsəd üçün yolumuzdan dönməyərək, doğru görülən işlər sayəsində bunu bacardıq. Və futbolumuza inam qazandırdıq. Artıq 2012-ci ildən başlayaraq klub futbolumuz Avroliqanın qrupunda daima təmsil  olunur. "Qarabağ" və "Qəbələ"yə bu yolu layiqincə davam etdirdiklərinə görə ancaq alqış düşür. İnanıram ki, Çempionlar Liqasının qrupu da uzaqda deyil.

- Komanda niyə daha sonra qrupa düşə bilmədi?

- Bilisiniz ki, qrupda çıxış edən "Neftçi" ardıcıl üçüncü çempionluğunu qazanaraq kuboka da sahib oldu. Artıq 2013-cü ildə klublarda Müşahidə Şuralarının yaradılması ilə bağlı addımlar atılmağa başladı. Və bu işdə birincilərdən biri "Neftçi" olmalıydı. Təzyiqlər günü-gündən çoxalırdı. Klubda prezident idarə üsulunun ləğvini çalışdılar. "Neftçi" zirvə formasında olduğu məqamda bu söhbətlər təsirsiz ötüşmürdü. Biz Müşahidə Şurasının əleyhinə deyildik. Hətta siyahı da tərtib etmişdik. Necə ola bilər ki, "Sumqayıt"da Müşahidə Şurası yaradılmaqla prezident vəzifəsi ləğv olunmadı və bu gün də davam edir. "Neftçi"yə isə fərqli münasibət göstərildi. Olmazdı ki, "Neftçi" öz rəhbərliyi ilə başladığı uğuru davam etdirsin?! Bu gün "Qarabağ", "Qəbələ"də olduğu kimi. Əgər bu klublarda rəhbərlik 10-15 il idi iş başındaydılarsa, biz 3-4 il idi "Neftçi"ni qəbul etmişdik. Hiss edirdik ki, klub prezidenti Sadıq Sadıqov, qazanılan uğurlara baxmayaraq işdən soyuyur. Hər birimiz bu vəziyyətdə idik. Təbii ki, mövcud durum məşqçilərə, futbolçulara da təsiriz ötüşmürdü. Bütün bunlara baxmayaraq, növbəti avrokuboklarda hər iki oyunda bir qapıya oynamağımıza baxmayaraq məğlubiyyətlə barışmalı olduq. Uğur olduğu kimi, zaman-zaman uğusuzluq da olur. "Neftçi" qrupda oynadığı mövsüm "Qarabağ" hətta Avroliqa zonasına vəsiqə qazana bilmədi. İstər rəhbərlik, istərsə məşqçilər korpusu işini davam etdirdi və bugünkü uğurları göz qarşısındadır.

- İndiki “Neftçi” ilə 3-4 əvvəlki “Neftçi” arasında əsas fərq nədədi?

- Fərq çoxdu. İlk öncə çempionatda əvvəlki rəqabət yoxdu. "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı", "Qəbələ", "İnter" daimi çempionluğa oynayan komandalar idi. İndi isə iki klub qalıb. İndi nəticə göstərmək daha asandı. Digər tərəfdən yeni gələnlər mövcud uğur gətirən sistemi davam etdirmək əvəzinə futbolu bilmədiklərinə görə min əziyyətlə formalaşmış komandanı dağıtdılar. Futbola azarkeşlik etmək, futbolu sevmək peşəkar futbolu bilmək anlamına gəlməməlidir.  Artıq iki ildir təcrübə toplayırlar. Klubda təcrübə yığa-yığa komanda aşağı yuvarlanır və tarixinin ən uğursuz dönəmini yaşayır. Yuxarıda qeyd etdim, klubun sponsoru SOCAR tərəfindən hər cür şərait yaradılıb. Bunu dəfələrlə Çingiz Abdullayev də vurğulayıb. Yeni transfer Şıkova menecerliklə birgə 300 min dollardan artıq vəsait xərclənib. Sponsor bundan artıq nə etməlidi? Krizis dönəmində bu qiymətə alınan futbolçu komandanı arxasınca aparmalıdır.
Digər legionerlər də eyni... İki ildir gəncləşdirmədən danışan rəhbərlik, məşqçilər gətirdikləri legionerlərin sayını itiriblər artıq.  İş o həddə çatıb ki, azarkeşlər də komandadan üz döndərib. "Neftçi"də çalışan hər bir insan bilməlidir, komandanın bir yolu var, vaxt udmaq yox, rəqiblər üzərində qələbə qazanıb uğur əldə etmək.

- Problem nədədi, vəziyyətdən çıxış yolu nədə görürsünüz?

- Azarkeşlərdən polisə şikayət etmək çıxış yolu deyil. Futbol onlar üçün oynanılır. İlk öncə niyyət düz olmalıdır. Fikir verin, 4 il öncəki tarixi uğuru yada salıb əlaqə saxlayırsınız. "Neftçi"nin yeni rəhbərliyi isə bunu "unudub". Bu uğur Sadıq Sadıqov, Tahir Süleymanov, Güloğlan Cabbarov, Böyükağa Hacıyevin, Gündüz Abbaszadənin deyil, ilk növbədə "Neftçi"nin uğuru, tarixidir. Son Müşahidə Şurasının toplantısı 5 saat davam edib. 5 saat iclas olar? Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumudu məgər? Bu, bir daha onu göstərir ki, cavabdehlər qərar verməkdə çətinlik çəkir. Məsuliyyəti  öz üzərinə götürəcək insanlar yoxdu. Tez bir zamanda doğru addımlar atılmasa, "Neftçi"ni daha çətin, acınacaqlı günlər gözləyir...

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər