"Neftçi"ni kim xilas etdi?

"Neftçi"ni kim xilas etdi?
ÖLKƏ FUTBOLU 28 Avqust 2016 / 17:00 6327
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Futbol tariximizdən bəhs edən növbəti yazımız da “Neftçi” haqda olacaq. Bu dəfə bir qədər fərqli mövzuda. 1971-ci ildə yaşanan və az qala bütün SSRİ-nin diqqət mərkəzinə düşən hadisədən bəhs edəcəyik. Hansı ki, indiki nəslin çoxunun bəlkə də o hadisədən xəbəri yoxdur. Sözügedən tarixdə yaşananlar o qədər acınacaqlı sonluqla yekunlaşmışdı ki, komanda tarixdən silinmək üzrə idi. Lakin son anda...

Ciddi dəyişikliklər və uğurlu start

“Neftçi” 1971-ci ilə ciddi hzırlaşırdı. Mövsüm öncəsi komandada ciddi dəyişikliklər baş verdi. 1970-ci il mövsümü başa çatan kimi, baş məşqçi Əhməd Ələsgərov vəzifəsindən azad olundu. Onun köməkçisi Valentin Xlıstov da yola salındı. Futbolçulardan isə Eduard Markarov komandadan qovuldu. Çünki o, yolunu tammailə azmış, bütün insani keyfiyyətlərini itirmişdi. O cümlədən, komandanın rəisi Rauf Adıgözəlov da vəzifəsindən göndərildi. Əvəzində Ələkbər Məmmədov baş məşqçi postuna gətirildi. Kamal Axundov isə Futbol Federasiyasından “Neftçi”yə rəis vəzifəsinə göndərildi. Maraqlıdır, bu, o Axundov idi ki, 50-ci illərdə “Neftçi”nin həkimi işləmişdi. Təcrübəli Kazbek Tuayev də Orconikidze “Spartak”ından geri qaytarıldı. Anatoli Banişevskinin yavaş-yavaş əvvəlki formasını bərpa etməsi də yeni mövsümə ümidlə baxmağa əsas verirdi. Məhz bunun nəticəsi idi ki, “Banya” Vitali Şevçenko ilə birlikdə SSRİ millisinə də dəvət alırdı. Bundan başqa, heyətdə yer alan Hacıyev, Semiqlazov, Smolnikov, Bruxti, Babayev, Quliyev, Lyoqki də komandanın ağırlıqlarını çiyinlərində daşıya biləcək futbolçular idi. Rəhbərlik yaxşı təlim-məşq toplanışı keçmək üçün komandaya hər cür şərait yaratdı. Komanda toplanış çərçivəsində Bakıda, Kislovodskidə, Daşkənddə, Aşqabadda xeyli yoxlama görüşləri də keçirdi və özü də bu oyunların heç birində məğlubiyyət acısı dadmadı. 

Komanda rəsmi oyunlara ölkə kuboku yarışları ilə start verdi. 1/16 finalda Moskva “Lokomotiv”i ilə qarşılaşan “Neftçi” çətinliklə də olsa bu səddi dəf etdi (1:0, 0:0). 1/8 finalda Moskva “Dinamo”su ilə oyun isə daha möhtəşəm alındı. Bakılıların rəqibi ötən mövsüm SSRİ kubokunun qalibi olmuş, eyni zamanda ölkə çempionatında gümüş medalları qazanmış Moskva “Dinamo”su idi. Buna baxmayaraq “Neftçi” rəqibini heç kimin gözləmədiyi halda rahat keçdi. İlk oyunda “Neftçi” rəqibini səfərdə 2:0 məğlub etdi. Bakıdakı cavab oyunu isə moskvalılar üçün daha biabırçı oldu. Banişevskinin het-trik etdiyi oyunda əfsanəvi Lev Yaşin 4 dəfə topu tordan çıxarmalı oldu.

Kubokdakı uğurlu çıxış çempionata da sirayət elədi və “Neftçi” burada da uğurlu start götürdü. Bakıda Kiyev “Dinamo”sunu qəbul edən “Neftçi” heç-heçə etdi. Ardınca isə Lvov “Karpatı”nı böyük hesabla məğlub etdi. Səfərdə Moskva “Torpedo”su və OMİK-i ilə heç-heçələr də pis nəticə deyildi. Əsas o idi ki, komanda məğlub olmurdu. Ardınca Bakıda Moskva “Spartak”ı və Minsk “Dinamo”su da məğlub edildi. “Paxtakor” üzərindəki qələbədən sonra bakılılar artıq liderlər sırasında yer almağa başladılar və böyük əksəriyyət onları medallara əsas namizəd göstərməyə başladı. Şevçenko, Banişevski və Tuayev isə 5 qolla çempionatın bombardirləri siyahısında yer almışdı. Bir sözlə, birinci dövrədə hər şey əla gedirdi.

Özbaşınalıq, məsuliyyətsizlik və intizamsızlıq

Qeyd etdiyimiz kimi, birinci dövrədə hər şey yaxşı gedirdi. “Neftçi” lider Kiyev “Dinamo”sundan 5 xal geridə qalaraq 4-cü pillədə qərarlaşmışdı. Bu isə ikinci dövrədə medallar uğurunda, hətta çempionluq uğurunda mübarizənin də mümkünlüyündən xəbər verirdi. Nəzərə almaq lazımdır ki, Mirzəyev, Şevçenko, Smolnikov, Kramarenko və Yaşar Babayev zədə səbəbindən heç də oyunların hamısında komandaya kömək edə bilməmişdi. Əməliyyatdan qayıtmış Mübariz Zeynalov isə formasından xeyli uzaq idi. Düşünmək olardı ki, ikinci dövrənin startına kimi bu futbolçular da tam formaya düşsə, “Neftçi” daha da güclü olacaq. Lakin...

Çox təəssüflə qeyd etmək lazımdır ki, ilk dövrədəki uğurlu çıxışdan sonra futbolçularda özündənrazılıq, yekəxanalıq və məsuliyyətsizlik yarandı. Bu haqda o dövrün mətbuatında yazılar getməyə başladı. İdman qəzetləri futbolçuların rejimi pozmasından, siqaret çəkməsindən, içki içməsindən, yüngül həyat tərzinə meyl etməsindən, bütün bunlara isə komanda tərəfindən nəzarət olmamasından yazırdı.Düzdür, Respublika Futbol Federasiyasının rəhbərliyi mətbuatın yazdığını inkar elədi. Lakin Moskva “Spartak”ı ilə ölkə kubokunun yarımfinal matçı bütün biabırçılıqları üzə çıxardı. Çempionatda bu komandaya 5:3 hesabı ilə qalib gələn bakılılar bu dəfə 0:5 hesabı ilə uduzdu. Məhz bu məğlubiyyətdən sonra futbol federasiyasının rəyasət heyətinin iclası keçirildi və baş məşqçi Ələkbər Məmmədovla komandanın rəisi Kamal Axundov da həmin iclasa hesabat verməyə çağırıldı. Məmmədov hesabat çıxışı zamanı “Spartak”la kubok oyununda problemlər olduğunu desə də ümumilikdə komandada vəziyyətin yaxşı olduğunu bildirdi. Qeyd etdi ki, komanda artıq əvvəlki kimi səfər oyunlarında əziyyət çəkmir, daha inamla mübarizə aparır. Evdə isə Kiyev “Dinamo”su ilə birlikdə mümkün xalların 90 faizini toplayıb. Lakin Kamal Axundov baş məşqçidən fərqli olaraq, problemlərin olduğunu və komandada intizamsızlığın hökm sürdüyünü etiraf elədi. Açıq şəkildə bildirdi ki, artıq futbolçular üzərlərində məsuliyyət dərk etmir, komandada rəqabət olmadığı üçün Quliyev və Bruxtini cəzalandıra da bilmirlər. Rəis eyni zamanda son 3 ildə bir nəfər də olsun yeni, perspektivli gənc futbolçunun yetişdirilmədiyini, məcburiyyətdən yaşlı Tuayevlə, Semiqlazovu geri qaytardıqlarını bildirdi. Federasiyanın rəhbəri N. Musayev də bildirdi ki, nəticələr yaxşı olsa da intizamsızlıqla bağlı mətbuatda yazılanlar hər şeyi korlayır.

Bərbad ikinci dövrə və Rostov biabırçılığı

Çox təəssüf ki, ikinci dövrədə yaşananlar mətbuatın yazdıqlarının heç də səbəbsiz olmadığını üzə çıxardı. Fasilədən sonrakı altı turda cəmi iki heç-heçə edən bakılılar dörd oyunda uduzdular. Artıq azarkeşlər də narazılıq etməyə başladı. Problemlər get-gedə artırdı. Düzdür, sentyabr ayında “Neftçi” ard-arda keçirdiyi 3 oyunda qalib gəlməyi bacardı. Lakin sonrakı iki tur klub üçün əsl kabus oldu. “Ağ qaralar” öncə Daşkəndə, “Paxtakor”la səfər matçına yollandı. Həmin vaxt özbəklər güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparırdı. Oyuna bir gün qalmış “Paxtakor”un aparıcı futbolçularından biri “Neftçi” futbolçularına yüksək məbləğdə pul təklif etdi ki, oyunu uduzsunlar. “Neftçi” futbolçuları isə bundan imtina etdi. Bu zaman həmin futbolçu dedi ki, “uşaqlar, siz nahaq imtina edirsiniz. Biz bu pulun yarısını hakimə verib onsuz da sizi udacağıq”. Həqiqətən də oyunun  moldovalı hakimi Ponomoryov bakılılara qarşı qərəzini göstərdi. Hesab 1:0 “Neftçi”nin xeyrinə olarkən oyundankənar vəziyyətdən vurulan qolu qeydə aldı. Bakılılar dərhal onun üstünə cumdu. Hətta komandada ən təmkinli adam hesab olunan Kamal Axundov da meydançaya daxil olub hakimdən qərarını dəyişməyi tələb etdi. Təbii ki, hakim qərarını dəyişmədi. Bütün bu haqsızlıqlara baxmayaraq “Neftçi” oyundan 3:2 hesablı qələbə ilə ayrılmağı bacardı. Lakin iyrənc işlərindən əl çəkməyən özbəklər məğlubiyyəti həzm etməyərək SSRİ Futbol Federasiyasına şikayət məktubu göndərdilər. Məktubda da qeyd etdilər ki, hakim ilk hissəni 5 dəqiqə az oynatdığı üçün oyun yenidən keçirilməlidi. Məsələyə Özbəkistan Ali Sovetinin sədri işləyən Nəsrəddinov da qarışır. Hansı ki, bu şəxsin özünün adı sonralar bir neçə dəfə oyun alqı-satqısında hallanır. Təəssüf ki. SSRİ Futbol Federasiyası özbəklərin fəndinə düşərək oyunun yenidən keçirilməsinə qərar verdi və hakimi diskvalivikasiya etdi.

Daşkənddə yaşananlar isə bir tur sonra Rostovda yaşananların yanında toya getməli oldu. Çünki Rostovdakı qalmaqal sözün əsl mənasında tarixə düşdü. Bu dəfəki rəqib OİK-də Güclülər dəstəsində qalmaq uğurunda mübarizə aparırdı. Ssenari eyni ilə Daşkənddə yaşananların oxşarı idi. Bu dəfə ruslar “Neftçi”yə uduzmaq üçün pul təklif edir və rədd cavabı alır. Sonra baş verənlər isə əsl rüsvayçılıq idi.
Hesabı “Neftçi” açdı, Şevçenko fərqləndi. Əsl həngamə də bundan sonra başladı. Qoldan sonra “Neftçi”nin qapısı arxasında dayanan bəzi adamlar qapıçının fikrini yayındırmağa, söz atmağa, təhqir etməyə başladılar. Kramarenko və müdafiəçi Quliyev bu haqda dəfələrlə hakimə məlumat versələr də o, verənlərə göz yumdu. Nəticədə meydança sahibləri cavab qolunu vurdular. “Neftçi” oyuna başlayan zaman OİK-in futbolçusu Serostanov hələ də meydançanın bakılılara aid hissəsində qalmışdı və hakim bu qayda pozuntuzuna da göz yumdu. Rostovlular dərhal hücuma keçirlər və Yeskov qapıya qüvvətli zərbə vurur. Kramarenko zərbəni dəf etsə də hələ ilk qoldan meydançanın “Neftçi”yə aid hissəsində qalan həmin Serostanov qayıdan topu qapıdan keçirir. Bütün “Neftçi” futbolçuları hakim Balıkini dövrəyə alaraq vəziyyəti ona izah etməyə çalışsa da, heç nə dəyişmir. Bu isə bardağı daşıran son damla olur və...

Baş verənlərlə bağlı SSRİ Futbol Federasiyası 22 oktyabr tarixində iclas keçirdi. İclasa Bakıdan Nazirlər Komitəsinin sədri Əliş Ləmbərənski və İdman Komitəsinin sədri də qatılmışdı. SSRİ Futbol  Federasiyasının idman-texniki komissiyasının sədri Boris Toporin baş verənləri belə təsvir edir: İkinci qolu buraxandan sonra hakimdən narazı qalan Kramarenko onun üzərinə cumaraq sifətinə yumruqla iki zərbə endirir. Quliyev isə topu nümayişkaranə şəkildə tribunaya vurur.   Mirzoyan isə qarışıqlıq zamanı baş hakimə kömək etməyə çalışan yan xətt hakiminin üzünə tüpürür. Kapitan Banişevski isə komandanı meydançanı tərk etməyə çağırır”.

Bu təqdimatdan sonra SSRİ Futbol Federasiyası analoqu olmayan qərarlar qəbul edir. Bu qərarların isə ədalətlə yaxından uzaqdan əlaqəsi yoxdur. Kramarenko 3 illik, topu tribunaya vuran Quliyev isə 1 illik diskvalivikasiya olunur. Maraqlıdır ki, indi topu tribunaya vuran futbolçuya maskimum sarı vərəqə göstərirlər. Mirzoyana isə mövsümün qalan oyunlarında oynamaq qadağan olunur. İlk iki futbolçuya verilən idman ustası adı da əllərindən alınır. Komanda isə qalan oyunlarda texniki məğlubiyyət verilməklə I dəstəyə göndərilir. Hansı ki, əsasnamədə, ümumiyyətlə, belə bir cəza metodu yox idi. Çox maraqlıdır ki, 2001-ci ildə “Sport-Ekspress” qəzetində bu tarixi oyun haqda yazı yazan erməni jurnalist Aksel Vartanyan da həmin vaxt “Neftçi”yə qarşı haqsızlıq olduğunu qələmə almışdı.

“Neftçi” bu cür haqsızlıqdan sonra tamamilə dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin çıxılmaz olduğu bir məqamda dahi siyasətçi, mərhum Heydər Əliyev hadisələrə müdaxilə edir və “Neftçi”ni faktiki “ölüm”dən qurtarır. Belə ki, 1971-ci ilin 29 oktyabrında o vaxt Azərbaycan MK MK-nın birinci katibi olan Heydər Əliyev intizamı pozan futbolçularla bağlı ciddi ölçü götürüldüyünü bildirərək Moskvadan “Neftçi”yə məğlubiyyət verilməməsini xahiş edir. Əliyev həmiçinin Sov.İKP MK-ya xəbər verir ki, SSRİ Futbol Federasiyasının bu qərarı Bakıda ciddi narazılıqla qarşılanıb, hətta Neft daşlarında işçilər tətil edərək işə çıxmaqdan imtina ediblər. Məhz bundan sonra SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi “Neftçi”yə 1971-ci il çempionatının qalan oyunlarında iştirak etməyə icazə verir. Yekunda isə “Neftçi” 9-cu pilləni tutaraq Güclülər dəstəsində qalır.
Heydər Əliyevin Moskva üzərindəki qələbəsini isə erməni jurnalist Vartanyan bu cür qələmə alır: “Ax, bu Əliyev! Sistemin ağrılı nöqtələrini əla bilən təcrübəli siyasətçi bacarıqla onlara təzyiq göstərdi. Neftçilərin tətili, arzuolunmaz sonluğa gətirəcək ciddi narazılıq “düşmən səslər”dən təmizlənən rejim üçün necə qorxulu jestlərdir. Çətin vəziyyətdə qalan “böyük qardaş” əlini tatamiyə döyməyə məcbur oldu. Heydər Əliyevin təmiz qələbəsi! Azərbaycan Kommunist partiyasının rəhbərinin münaqişəyə vaxtında müdaxiləsi ədaləti bərqərar etdi”.

Adil Babayevin xatirələrindən:

“Rostovlular hərbi komanda olduğundan oyuna Müdafiə Nazirliyinin nümayəndələri də gəlmişdi. Matçdan sonra onların Kramarenkonu aparmaq fikirləri var idi. Lakin bizə oyundankənar vəziyyətdən qol vuran OİK-in hücumçusu Serostanov hərbçilərə yaxınlaşıb məsələni birtəhər yoluna qoydu. Oyundan sonra soyunub-geyinmə otağında Kramarenkoya dedim ki, dəli olmusan nədi, heç hakimi də vurarlar? O isə butsularını yerə çırpıb ağlaya-ağlaya qayıtdı ki, daha bacarmıram, futboldan gedirəm”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı