“Biləndə Ağdam alınıb, oyunun gedişində 10 dəqiqə ağladım”

“Biləndə Ağdam alınıb, oyunun gedişində 10 dəqiqə ağladım”
MÜSAHİBƏ 21 Avqust 2016 / 13:26 12088
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Səttar Əliyev “Qarabağ”ın tarxinə düşmüş xüsusi futbolçulardandır.  Çünki bu futbolçu 20 illik futbolçu karyerasında yalnız bir klubun - “Qarabağ”ın şərəfini qoruyub və uzun illər kapitanı olub. Ağdamda başlayan futbol həyatı, qaçqınçılıq dövründə qazanılan çempionluq, çəkilən əzab-əziyyətlər, bir sözlə, kifayət qədər maraqlı və zəngin karyera. Məhz bu səbəbdən də bu dəfə onu özümüzə müsahib seçdik.

- Səttar, lap əvvələ qayıdaq.  Necə oldu ki, futbolçu oldun, necə oldu ki, “Qarabağ”a düşdün?

- Ailədə futbolu hamılıqla sevmişik. 5 qardaşımın hamısı futbol həvəskarı idi. Ən böyüyümüz hətta futbolla məşğul da olmuşdu. Məndə də həvəs, sevgi burdan yaranmışdı. Özüm əl çəkmədim ki, məni də aparıb futbola yazdırsınlar. 1984-cü ildə məni “Qarabağ”a götürdülər. Daha doğrusu, onda komanda “Şəfəq” adlanırdı. Sonra “Kooperasiya” oldu. 1988-də isə komanda “Qarabağ” adını götürdü. Bunun da öz tarixçəsi var. O vaxtlar Xankəndinin “Qarabağ” komandası var idi. Hansı ki, böyük əksəriyyəti ermənilərdən ibarət idi. O vaxt həmin komanda gəlib bizdən mənimlə Müşfiq Hüseynovu da götürüb aparmışdı. Lakin sonradan 1987-ci ilə məlum hadisələrin qığılcımları başladı. Əvvəl daş-qalaq davası sonradan tədricən silahlı qarşıdurmalara keçdi. Həmin gərgin dövrdə Ağdamda qərara alındı ki, bizim də öz “Qarabağ”ımız olmalıdır və çətinliklə olsa da indiki “Qarabağ”ın əsası qoyuldu. Yadımdadı, o vaxt Adil Nadirov bizim pasportlarımızı Xankəndidən güclə götürmüşdü. Məsələn, mənim pasportumun dalınca gedəndə demişdi ki, Səttarın toyu olacaq və pasportu mütləq lazımdır. Beləliklə, qayıtdım “Qarabağ”a və 2004-cü ilə qədər bu komandanın şərəfini qorudum. Bir sözlə, “Qarabağ”a həmişə sadiq qaldım və 20 il ancaq bu komandanın formasını geyindim.

- İlk məşqçin kim olub və ampluan nə olub?

- Ramiz müəllim. Məni komandaya götürəndə baş məşqçi o idi. Məni də yarımmüdafiənin sağında oynadırdı. 1988-ci ildə isə Adil Nadirov baş məşqçi postuna gələndən sonra yarımmüdafiədən müdafiəyə keçirdi. Dedi ki, cəldsən, sürətin də var və buna görə hücumlara arxadan qoşula bilərsən. Tərif kimi çıxmasın, məndə o güc var idi ki, hücuma qoşulduğum kimi, vaxtında geri qayıdıb zonamı da bağlaya bilirdim. Buna görə çox vaxt mənim cinahıma yarımmüdafiəçi qoymurdular ki, Səttar iki nəfərin işini görür (gülür). İndi klubların əksəriyyəti 4-4-2 sxemi ilə oynadığı üçün cinah müdafiəçisi irəli çıxanda yerini sığortalamaq problem olmur. Amma biz o vaxt 3-5-2  sxemi ilə oynadığımız üçün cinah müdafiəçisi çatdırıb geri qayıda bilməyəndə yerində böyük boşluq yaranırdı.


- “Qarabağ”ın heyətində ilk oyununu xatırlayırsan?

- Ağdamda Əli Bayramlının (indiki Şirvan) “Energetik” komandasını qəbul edirdik və ilk oyunum da həmin gün olub. 2:0 qalib gəlmişdik.

- Həyəcan yox idi?

- İlk dəqiqələrdə hardasa olur. Çünki stadiona xeyli azarkeş gəlirdi, hamısı da futbolu bilirdi. Bundan əlavə qohum-əqraba da sənə baxır. Amma bir qədər sonra həyəcan keçib gedir.

- Bəs, ilk qolunu xatırlayırsan?

- Ağdamda Gəncə komandası ilə oynayırdıq ilk qolumu da onlara vurmuşdum.  Ümumiyyətlə, həmin görüşdə dubl etmişdim.

- “İmarət” sənin üçün nə deməkdi?

- “İmarət” mənim üçün hər şey deməkdi. İndi də cavan futbolçulara o dövr çəkdiyimiz çətinliklərdən danışıram. Amma bütün çətinliklərə baxmayaraq, futbolu sevirdim. Bizə futbolu sevdirən həm də “İmarət” olub. O stadionun bir ot örtüyü var idi ki... Azərbaycanda o cür örtük yox idi. Axşama doğru da ətrafdakı ağacların kölgəsi qazona düşürdü... Atmosferi də deməyə ehtiyac yoxdur. Ora gələn komanda Ağdama çatanda artıq elə bil hesabda geridə idi. Biz özümüz də meydançaya çıxanda sanki özümüzü 1:0 öndə hesab edirdik.


- “İmarət”dəki son oyununuzu xatırlayırsan?

- Bəli. 1993-cü ildə “Turan”la kubokun yarımfinal mərhələsinin ilk oyunu idi. O vaxt artıq Ağdamda vəziyyət gərgin idi. Hər gün atışma idi. Ona görə də Mingəçevirdə qalırdıq və oyun üçün Ağdama gəlirdik. Həmin matçda 1:0 qalib gəldik. Tovuzdakı cavab matçında da 2:1 qalib gəlib finala çıxmışdıq.

- Deyilənə görə, Ağdamdakı oyun vaxtı atışma başlayıb.

- Oyundan qabaq stadionun yaxınlığına "Qrad" mərmisi düşmüşdü. Oyunun gedişində isə atışma başladı. Ermənilər rayona raket atmağa başladılar. Biz artıq elə şeylərə öyrəşmişdik. Lakin qonaq komandalar çox vaxt oyunu yarımçıq dayandırırdı ki, biz oynamırıq, gedirik. Hətta bir dəfə Bakının “İnşaatçı” komandası ikinci hissəyə çıxmaqdan imtina eləmişdi. Avtobusa minib gedirdilər. Güclə dilə tutub geri qaytarmışdıq. “Kəpəz”lə oyun isə, ümumiyyətlə, təxirə salınmışdı.

- Bəs, o düz söhbətdi ki, bir dəfə Ərşad Nadirov ermənilərlə danışıq aparıb ki, bu gün futbol var 2 saat atışmanı saxlayaq?

- O haqda mən də eşitmişdim. Deyəsən, belə bir şey olmuşdu. Ümumiyyətlə, o vaxtlar rəhmətlik Ərşad Nadirov, eləcə də Allahverdi Bağırov, Fred Asif oyunlar zamanı təhlükəsizlik baxımından bizə çox dəstək olurdular. Bir dəfə mən, Mahir Əliyev və Elçin Xudatov getdik səngərə Fred Asifə dedik ki, biz də gəlib döyüşmək istəyirik. O isə bizi geri qaytardı ki, siz gedin “Qarabağ”ın şərəfini qoruyun, qələbələr qazanın, bunun özü də elə döyüş deməkdir. Buna baxmayaraq, komanda şəklində tez-tez səngərlərə gedirdik, hətta avtomat götürüb erməni səngərlərinə atəş də açmışıq.

- Yeri gəlmişkən,  bir məsələyə də münasibətini öyrənək. O vaxt Qarabağ zonasına gedən komandaların futbolçularından bəziləri ilə sonradan söhbətləşəndə deyirdilər ki, oyunlar zamanı stadionun kənarı əli avtomatlı adamlarla dolu olurdu.  O təzyiq altından səfərdən xal gətirmək mümkün deyildi. Sizin Ağdamda qazandığınız qələbələri bununla bağlayanlar da var. Doğurdanmı o vaxt Ağdama gələn komandalara təzyiq olurdu?


- Bilirsiniz, Ağdam həmin vaxt döyüş bölgəsi idi. O bölgəyə gedən komandanın futbolçusu da dərk etməlidir ki, həmin rayonda hərbi geyimli, əli silahlı insanların çox olması normal idi. Buna hazır olmaq lazım idi. Həm də həmin insanlar eyni zamanda bizim təhlükəsizliyimizi qoruyurdu. Ona görə də qorxmaq lazım deyildi. Bu söhbəti yayanlar öz məğlubiyyətlərinə bəraət qazandırmaq üçün o sözləri deyiblər.

- “Turan”la oyunda heç ağlına gələrdi ki, bu, “İmarət”də son oyununuzdur?

- Heç vaxt təsəvvür eləməzdim. Ümumiyyətlə, təsəvvür etməzdim ki, Ağdam işğal oluna bilər. Xankəndi Ağdama yaxın idi, hardasa 25-30 km məsafə var idi. Uşaq vaxtı Ağdamdan ora çaya çimməyə gedərdik. Ermənilər hələ o vaxtdan bizdən çox qorxurdular. Ona görə ağlıma gəlməzdi ki, bizim torpaqları işğal edə bilərlər. Ağdam işğal olunan gün biz Azərbaycan çempionatında final oynayırdıq. Biləndə ki, Ağdam işğal olunub, oyunun gedişində 10 dəqiqə ağlamışdım. Ümumiyyətlə, işğaldan 5 il sonra da buna inana bilmirdim. Bununla belə, inamım çox böyükdür ki, ən yaxın zamanda biz o torpaqlara qayıdacağıq və siz “İmarət” stadionunda mənimlə yanaşı oturub müsahibə alacaqsınız.

- Ağdam işğaldan azad olunandan sonra “Qarabağ”ın “İmarət”də ilk olaraq hansı komandanı qəbul etməsini istərdin?

- Bizim o vaxt bir çox komandalarla oyunlarımız maraqlı, gərgin keçirdi. Amma “Neftçi” ilə oyunlarımız xüsusi prinsipiallıq daşıyırdı. Tale elə gətirdi ki, indi mən özüm də “Neftçi”də məşqçi işləyirəm. “Neftçi” xalqın komandasıdır da. SSRİ vaxtı da hamı bu komandaya azarkeşlik edirdi. “Qarabağ” indi necə, “Neftçi” də onda elə idi. Ona görə də çox istərdim ki, “Qarabağ” işğaldan sonra “İmarət”dəki ilk oyununu “Neftçi”yə qarşı keçirsin.

- Yaxşı mənada ən yadda qalan oyun hansı olub?

- Yaddaqalan oyunlarınız çox olub. Bunların içində 1999-cu ildə İntertoto kubokunda “Makkabi”ni keçib növbəti mərhələyə çıxdığımız oyunu xüsusi fərqləndirərdim.

- Bəs pis mənada?

- “Viləş”lə oyun. 1994-cü ildə Masallıda bu komanda ilə oyunda xal itirməsəydik çempion olacaqdıq. Lakin xal itirdik və “Turan” çempion oldu.



- Çox maraqlıdır, rayon işğal olundu, komanda qaçqın həyatı yaşamağa məcbur oldu, min əzab-əziyyət çəkdiniz, amma komandanız yenə də iddialı oldu..

- Həqiqətən çox əzablı günlərimiz olub. Ağdam işğal olunandan sonra qaldıq yollarda. 2 il Mingəçevirdə qaldıq, sonra Bakıya getdik, ordan da Sumqayıt. Baxmayaraq ki, bu gün “Qarabağ”ın Suraxanıda bazası, stadionu var, amma mənə görə, komanda yenə də bütün oyunlarını səfərdə keçirir. Çox çətiliklər çəkdik. Amma sağ olsun “Qarabağ”ı sevən insalar, imkan vermədilər ki, komanda dağılsın. O vaxtkı icra başçımız Həsən Sarıyev çox dəstək oldu. Ondan başqa, Aqil Abbas, “Əmrahbank”ın rəhbəri Yunis İldırımzadə, Adil Nadirov, Elbrus Abbasov. Bax, bu insanların sayəsində “Qarabağ” qaçqınlıqdan sonrakı illərdə də iddiasını itirmədi. Ona görə də mən həmin insanların qarşısında baş əyirəm. 2001-ci ildən də komandanı “Azərsun” şirkəti, Abdulbari Gözəl himayəsinə götürdü və bu günə kimi də yaşadırlar. Bunun üçün onlara da öz təşəkkürümü bildirirəm.

- Qaçqınçılıq həyatının “Qarabağ”a vurduğu ən böyük zərbə hansı oldu?

- Qaçqınçılıq dövrü olmasaydı “Qarabağ” 10 il ard-arda çempion olardı. Çünki çox güclü heyətimiz var idi. Uşaqların da hamısının yaşı 24-25-26 idi. Yəni futbol oynamaq üçün ən ideal dövr idi.  Amma heyf ki, qaçqınlıq həyatı buna imkan vermədi.

- Qaçqınlıq həyatı maddi durumuuza necə təsir elədi?

- Biz “Qarabağ”ı pula görə sevməmişik. “Qarabağ” bizim üçün tamam başqa dünya idi. Ən ağır vaxtlarında belə, o komandanı atmamışam. Baxmayaraq ki, digər iddialı klublardan çox sərfəli təkliflər almışdım. Pula da çox ehtiyacımız olub. Məsələn, o vaxt atamgil Ağcabədidə yaşayırdı. İnanın Allaha, elə vaxt olurdu cibimdə 3 “şirvan” olmurdu ki, onların yanına gedim. Zəng eləyirdim ki, pulum yoxdu, pul göndərin gəlim yanınıza. Bütün bunlara baxmayaraq, “Qarabağ”ı atıb getmək ağlımdan belə keçmirdi.  Qarşıma 5 ev və 5 maşın da qoysaydılar, yenə “Qarabağ”dan getməzdim. Ona görə sona kimi “Qarabağ”da oynadım ki, karyeramı Ağdamda bitirmək istəyirdim. Amma qismət olmadı.

- Müharibə dövründə baş verən hansı hadisə yaddaşında dərin iz buraxdı?

- Bir dəfə gecə xəbər gəldi ki, Fred Asifin dəstəsi şiddətli döyüşə girib. Həmin gecə bir kəndi ermənilərdən azad eləmişdilər. Səhəri biz də ora getdik. Xeyli yaralı var idi və onları daşıyıb xəstəxanaya aparmaq lazım idi. Kəndə gedəcək təcili yardım maşınına birinci mən yaxınlaşdım və qapını açdım. Dalınca hamı başladı minməyə. Düşündüm ki, eybi yox axırda minərəm. Amma elə oldu ki, axırda mənə yer olmadı. Məcbur olub yerə düşdüm və orda qalası oldum. Həmin maşın bizdən aralanıb kəndə doğru hərəkət etdi. Bir qədər gedəndən sonra dəhşətli partlayış eşidildi. Həmin maşın kəndə gedən yolda ermənilərin qurduğu minaya düşmüşdü. Sürücü ağır yaralandı. Qalan hamı dünyasını dəyişdi. Onda başa düşdüm ki, qismətimdə yaşamaq var imiş.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı