“Qürur hissi keçirirəm” – Radik İsayev

“Qürur hissi keçirirəm” – Radik İsayev
OLİMPİYA-2016 21 Avqust 2016 / 09:42 8173
-  A +

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırıb.

- Azərbaycana ilk qızıl medalı qazandırdınız. Olimpiya çempionu kimi hansı hissləri keçirirsiniz?

- Hələ olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Çünki hazırda ayağımda ağrılar hiss edirəm. İlk döyüşdən bəri ağrıyır. Elə o vaxtdan bu cür çıxış edirdim.

- Hər bir idmançı görüşə olimpiya çempionluğu hədəfi ilə çıxır...

- Xeyr, mən belə düşünmürdüm. Döyüşə çıxıram və Allahın köməyinə arxalanır, çalışıram. Nəticə isə vəziyyətdən asılı olaraq gəlir. Əvvəlcədən deyə bilmərəm ki, gedib olimpiya çempionu olacağam.

- Rəqiblərini öyrənərkən, hisslərin nəyi deyirdi?

- Heç nə hiss etmirdim. Sadəcə, hazırlaşırdım. Rəqiblərimin hamısını tanıyırdım. Onları öyrənməyə yüklənməmişdim. Bu gün sən, sabah o qalib gələ bilər. Hər şey Allahın əlindədir.

- Qələbəni kimə həsr edirsiniz?

- Valideynlərim ilk azarkeşlərimdir. Atam rəhmətə gedib, anam sağdır. Qələbəni həsr edirəm. Anam medallarımı bir otağa toplayır. Əsas yarışlardan əldə etdiyim medallar onun şəxsi kolleksiyasındadır.

- Azərbaycan himni səslənəndə, bayraq ucalanda, azarkeşlər "Radik" qışqıranda içindən hansı hisslər gəlir?

- Sadəcə, qəlbən qürur hissi keçirirsən. Bilmirəm, bunlar izaholunmaz hisslərdir. Bütün mərhələləri keçərək, fəxri kürsüyə qalxmaq və o hissləri keçirmək lazımdır. Necə izah edim?

- Demək olar ki, olimpiadanın son günündə qızıl medal qazandınız...

- Bəli, nöqtəni qoydum. Amma bu, hələ son deyil. İnanıram ki, Lorenso Sotomayor da çempion olar. Mən isə qızıl medal barədə düşünmürdüm. İlk növbədə, medalsız qayıtmamağı düşünürdüm. Amma finala çıxdım, qızıl medal qazandım və Azərbaycan himnini səsləndirdim.

- Finalda rəqibin güclü idi. Onu nəyin sayəsində yendiniz?

- Baş məşqçinin tapşırıqlarını yerinə yetirdim. Döyüş vaxtı da zaldakı qışqırıqları yox, yalnız onun dediklərini eşidirdim(Sportnet.az).


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı